Ekskluziv
831
10:50, Bu gün

"Necə oldu ki, atası Rusiya imperiyasının generalı olan gəncin qəlbi  müstəqillik ideyasının daşıyıcısına çevrildi?..”

“Bütövlükdə Çar Rusiyası Azərbaycan xalqının genefondunu dəyişmək üçün müxtəlif üsullardan istifadə edirdi. Kölə xislətli yeni bəy təbəqəsi yaradır, özünə sədaqətli adamları irəli çəkirdi. Lakin...”
 
“Doğrudan da çox maraqlı, düşündürücü sualdır. Özü də Fətəlinin digər qohumları arasında da Rusiya imperiyasının generalları rütbəsinədək yüksələnlər olub.  Bilirsiz, bütövlükdə Çar Rusiyası Azərbaycan xalqının genefondunu dəyişmək üçün müxtəlif üsullardan istifadə edirdi. Kölə xislətli yeni bəy təbəqəsi yaradır, özünə sədaqətli adamları irəli çəkirdi. Lakin çox maraqlıdır ki, imperiyaya sədaqətlə qulluq edən adamlardan fərqli olaraq, onların övladları təhsil aldıqdan və dünyada baş verən prosesləri yaxşı dərk etdikdən sonra elə həmin Rusiya imperiyasına qarşı çıxırdılar. Buna misal kimi XIX əsrin 70-ci illərində Rusiyanın özündə və Avropada təhsil alıb qayıdan müxtəlif millətlərdən olan gəncləri buna misal göstərə bilərik ki, azərbaycanlılar arasında da belələri çox olub. Onlardan biri də şübhəsiz ki, Fətəli Xan Xoyski olmuşdu.”
 
Tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz bu fikirləri Moderator.az-ın “Necə oldu ki, atası Rusiya imperiyasının general-leytenantı olan, özü Azərbaycan türkcəsində çətinliklə danışan 20-30 yaşlı Fətəlinin qəlbi  Azərbaycanın müstəqilliyi ideyasının daşıyıcısına çevrildi?” sualını cavablandırarkən ifadə edib.
 
“Amma birmənalı deyə bilərik ki, Rusiya dövləti  onun əsil mahiyyətini dərk edən belə azad düşüncəli adamlara sona qədər öz bilik, bacarıq və qabiliyyətlərinə uyğun yüksək vəzifə tutmağa imkan və icazə verməmişdi, bir sözlə, qadağa qoymuşdu. Belə bir mühitdə yaşayıb, oxuyub inkişaf edən gənc Fətəli Xan Xoyski 1905-ci ildə Rusiyada baş verən inqilabdan sonra Əlimərdan bəy Topçubaşi ilə bərabər Azərbaycanda formalaşan Milli Azadlıq Hərəkatındakı çox əhəmiyyətli cərəyanlardan biri - millətçi-liberal cərəyanının ən fəal iştirakçısı kimi meydana çıxdı. Və onun Çar Rusiyasının siyasətindən narazılığını biz II Dövlət Dumasında deputat kimi iştirak edərkən həm müsəlman fraksiyasının iclaslarında, həm də elə Dumanın tribunasından etdiyi çıxışlardan aydın görürük. Məsələn, Xoyski müsəlmanlara qarşı tətbiq edilən ayrı-seçkiliyin aradan qaldırılması, köçürmə siyasətinin dayandırılmasıyla bərabər, milli və dini mənsubiyyətlərinə görə müsəlmanların  Rusiyanın bir sıra şəhərlərində yaşamasına qadağa qoyulmasının yolverilməzliyi, onların yüksək dövlət orqanlarında işləməsinə icazə verilməməsi və s. kimi halları tənqid edən çıxışlar edirdi. Əlimərdan bəy kimi Fətəli Xan da bu cür fəaliyyətinə görə ayrı-seçkiliyə məruz qalırdı. Tiflisdə gimnaziyada mükəmməl orta təhsil alaraq Moskva Dövlət Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə bitirməsinə rəğmən onun ən yaxşı halda məhkəməlrədə andlı iclasçı, yaxud hakim köməkçisi vəzifələrindən yuxarı qalxmasına imkan verilmirdi. Onun milli mövqedə dayanan bir ziyalıya çevrilməsinə səbəblərdən biri ruhundakı sərbəstlik, azadlıq duyğusu idisə, digər səbəb də məhz Rusiya imperiyası tərəfindən bu cür ayrı-seçkiliklərə məruz qalması idi”, -deyə davamında tarixçi alim diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər