Ekskluziv
741
17:07, Bu gün

"Həqiqətlər üzə çıxdıqca onların heykəlləri dağıdılacaq...”

Həqiqətlər üzə çıxdıqca onların heykəlləri dağıdılacaq...”
 
“XX əsrin 20-30-cu illərində Stalinin “Antisovet elementlərinə qarşı mübarizə” əmrini hansı respublikanın rəhbəri yerinə yetirməyə bilərdi? Bir də, kimin cürəti çatardı “NKVD”-nin qərarını yerinə yetirməsin?..”
 
“Ermənilərin qarşısına qılıncla çıxan, Azərbaycanın Qazaxıstana köçürülməsinin qarşısını alan şəxsiyyət necə Azərbaycanın xalq düşməni ola bilər?..”
Yerli və beynəlxalq hadisə və proseslərə çoxlarından fərqli yanaşan və Moderator.az-da mütəmadi olaraq müxtəlif mövzularda yazı və açıqlamaları təqdim olunan siyasi analitik Tahir Cəfərli Azərbaycanın tarixi ilə bağlı əksəriyyət üçün ziddiyyətli hesab ediləcək “Sovetlərdən qalma arxivlərə inanmayın” adlı növbəti yazısını təqdim edib. Yazıda Azərbaycanda azad, demokratik düşüncəli əksər vətəndaşların Moskvaya, SSRİ-Rusiya imperiyasına xidmət edərək ötən əsrin 20-50-ci illərində xalqımıza qarşı dəhşətli repressiyaların başında durmuş keçmiş Azərbaycan SSR rəhbəri Mir Cəfər Bağırovun əslində vətənimiz qarşısında müsbət xidmətlər göstərdiyi iddia edilir. Müəllif hələlik bu iddianı təsdiq edən heç bir konkret arxiv sənədi göstərməsə də, həmin məlumatları 1989-1991-ci illərdə əsasən Moskvada Kremlin yaxınlığındakı “Rusiyanın tarixi” muzeyinin və SSRİ Xalq Daxili İşlər Komissarlığının(“NKVD”) arxivlərindən əldə etdiyini bildirir. Fəal oxucular yaxşı bilir ki, Moderator.az-da M.C. Bağırovun xalqımıza qarşı repressiyanın bilavasitə rəhbərlərindən və iştirakçılarından biri olması haqdakı əksər yazılar səhifələrinədək göstərilən arxiv sənədlərinə əsaslanıb.
 
Bütün hallarda sözügedən materialı oxucuların, xüsusən də tarixçi, siyasətşünas və müxtəlif yerli və dünya arxivlərində məşğul olan araşdırmaçıların müzakirəsinə buraxırıq:
 
(Əvvəli burada:)
 
"Biz bu günə qədər  Sovet imperiyasının qoyub getdiyi  stereotiplərdən uzaqlaşa bilməmişik. Sanki indi də Kremlin onların qoyduğu yolla gedirik...
 
Elə bir dövlət  mövcud olmayıb ki, orada bu və ya digər dərəcədə ədalətsizlik olmasın. Bununla belə, ədalətsizliyin səbəblərini öyrənsək, görərik ki, imperiya dövrü ədalətsizlik etmiş adamın əslində heç bir günahı yoxdur. Bu, maraqlı faktdır. Özlərinin etdiyi günahları əsarətdə saxladıqları xalqların üstünə atmaq... 
 
 
Məsələn, XX əsrin 20-30-cu illərində Stalinin “Antisovet elementlərinə qarşı mübarizə” əmrini hansı respublikanın rəhbəri yerinə yetirməyə bilərdi? Bir də, kimin cürəti çatardı “NKVD”-nin qərarını yerinə yetirməsin? SSRİ-nin tərkibinı daxil olmuş bütün respublikaların rəhbərlərinə “NKVD”-nin bütün sənədlərinə formal şəkildə qol atdırırdılar ki, gələcəkdə əsas günahkar kimi “NKVD”-ni yox, onları göstərsinlər. “NKVD” qərarlarını yerinə yetirməyən və Azərbaycanın bir çox  ziyalılarını xilas edən də elə Mircəfər Bağırov olmuşdu. Məsələn, Üzeyir bəy Hacıbəyovu repressiyadan məhz o, xilas etmişdi...
“NКVD”-nin 00447 nömrəli qərarını oxuyun, çox maraqlı məqamları tutarsınız.  Onu da qeyd etmək lazımdır ki, həmin qərarı əsas götürüb yüz minlərlə insanı “antisovet elementi” adlandırıb güllələyirdilər. Bütün bunların qarşısını almaq üçün Azərbaycanın birinci katibi aciz idi... Həm də ona görə ki, “NKVD”-nin 00447 nömrəli  operativ əmrinə əməl etməyən partiya və dövlət xadimlərini də antisovet elementi elan edib aradan götürürdülər. 
Bu əmrə əsasən çeçenləri, inquşları, Krım tatarlarını və başqalarını “antisovet elementləri” elan edib Sibirə  deportasiya edirdilər. M.Bağırovun böyüklüyü ondadır ki, o, Azərbaycan xalqını Stalinin və Beriyanın əliylə bu siyahıya salmağa qoymadı... Başqa cür olsaydı, indi Azərbaycanda Azərbaycan qalmamışdı... 
 
“NKVD”-nin materiallarını öyrənsəniz, görərsiniz ki, Azərbaycan ziyalılarına qarşı törədilmiş repressiyaların arxasında dövlət başçısı yox, onların yaxın dostları, həmkarları, əməkdaşları, qələm sahibləri durublar. Repressiya qurbanları  bu murdar  fərdlərin gecə-gündüz “taburetka” və şan-şöhrət uğrunda apardıqları insani yox, heyvani mübarizələrinin nəticəsidir... 
 
Sovet ideologiyasını əsas tutub öz qələm yoldaşlarını qətlə göndərən “Cavid öl! ” kimi şeirlər yazanlar olub.
 Nikita Xruşov  Stalini heç etsə də, onu repressiya etdiyinə görə günahlandırıb, “xalq düşməni” adlandırmadı. Bu ad bir respublikanın Stalin tərəfdarlarına şamil edilmədi. Bəs nə üçün Azərbaycanın başçısına qarşı belə ittiham irəli sürdü və onu güllələtdirdi?.. Burada SSRİ-nin ikinci şəxsi Anastas Mikoyanın da əli olduğunu qeyd etməliyik. 
Onun azərbaycanlıları  Azərbaycandan köçürtmə oyunbazlığına son qoyan da elə M.Bağırov olmuşdu...
 
Əgər M.Bağırov xalqın düşməni idisə, nə üçün bu günə qədər xalqımız onun idarəçiliyi ilə bağlı əfsanəyə bənzər hekayələr danışır. Əsasən yaşlı nəsil... Onun etdiklərindən xəbərdar olanlar... Xalqın yaddaşı dedikdə, əlbəttə ki, biz yaşlı nəslin yaddaşını nəzərdə tutmalıyıq...
 
N.Xruşov  M.Bağırovdan nəslinin qisasını aldı. On minlərlə Azərbaycanlını güllələyən general M.Xruşovun. M.Bağırov bu cəlladı güllələmişdi. Görün bir tarixçi bu haqda danışır və yaxud Xruşovun xalqımıza qarşı etdiklərindən söhbət salır? Çünki düşmənlərimizin əməllərini ört-basdır edirlər... 
 
Çox danışmaq istəmirəm. Qoy hərə öz payını götürsün...
 
İndi keçək  M.Bağırovun məhkəməsi və məhkəmədəki çıxışına... Təsəvvür edirsiniz, bütün günahları öz üzərinə götürən, “məni güllələyin” deyən şəxsiyyətin psixoloji vəziyyətini? Azərbaycan dövlətini saat kimi idarə edən, korrupsiyanın nə olduğunu bilməyən ölkə başçısının çıxışını... Özgələrin günahını öz üzərinə götürən insanın...
 
 
Biz xalqın yaddaşından danışdıq. Xalqın yaddaşı güzgüdür. Hər şeyi olduğu kimi əks etdirir. M. Bağırovla birlikdə işləmiş insanlarının biri də onun xain olduğunu təsdiq etməyib... 
 
Hətta belə danışırdılar ki, M.Bağırovun nitqi  SSRİ “KQB”-si tərəfindən hazırlanmış və onun qarşısına qoyulmuş şərtdir ki, sən belə oxumalısan, əks halda sənin bütün nəslini qıracağıq...
 
Təsəvvür edirsiniz, N. Xruşov siyasi rəqibi olan M.Bağırovu aradan götürdü, onun da üzünə duranlar elə 37-ci ildə öz qələm yoldaşlarını - Azərbaycanın görkəmli ziyalılarını  “anonimka”ları ilə “NKVD”-nin caynağına salanlar oldu...
 
Ermənilərin qarşısına qılıncla çıxan, Azərbaycanın Qazaxıstana köçürülməsinin qarşısını alan şəxsiyyət necə Azərbaycanın xalq düşməni ola bilər?..
 
Biz bu və digər siyasətçinin həyatına və fəaliyyətinə Azərbaycan dövlətçiliyinə göstərdiyi xidmətlər mövqeyindən yanaşmalıyıq. Nə vaxta qədər bizə düşmən olan “İvan”ın özünə düşmən saydığı adamı Vətən xaini adlandıracağıq? 
Axı biz Azərbaycanlıların belə atalar sözü var: Düşmənimin düşməni, mənim dostumdur. Əgər bu  tarixi məntiqdirsə, M.Bağırov Xruşovların düşmənidirsə, məntiqimiz tələb edir ki, biz onu dost sanaq...
 
Biz imperiyanın  caynaqlarından çıxmaq üçün dostumuzun kim, düşmənimizin kim olduğunu bilməliyik.
Azərbaycan imperiyanın qalıqları ilə mübarizə apardıqca, tarixi həqiqətlər üzə çıxır. 
Vaxt gələcək Azərbaycan xalqı öz qələm dostlarını cəllad kötüyünə göndərən şairləri və yazıçıları ziyasız ziyalılar kimi “saray şairləri” və “imperiya nökərləri”  adlandıracaq.  Həqiqətlər üzə çıxdıqca onların heykəlləri dağıdılacaq. Musabəyovların, Əzizbəyovların və s. düşmənlərin və xainlərin heykəlləri kimi... Çünki onların yazdıqları Azərbaycanın dövlət müstəqilliyinə və ideologiyasına ziddir...
 
SSRİ imperiyası Azərbaycanın həqiqi dövlət xadimlərinə qarşı apardığı siyasətin mahiyyəti bu ölkəni yaradan, onu qoruyan şəxslərin adını tarix kitablarından silməkdir. Siliblər də... Xalqın yaddaşı  arxivlərdəki kağız-küğuzlardan üstündür...
 
 
Azərbaycanda həmişə qeyri-adi bir mənəviyyat olub-  keçmişə hörmətlə yanaşmaq. Bəs nə üçün biz bunu unutmuşuq?..  Nə üçün Azərbaycanı qoruyub yaşadanlar haqqında ağzının suyu tökülən ziyasız ziyalıların dediklərini təkrar edirik, onlara inanırıq?..
 
Maraqlı bir fakt . Hörmətli prezident İlham Əliyev Bakıda onlarla  körpü tikdirib... Bir-birindən gözəl... Ancaq bir adam o körpülərdən hansınasa demir ki,  İlham Əliyev körpüsü. Nə üçün demir? Axı onun tikdirdiyi körpülər daha çox və yaraşıqlıdır? Lakin M.Bağırovun tikdirmədiyi, daha doğrusu, heç xəbəri olmadığı körpünü xalq onun adına bağlayır.  Sosial psixologiya ilə məşğul olanlar bu fenomeni nə ilə izah edə bilərlər? Cavab birmənalıdır: Azərbaycan xalqı SSRİ imperiyasının M. Bağırovu “vətən xaini” kimi elan etməsinə qarşı olaraq bu üsulla onun adını əbədiləşdirib. Nə qədər Azərbaycan var – “Bağırov körpüsü” deyilən körpü də qalacaq. Məgər  bu xalqımızın keçmiş liderinə olan münasibəti və hörməti deyil?..
 
Özünü tarixçi adlandıranlar, bu şəxsiyyətə  Azərbaycanın suverenliyindən və dövlətçilik mövqeyindən yanaşsanız və SSRİ imperiyasının bu şəxsiyyəti necə “vətən xaini”nə çevirdiyini diqqətlə öyrənsəniz, anlayarsınız ki, Azərbaycanın qüdrətli iqtisadiyyatını yaratmış və onu Avropa ölkələri səviyyəsinə qaldırmış şəxsiyyəti niyə bu hala salıblar?.. 
 
M.Bağırova yanaşma bu səpkidən olmalıdır: 
 
Başqa mövqedən bu şəxsiyyətə yanaşanlara əlbəttə ki, kiminsə tapşırığı ilə, ya da ki, başqa ölkənin tapşırığı ilə yazdığını anlamalıyıq, çünki ağlı başında olan ziyalının heç vaxt dövlətçiliyimizi ermənilərin əlindən alıb qorumuş şəxsiyyəti “vətən xaini” adlandırmaq haqqı yoxdur. Anlamalıyıq ki, Azərbaycanın liderlərini heç etməklə Rusiya imperiyası xalqın gələcəyə olan inamını öldürür,  onu lidersiz qoyur...
 
Biz keçmişimizə hörmətlə yanaşmalıyıq; fransızlar Napoleona, ruslar I Pyotra yanaşdıqları kimi. Bütün dünya bilir ki, Napoleon uduzduqdan sonra Fransa xaraba qalmışdı, I Pyotr isə  Sankt-Peterburqu rusların sümükləri üstündə tikib. Görün onlar bu haqda danışırlar? Əksinə, hər iki dövlət xadimini göylərə qaldırırlar...
 
Hər dövrün öz idarəçilik tələbləri olub. Stalin dövrünün tələbləri isə daha ağır idi. Sadə bir maşını və yaxud dəzgahı hətta ehtiyatsızlıq edərək sındırana  ciddi cəza verirdilər...
 
Hər dövrdə ədalətsizlik olub. Elə bir lider yoxdur ki, bu ədalətsizliyə yol verməsin. Bir şeyi bilməliyik ki, ancaq quruculuq illərində liderlərin vəziyyəti o qədər ağır olur ki, özlərindən asılı olmayaraq  səhv addımlar atırlar, ancaq bu o demək deyil ki, onların müsbət əməllərinin üstündən xətt çəkərək, “vətən xaini” statusunu onlara sırımamalıyıq.
 
(Ardı var)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər