Bizi sosial şəbəkələrdən izləyin:
“1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyinin bərpasını həm qurucu babalarımıza atılan bu qurşunlara, həm də 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyan bolşevik Rusiyasına verilən cavab hesab etmək olar...”
“Bəli, təəssüf ki, 1920-cu il iyunun 19-da Fətəli Xan Xoyski öz həyatını Azərbaycanın müstəqilliyi uğrunda fəda etdi – iki erməni daşnakı tərəfindən Tiflisdə şəhid edildi. Təbii ki, artıq Azərbaycan Rusiya işğalı altında olduğundan və daxildə istiqlal mübarizlərinin çoxu qətl və həbslərə məruz qaldığından, xaricdəkiilərin buna gücü, imkanı çatmadığından Xoyskinin qatillərinin cəzalandırılması üçün real tədbir görülə bilməzdi. Amma əslində onun qətlini icra edən daşnaklar olsa da, həmin qətlin təşkilatçısı və sifarişçisi bolşevik Rusiyası idi. Bu baxımdan biz yalnız icraçıları deyil, həm də onlardan öncə bu cinayətin sifarişçiləri və siyasi təşkilatçıları olan bolşevik Rusiyasını da ittiham etməliyik. Ona görə də 1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyinin bərpasını həm qurucu babalarımıza atılan bu qurşunlara, həm də 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyan bolşevik Rusiyasına verilən cavab hesab etmək olar.”
Tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz bu fikirləri Moderator.az əməkdaşının “Fətəli Xan Xoyskinin qatilləri olan daşnakların konkret olaraq adları müəyyən edilib. Bəs onların cəzalandırılması istiqamətində sonradan Azərbaycanın daxildə və xaricdəki təşkilatları tərəfindən hansısa addımlar atılıbmı?” sualını cavablandırarkən ifadə edib.
“Azərbaycan xalqı Azərbaycanın istiqlalı uğrunda mübarizə aparıb canlarını fəda edərək ilk demokratik müstəqil dövlətimizi qurmuş və qısa müddətdə, Rəsulzadənin sözləri ilə desək, azadlıq və istiqlal dadını insanlarımıza dadızdırmış qurucu babalarımızı daim yaşatmışdır, bu gün də yaşadır və yaşadacaq. Və müstəqil Azərbaycan dövləti yaşadıqca, bu insanların xatirəsi əziz tutulması daha da aktuallaşır. Çünki o şəxsiyytlərin əsas məqsədi Azərbaycanın müstəqilliyi idi. Hər dəfə müstəqilliyimizə təhlükə yarananda biz qurucu babalarımızı bir daha xatırlayırıq. Odur ki, qurucu babalarımızın yubileylərinin, o cümlədən də Cümhuriyyət hökumətinin vaxtlı-vaxtında 70, 80, 90, 100 və s. ildönümlərinin qeyd ediıməsi ilə bağlı verilən fərmanları alqışlayır və bunu doğru hesab edirik. Həmçinin bu günlərdə Cümhuriyyətimizin ilk hökumət başçısı Fətəli Xan Xoyskinin 150 illiyinin geniş şəkildə qeyd edilməsi haqdakı fərmanı da məmnuniyyətlə qarşılayırıq. Hazırkı dövrdə, xüsusilə dünyanın yenidən bölüşdürülməsi uğrunda çox gərgin bir zamanda insanlarımızın, xüsusən də gənclərimizin vətənpərvərlik ruhunun gücləndirilməsində və bu mübarizə ruhunun gələcək nəsillərə çatdırılmasında bu işlər böyük əhəmiyyət kəsb edir.”
Sultan Laçın