“Ukrayna savaşının hələ 2030-cu ilədək davam edəcəyi ehtimalı var...” –Sərdar Cəlaloğlu
Ekskluziv
566
16:46, Bu gün

“Ukrayna savaşının hələ 2030-cu ilədək davam edəcəyi ehtimalı var...” –Sərdar Cəlaloğlu

“Belə yanaşmanın məqsədi həm Rusiyanı, həm də Ukraynanı iqtisadi və hərbi baxımdan tükəndirməkdir. Ukrayna maksimum tükənəcəyi təqdirdə Avropa Birliyindəki Fransa, Almaniya kimi güclü ölkələrə tabe olacaq.  Rusiya tükənəcəyi təqdirdə isə Yeni Dünya düzənində səs hüququ olmayacaq...”
 
“Son təhlillərdən belə nəticəyə gəlmək olur ki, Ukrayna savaşı hələ uzun müddət davam edəcək. Burada iki əsas taktika görünür. Birincisi, Rusiya çalışır ki, birbaşa Ukrayna ilə deyil, daha çox Qərb və ABŞ ilə danışıqlar vasitəsilə sülhə nail olsun. Və nəticədə Avropa və Amerikadan böyük təəhhüdlər alsın. Yəni onların Moskva qarşısında müəyyən öhdəliklər götürməsinə nail olsun.  Çünki Kremldə bilirlər ki, Ukrayna ilə birbaşa tərəf müqabili olacağı təqdirdə Rusiya bir dövlət kimi son 3 ildən çox müddətdə verdiyi itkilərin müqabilində heç bir şey əldə edə bilməyəcək. Ona görə də Moskva Qərbi, Avropa ölkələrini qıcıqlandırmağa çalışır. Gah müxtəlif NATO ərazilərinə dronlar, yaxud qırıcı təyyarələr uçurdur, gah deyir ki, nüvə silahından istifadə edəcəyəm. Sonra da Avropanı, NATO-nu Rusiyaya qarşı savaş aparmaqda günahlandırır.  Burada Putinin məqsədi odur ki, dünyaya desin ki, mən Amerika və NATO ilə, Avropa ilə müharibə apardığıma görə sülh danışıqlarını da onlarla aparacağam və nəticədə ABŞ və Avropadan Rusiyaya lazım olan şərtlər irəli sürüləcək”.
 
Moderator.az-a Rusiya-Ukrayna savaşı barədə açıqlamasında bu fikirləri səsləndirən ADP sədri, politoloq Sərdar Cəlaloğlu hesab edir ki, ikinci taktika təcavüzə məruz qalan Ukraynaya aiddir.
 
“İkinci taktika Ukraynaya məxsusdur. O çalışır ki, Rusiyaya qarşı müharibədə mümkün qədər Qərbin və ABŞ-ın potensialından istifadə etsin, Avropaya inteqrasiyasını sürətləndirsin və dövlət olaraq güclənsin. Bunları nəzərə alaraq belə düşünürəm ki, bu münaqişənin həlli  Rusiya–Ukrayna formatından daha çox ABŞ–Rusiya–Avropa Birliyi səviyyəsində aparılacaq danışıqlardan asılı olacaq. Düzdü,  ABŞ  istəyir ki, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar aparılsın, özü isə  vasitəçi olsun.  Rusiya isə əksinə, ABŞ-la birbaşa razılaşma əldə etməyi üstün tutur”, -deyə davamında partiya sədri bildirib.
 
S. Cəlaloğlunun fikrincə, əgər Rusiya məqsədyönlü və bacarıqlı siyasət yürüdərsə, yaxın vaxtlarda Avropa və ABŞ-la tərəf müqabili olacaq və danışıqlar başlanacaqdır. 
 
“Amma bir daha deyirəm, bu münaqişənin həlli həddən artıq uzun çəkəcək. Məsələn,  hətta baxırıq ki, ABŞ Senatında 2027-2030-cu illərdə Rusiya-Ukrayna müharibəsi haqda fikirlər səslənir, pul ayrılması haqda layihələr təklif edilir. Deməli, bu münaqişənin azı, 2030-cu ilədək davam etdirilməsi ehtimalı var.  Belə yanaşmanın məqsədi həm Rusiyanı, həm də Ukraynanı iqtisadi və hərbi baxımdan tükəndirməkdir. Ukrayna maksimum tükənəcəyi təqdirdə Avropa Birliyindəki Fransa, Almaniya kimi güclü ölkələrə tabe olacaq.  Rusiya tükənəcəyi təqdirdə isə Yeni Dünya düzənində səs hüququ olmayacaq. Ona görə də bütövlükdə  Qərb hər iki dövləti öz maraqları baxımından tükəndirir. Qlobal baxımdan Rusiyanı, regional- kontinental baxımından isə Ukraynanı... Odur ki, bu müharibədə həm Ukraynanın, həm Rusiyanın uduzması Qərbin maraqlarına tam cavab verir. Bu maraqlar da müharibənin uzadılmasını tələb edir. Çünki bu iki dövləti eyni vaxtda zəiflətmək yalnız müharibədən asılıdır”, - deyə politoloq vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər