Bizi sosial şəbəkələrdən izləyin:
“Ukraynanın müharibə zamanı dağıdılmış İrpen kimi şəhərlərində olduğu kimi, yəqin ki, Azərbaycan Qəzzada da məktəblər və xəstəxanalar tikəcək...”
“Yaxın Şərqdə sülhün davamlı olması, əlbəttə, bir çoxlarının arzusudur. Misirdə əldə olunan 20 maddəlik atəşkəs sazişi çox önəmlidir. Əsas odur ki, artıq iki illik qırğınlardan sonra atəşkəs əldə olunub. Hazırda əsirlərin dəyişdirilməsi də müsbət haldır. İndi quruculuq işlərinə başlamaq lazımdır. Bu da çox vaxt alacaq. Bunun üçün əsasən maliyyə donorları tapılmalıdır, çünki infrastrukturun bərpası üçün böyük maliyyə vəsaiti tələb olunur. Nəhəng tikinti işləri görülməlidir. Lakin bütün hallarda atəşkəsin əldə olunması və əsir dəyişdirilməsi müsbət nəticələrdir”.
Bunu Moderator.az-a açıqlamasında Misirdə Qəzzada sülh bağlı son beynəlxalq sammitdə imzalanmış Sülh sazişinin davamlılığı haqda danışan politoloq Elxan Şahinoğlu söyləyib.
Politoloq vurğulayıb ki, Yaxın Şərqdə başlana slüh prosesinə Azərbaycan da öz xüsusi töhfəsini verəcək.
“Azərbaycan da əlini bu Qəzza daşının altına qoyacaq. Prezident İlham Əliyevin Şarm əş-Şeyxdəki tədbirə dəvət olunması təsadüfi deyildi və bu, Azərbaycanın Yaxın Şərqdə artan rolundan xəbər verir. Və böyük ehtimalla ölkəmiz də Qəzzaya humanitar yardım göndərəcək. Həmçinin Əgər Qəzzada beynəlxalq sülhməramlı kontingent yaradılarsa, çox güman ki, Kosovo, İraq və Əfqanıstanda olduğu kimi, Azərbaycan hərbçiləri orada da iştirak edəcək. Bu da Azərbaycanın beynəlxalq missiyalarla bağlı təcrübəsini göstərir.
Üstəlik, Ukraynanın müharibə zamanı dağıdılmış İrpen kimi şəhərlərində olduğu kimi, yəqin ki, Azərbaycan Qəzzada da məktəblər və xəstəxanalar tikəcək. Bu layihələrdə Azərbaycanın iştirakı ölkəmizin humanitar missiyasını daha da genişləndirə bilər”, -deyə Elxan Şahinoğlu nəzərə çatdırıb.
S. Laçın