Bizi sosial şəbəkələrdən izləyin:
Şimali Amerikada dağıdıcı nəticələrə səbəb ola biləcək güclü zəlzələlərin zəncirvari reaksiyası riski var. Yeni araşdırma qitənin iki ən böyük seysmik zonası - Kaskadiya və San Andreas qırılmaları arasında mümkün əlaqəyə işarə edir.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Oreqon universitetinin professoru Kris Qoldfinger qeyd edib ki, Sakit okean sahillərində baş verən güclü bir zəlzələ digərini - bu dəfə Kaliforniyada baş verə biləcək zəlzələni oyada bilər. O, qeyd edib ki, Kaskadiya zonasında baş verən zəlzələ Şimali Amerika tarixində potensial olaraq ən dağıdıcı hesab olunur və San- Andreas qırılması eyni vaxtda aktivləşərsə, nəticələri fəlakətli ola bilər.
Seysmoloqlar izah edirlər ki, Kaskadiya subduksiya zonası Kanadanın Vankuver adasından Kaliforniyanın şimalına qədər uzanır. Burada okean Xuan-de-Fuka plitəsi kontinental Şimali Amerika plitəsinin altına enir və Yer qabığında böyük gərginliklər yaradır. Mütəxəssislər hesab edirlər ki, bu xüsusi ərazi bir sıra kataklizmlərə səbəb ola biləcək dağıdıcı proseslərin episentrinə çevrilə bilər.
Qoldfingerin tədqiqatı hələ 1999-cu ildə toplanmış məlumatlara əsaslanır. O zaman onun komandas ıdəniz dibində iki ardıcıl zəlzələ nəticəsində yarana biləcək sualtı sürüşmə izlərini aşkar etmişdi - əvvəlcə Kaskadiyada, sonra isə San-Andreasda. Dəniz dibinin çöküntülərinin təhlili göstərib ki, son 2500 il ərzində hər iki zonada ən güclü təkanlar çox vaxt demək olar ki, eyni vaxtda baş verib.
Ancaq bütün elm adamları bu fərziyyəni bölüşmürlər. Kaliforniya Texnologiya İnstitutunun seysmoloqu Lüci Cons bu cür qanunauyğunluqların statistik təsdiqinin zəruriliyini vurğulayaraq, qırılmalar arasında birbaşa əlaqə haqqında nəticə çıxarmağın tez olduğunu bildirib. Bununla belə, o, etiraf edib ki, bir bölgədə baş verən güclü zəlzələ, həqiqətən də, qonşu regionda seysmik fəaliyyətə təsir göstərə bilər.
S.Laçın