“Osmanlı ordusu ilə birgə müzakirələr aparan Fətəli Xan Xoyski və Azərbaycan hökuməti əhalini səfərbər edərək çox mühüm addımlar atdılar. Azərbaycan Ordusunun yaradılması, səfərbərlik elan edilməsi və adamların orduya cəlb olunması bu addımlardan yalnız bir neçəsidir...”
-Fətəli Xan Xoyski 1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin iclasında artıq Seymin dağılacağına dair məlumat almışdı və Seymin müsəlman fraksiyasının üzvləri də ona bildirmişdilər ki, may ayının 26-dakı iclasda gürcülər Seymdən çıxacaqlar. Buna görə də Seymin müsəlman fraksiyasının üzvləri Fətəli Xan Xoyskiyə gürcülərlə görüşüb vəziyyəti aydınlaşdırmağı təklif etdilər. Yəni əgər doğrudan da mayın 26-dakı iclasda gürcülər Seymdən çıxacaqlarsa, müsəlmanlar da buna müvafiq qərar qəbul etməliydilər. Beləliklə, Xoyski Seymin gürcü fraksiyasının Çixenkeli, Çixeidze, Şireteli, Qvazava və digər rəhbərləri ilə ilə görüşdü və məlum oldu ki, həqiqətən də gürcülər mayın 26-da Seymdən çıxmağa qərar veriblər. O, geri dönüb bu barədə məlumat verdikdən sonra müsəlman fraksiyasının nə etməli olduğu müzakirə edildi. Təbii ki, mayın 27-də Seymin iclasının keçirilməsində və mayın 28-də Azərbaycan İstiqlal Bəyannaməsinin qəbul olunmasında, yeni hökumət kabinetinin yaradılmasında da Fətəli Xan Xoyskinin müstəsna xidməti olub. O bu məsələlərlə bağlı o dövrdə Batumda olan Məhəmməd Əmin Rəsulzadə ilə mütəmadi əlaqə saxlayıb müzakirələr aparırdı. Məhz Rəsulzadənin təklifi ilə Cümhuriyyət hökumətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsi Fətəli Xan Xoyskiyə həvalə olundu.”
Bunu Moderator.az-a açıqlamasında “Azərbaycan Demokratik Respublikasının qurulmasını dünyaya radioqramlarla elan etmiş Fətəli xan Xoyskinin müstəqil dövlətimizdəki fəaliyyəti geniş ictimaiyyəti bəlli olmayan daha hansı parlaq xidmətləri ilə yadda qalıb?” sualını cavablandırarkən tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz dilə gətirib.
Davamında tarixçi alim 1918-ci ilin sentyabrında Bakının bolşevik-daşnak birləşmələrindən azad olunması işində F.Xoyslinin xidmətlərindən də bəhs edib:
“Xoyski qısa müddətdə Tiflisdə çox böyük işlər gördü. O, 1918-ci ilin mayın 30-da müxtəlif ölkələrin dövlət başçılarına radioqramlar göndərərək Zaqafqaziyanın cənub və şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında məlumat verdi,. Radioqramlarda qeyd olunurdu ki, Bakı müvəqqəti olaraq yadelli işğalçıları tərəfindən zəbt edildiyi üçün Azərbaycan Cümhuriyyətinin müvəqqəti mərkəzi Gəncə olacaq.
1918-ci ilin iyul ayında Azərbaycan hökuməti Gəncəyə köçdükdən sonra Fətəli Xan Xoyskinin bacarığı, diplomatik qabiliyyəti və birləşdiricilik xarizması və dünyagörüşünün olması bu çətin dövrün çox əhəmiyyətli amillərindən biri oldu. Həmin dövrdə Osmanlı ordusuna rəhbərlik edən Nuru Paşa ilə münasibətlərdə müəyyən narazılıqların yaranmışdı. Lakin Məhəmməd Əmin Rəsulzadənin uzaqgörən vasitəçiliyi ilə bu narazılıqlar aradan qaldırıldı və elə onun təklifi ilə 12 nəfərdən ibarət ikinci hökumət quruldu. Bu yeni hökumətin də başçısı olan Fətəli Xan Xoyski həm də ədliyyə naziri vəzifəsini yerinə yetirdi. Xoyskinin əsas ağır vəzifəsi həm hökuməti yenidən təşkil etmək, müvəqqəti idarəetmə strukturlarını formalaşdırmaq, xüsusilə də ölkənin daxilində idarəçilik işlərini bərpa etmək idi. Onun üçün ən mürəkkəb və çətin məsələlərdən biri Bakı şəhərinin xarici işğalçılardan azad edilməsi idi. Bu məsələdə Osmanlı ordusu ilə birgə müzakirələr aparan Fətəli Xan Xoyski və Azərbaycan hökuməti əhalini səfərbər edərək çox mühüm addımlar atdılar. Azərbaycan Ordusunun yaradılması, səfərbərlik elan edilməsi və adamların orduya cəlb olunması bu addımlardan yalnız bir neçəsidir. Eyni zamanda, türk dilinin dövlət dili elan edilməsi və Azərbaycanın yer adlarının geri qaytarılması məsələləri də gündəmdə idi. Çar hökuməti zamanında 5 mindən yuxarı yer adını dəyişdirmişdi. Xüsusən də Yelizavetpol adlandırılmış Gəncə şəhərinin adının qaytarılması, Cəbrayıl bölgəsinin adının qaytarılması və s. mühüm işlər idi...
Qısa müddət ərzində, çox çətin şəraitdə, demək olar ki, hələ dövlət xəzinəsinin tam formalaşmadığı bir durumda Fətəli Xan Xoyski və Azərbaycan hökuməti var qüvvəsi ilə çalışaraq böyük işlər gördü. 1918-ci ilin sentyabrın 15-də Bakının azad edilməsi və hökumətin Bakıya köçməsi ilə Azərbaycan Cümhuriyyəti öz ərazi bütövlüyünü təmin etmək yolunda mühüm addım atdı. Fətəli Xan bu prosesdə böyük əməyi olan şəxslərdən biri idi...”
“Bir qədər sonra Azərbaycan parlamentinin yaradılması ilə bağlı qərar qəbul edildi. Bu parlament Azərbaycanın müxtəlif etnik və dini icmalarını təmsil edən nümayəndələrdən ibarət oldu. Ermənilər, ruslar, yəhudilər, polyaklar və digər millətlərin nümayəndələri də bu parlamentdə təmsil olundu. Eyni zamanda, Azərbaycan hökumətinin üçüncü kabineti qurularkən, bu kabinetin tərkibində də çoxmilli bir yanaşma nəzərə alındı və erməni və rus əsilli şəxslər də hökumətə dəvət edildilər. Lakin həmin dövrdə erməni Milli Şurası hökumətdə iştirak etməkdən imtina etdi. 12 nəfərlik hökumət kabinetində 3 nazir postu rus milli şurasına verildi. Nəticədə xeyli müddətdə Azərbaycan Xalq Cümhuriyyətini dövlət kimi tanımaqdan imtina edən ingilis generalı Tomson da 1919-cu ilin əvvəllərində ingilis siyasi xadimləri ilə birgə Cümhuriyyət hökumətini, Azərbaycanın ərazisində yeganə qanuni hökumət olaraq tanımağa məcbur oldular. Bu işlərdə də Fətəli Xan Xoyskinin də əməyi böyük və danılmaz idi”, - deyə Boran Əziz diqqətə çatdırıb.
Sultan Laçın