ATƏT rəhbəri Gürcüstandakı etiraz aksiyasına qatıldı:
Ekskluziv
422
08:32, Bu gün

ATƏT rəhbəri Gürcüstandakı etiraz aksiyasına qatıldı: "Onların demokratiya, söz azadlığı və fundamental insan haqları hüququ var..."-FOTO

ATƏT-in nümayəndə heyəti Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyasında iştirak edib.
 
Moderator.az xəbər verir ki, "Kavkazsskiy uzel" nəşrinin məlumatına görə, oktyabrın 13-də, davamlı etirazların 320-ci günündə Tbilisidə etirazçılar Gürcüstanın SSRİ-dən ayrılması uğrunda hərəkatın liderlərindən biri Merab Kostavanın xatirəsini ehtiramla yad ediblər. Müxalifət həmçinin oktyabrın 26-da, etirazçıların nəticələrini tanımadığı parlament seçkilərinin ildönümü ilə bağlı kütləvi etiraz yürüşü elan edib.
 
Rustaveli prospektində keçirilən gündəlik etiraz aksiyasının iştirakçıları dünən- oktyabrın 14-də axşam saatlarında Gürcüstan parlamentinin qarşısındakı yolu yenidən bağlayıblar. Yerli "Publika" nəşri xəbər verir ki, bu, yeni parlament seçkilərinin keçirilməsi və bütün siyasi məhbusların azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasının 321-ci günü olub.
 
Rustaveli prospektində keçirilən etiraz aksiyasına ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenin rəhbərlik etdiyi ATƏT nümayəndə heyətinin üzvləri qatılıb.  Bundan əvvəl ATƏT sədri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Xanım Valtonen etirazçılarla danışıb. 
 
"İnterpressnews" xəbər verir ki, fəalların sözlərinə görə, onlar Valtonenlə etirazlarının məzmununu və planlarını müzakirə ediblər.
 
Valtonen etirazçılarla danışdıqdan sonra sosial mediada paylaşdığı paylaşımla onları dəstəkləyib. 
 
"Dinc nümayişçilər ölkələrinin repressiv kursundan narahat olduqlarını bildirmək üçün Tbilisidə parlament binasının qarşısına toplaşıblar. Onların demokratiya, söz azadlığı və fundamental insan haqları hüququ var. Biz onları dəstəkləmək üçün buradayıq", - deyə ATƏT rəhbəri "X" səhifəsində yazıb.
 
Xatırladılır ki, Gürcüstanda etirazçılar 2024-cü il noyabrın 28-dən bəri gündəlik olaraq yeni parlament seçkilərinin keçirilməsini və siyasi məhbusların azad edilməsini tələb edirlər. Təhlükəsizlik qüvvələri aksiyaları zorakılıqla dağıdıb, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, etirazçıları saxlayıb. Etirazlarda mindən çox insan inzibati məsuliyyətə cəlb edilib. 
 
Oktyabrın 4-də Gürcüstanın bütün bələdiyyələrində bələdiyyə seçkiləri keçirilib. Hakim “Gürcü Arzusu” partiyasının namizədləri seçkilərin keçirildiyi 64 şəhərdən 26-da guya100% səs toplayaraq mer seçiliblər. Bu seçkilər Gürcüstanda gələcək illər üçün siyasi balansı müəyyən edir. Ölkədə növbəti genişmiqyaslı seçkilər 2028-ci ilə təyin edilib və bu səsvermə həm iqtidar, həm də müxalifət üçün mühüm əhəmiyyət kəsb edir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər