Səbail Rayon Məhkəməsindən Ramiz Mehdiyevin həbsi haqda gözlənilməz cavab gəldi: “Bizdə bu barədə məlumat yoxdur...”
Ekskluziv
1936
12:32, Bu gün

Səbail Rayon Məhkəməsindən Ramiz Mehdiyevin həbsi haqda gözlənilməz cavab gəldi: “Bizdə bu barədə məlumat yoxdur...”

“Azərbaycan Respublikasının Vahid Məhkəmə portalı vasitəsilə həmin məhkəmə qurumuna aid bölməyə çətinliklə daxil olsaq da, orada da ümumiyyətlə, son həbslər, məhkəmə işləri, o cümlədən Ramiz Mehdiyevin həbsi barədə heç bir informasiyaya rast gəlmədik...”
 
Oktyabrın 14-ü axşam saatlarından bəri ölkədə əksər aparıcı media saytları və dövlət telekanallarının yaydığı xəbərlərdən bəlli olduğu kimi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə qərar qəbul edib. Məlumata görə, verilən məhkəmə qərarına əsasən Ramiz Ənvər oğlu Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. 
 
Az öncə sabiq baş prokuror Əli Ömərov Moderator.az-ın bu mövzuda sualına cavab olaraq PA-nın keçmiş rəhbərinin həbsi barədə heç bir rəsmi orqanın rəsmi məlumatı yayılmadığı üçün məsələyə münasibət bildirə bilməyəcəyini açıqladı.
 
Sözügedən məlumatı dəqiqləşdirmək üçün Səbail Rayon Məhkəməsinin rəsmi saytına daxil olmağa çalışdıq. Azərbaycan Respublikasının Vahid Məhkəmə portalı vasitəsilə həmin məhkəmə qurumuna aid bölməyə çətinliklə daxil olsaq da, orada ümumiyyətlə, son həbslər, məhkəmə işləri, o cümlədən Ramiz Mehdiyevin həbsi barədə heç bir informasiyaya rast gəlmədik.
 
Səbail Rayon Məhkəməsinə aid eyni bölmədə əldə etdiyimiz (012) 491 21 81 telefon nömrəsinə zəng etdik. Ümumi şöbənin əməkdaşı olduğunu, lakin ad-soyadını açıqlamayan bir xanım məhkəmədə Ramiz Mehdiyevin həbsi barədə heç bir məlumat olmadığını bildirdi(audio-yazı qeydə alınıb). 

Onu da əlavə edək ki, az öncə Gununsesi.info-nun yaydığı məlumata görə, bir sıra ağır cinayətlərdə ittiham olunan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hüquqlarını müdafiə edən vəkilin kimliyi bəlli olub. Bu, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyevdir.

Məlumatda deylir ki, Zaur Abıyev DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edib. Bildirilib ki, Ramiz Mehdiyev hüquqlarını qorumaq üçün müstəqil şəkildə vəkil tutmayıb. 

S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər