Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 17-nə keçən gecə pilotsuz təyyarələr Rusiyanın kurort şəhəri Soçiyə hücum edib. Rəsmilər raket hücumu barədə də məlumat veriblər. Turistlərin yerli otellərdən evakuasiyaya başladığı Adler və Siriusda da partlayışlar baş verib. Rəsmilər sakinləri və qonaqları pəncərəsiz qapalı yerlərdə qalmağa, sahil zolağına yaxın yaşayanlara isə heç bir halda evdən bayıra çıxmamağa çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın “Astra” nəşri yerli rəsmilərin açıqlamalarına istinadla məlumat yayıb.
"Fokus" nəşri əlavə edir:
"Soçidə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Pilotsuz uçuş aparatlarının (PUA) hücumu dəf edilir. Bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib", - şəhər meri bildirib.
Bundan əvvəl, saat 03:00(Bakı-04:00) radələrində yerli telegram- kanalları "Rosaviasiya"nın pilotsuz təyyarə təhlükəsi səbəbindən Soçi hava limanında fəaliyyətini məhdudlaşdırdığını bildirib.
İnternetdə Soçi küçələrində həyəcan siqnallarının səsləndiyini və səmada Rusiya hava hücumundan müdafiə qüvvələrinin işinin göründüyünü əks etdirən görüntülər yayılıb.
Səhər saat 05:00(Bakı- 06:00) radələrində Rusiya mətbuatı Soçidə yerli otellərdən turistlərin təxliyə edildiyini bildirib. Onlar yeraltı dayanacaqlara köçürülür və zirzəmilərə endirilir.
Rusiya mətbuatı yerli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Soçidə raket hücumunu da dəf edir.