“Pakistan-Əfqanıstan qarşıdurmasından öncə Taliban hökumətinin naziri Moskvada səfərdə idi...”
Ekskluziv
716
09:41, Bu gün

“Pakistan-Əfqanıstan qarşıdurmasından öncə Taliban hökumətinin naziri Moskvada səfərdə idi...”

Siyasi şərhçi bu qarşıdurmanın tarixi və çağdaş səbəblərini açıqladı...
 
“Pakistan və Əfqanıstan yetkililəri peştun problemini çözə bilməsələr, Çinin Hind okeanına çıxışı önündə yeni qlobal hesablaşmalar yaşanacaq...”
 
Xəbər verildiyi kimi, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər. Yaraqlıların dövlət sərhədində törətdiyi təxribat nəticəsində Pakistan ordusunun 21 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb. Pakistanın Müdafiə Nazirliyi qarşı tərəfin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarət təmin olunduğu bildirilib. Nəhayət, oktyabrın 12-i axşam saatarında yayılan məlumata görə, həmin gün Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi jurnalistlərə bildirib ki, Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Pakistanla sərhəddə hərbi əməliyyatlar dayandırılıb. Nazirin sözlərinə görə, qarşıdurma zamanı guya 58 pakistanlı hərbçi öldürülüb. Hökumət sözçüsü Zabihullah Mücahid isə Kabildə keçirdiyi mətbuat konfransında əlavə edib ki, döyüşlərdə yalnız 9 əfqan hərbçisi həlak olub.
 
Bəs görəsən, son Pakistan-Əfqanıstan silahlı qarşıdurması sırf iki ölkə arasındakı problemlərlə bağlıdır, yoxsa, bu da hansısa qlobal güclərin geo-siyasi maraqlarının nəticəsidir?
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz bunları söyləyib:
 
 
“Pakistan-Əfqanıstan gərginliyi özünün kulminasiya nöqtəsinə çatmamışdan əvvəl hazırkı Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi Moskvada səfərdə idi. Maraqlıdır ki, bu səfər başa çatdıqdan sonra Müttəqi İslamabada geri qayııtmadan birbaşa Moskvadan Yeni Dehliyə uçdu. Müttəqinin Hindistan səfərinin 8-10 gün davam edəcəyini və Yeni Dehli ilə çox mühüm müqavilələr bağlayacağı ifadə olunurdu. Təsadüfi deyil ki, Hindistan bu səfər çərçivəsində 2021-ci ildən etibarən bağladığı Əfqanıstan səfirliyini yenidən açacağını rəsmən bəyan etmişdi. Bu fakt Pakistanın əzəli düşməni sayılan Hindistanla Əfqanıstan arasında diplomatik əlaqələrin yenidən başlaması anlamına gəlirdi. İki dövlət arasında yerləşən Pakistan həm şimaldan, həm də cənubdan güclənən geosiyasi basqılara laqeyd qala bilməzdi və İslamabadın reaksiyası özünü çox gözlətmədi. Əfqanıstana sığınan Pakistan Talıbanının sərhəddəki qüvvələrinə hücum etdiyini və mülki vətəndaşları öldürdüyünü iddia edən İslamabad Kabili bombaladı və öz rəsmi məlumatlarına görə, Pakistan Talibanının iki önəmli liderini öldürdü. Onılardan birinin təşkilatın 1 nömrəlisi olduğu bildirilir.
 
Nəzərə alsaq ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Co Bayden hakimiyyətinin ABŞ ordusunu Əfqanıstandan çıxarmasını sərt tənqid edir, Çinin nüvə təsislərinə 1 saatlıq məsafədə yerləşən Bahram hava bazasına geri qayltmağın vacibliyini vurğulayırdı, Əfqanıstan Xarici İşlər nazirinin Rusiya və Çinə səfərinin sadəcə ticari-iqtisadi  məqsəd daşımadığı ehtimalı yaranır. Mümkündür ki, bu səfər çərçivəsində tərəflər həm də Əfqanıstanın hərbi gücünü artırmağın yollarını müzakirə ediblər. Sözsüz ki, həm Rusiya, həm də Hindistan hərbi qüvvələrinin Əfqanıstanda yerləşdirilməsi Pakistan üçün həyati təhlükə anlamına gəlir və İslamabadın buna sərt reaksiyası başadüşüləndir.
 
Təbii ki, bütün bunlar hadisənin son zamanlarda ortaya çıxan ötərgi səbəbləridir. Bir də məsələnin daha dərin və tarixi qatları var. Bu iki müsəlman dövlət arasındakı əsl problem Pakistan qurulmamışdan hardasa 150 il əvvəl başayıb. O zamandan ki, Pakistan hələ Hindistanın tərkib hissəsi idi. Hadisənin bu tarix öncəsinə nəzər salmadan Pakistanla Əfqanıstan arasındakı problemin əsl mahiyyətini anlamaq mümkün deyil. Qısaca olaraq bunu söyləmək istərdim ki, hələ orta əsrlərdən indiyədək qlobal geopolitika Hindistana və Çinə sahiblənmək üzərində qurulub. Türklərin Orta Asiyaya və Anadoluya hakim olmasından, xüsusilə 1453-cü ildə İstanbulu fəth etməsindən sonra Avropadan Hindistana və Çinə uzanan ticarət yolları kəsildi. Çünki avropalılar İstanbulu xristianlığın ana şəhərlərindən biri kimi görürdülər və bu şəhərin itirilməsi səlib yürüşlərinin müsəlmanların qələbəsi ilə nəticələnməsi anlamına gəlirdi. İstər-istəməz müvəqqəti olaraq müsəlman dünyasının qələbəsi ilə hesablaşan xristian dünyası Hindistana və Çinə alternativ yol axtarışına başladılar. Dəniz üzərindən alternativ axtarışları yanlışlıqla Amerikanın fəthi ilə nəticələndi. Beləcə, Qərb dünyası yeni qaynaqlar hesabına inkişaf etdi, İslam dünyası isə İpək və Ədviyyat yollarından gələn gəlirləri itirib çökməyə başladı. 18-19-cu əsrlərdə isə Uzaq və Orta Şərqin ələ keçirilməsi yarışına girişdilər. Bu dövrdə Hindistanı ələ keçirən Böyük Britaniya Rusiyanın Orta Asiyanı işğalından xoflanıb onun Hindistana enməsinin qarşısını almaq üçün Əfqanıstanı da işğal etməyə çalışırdı. Rusiyanı Əfqanıstanda durdurmaq niyyətilə  1839-1842-ci illər arasında Böyük Britaniya Əfqanıstanı ələ keçirmək uğrunda apardığı ilk müharibədə əfqanlar qarşısında ağır məğlubiyyətə uğradı. Amma ingilisiər bu məğlubiyyətlə razılaşmadılar və 1878-ci ildə yenidən hücuma keçdilər, lakin iki ildən sonra yenə geri çəkilməyə məcbur oldular. 1893-ci ildə isə Əfqanıstan xanına “Durand” cizgisi adlanan sərhəd bölgüsünü zorla qəbul etdirdilər. Britaniya Hindistanının o zamankı xarici işlər naziri Mortimer Durand tərəfindən hazırlanan və onun adı verilən bu sərhəd bölgüsü indiki Pakistanla Əfqanistanın ərazilərində yerləşən Peştunistan(yaxud Puştunistan) adlı ərazinin iki yerə bölünməsini nəzərdə tuturdu. 1971-ci ildə Pakistanın müstəqillik qazanmasından sonra bu problem Yeni Dehlidən İslamabada dövr edildi. Beləcə, Əfqanıstanın indiyə qədərki heç bir hökuməti tərəfindən qəbul olunmayan Durand cizgisi xüsusilə Talibanın yenidən hakimiyyətə qayıtması ilə bir daha gündəmə gəlib... 
 
Bunun səbəbi Əfqanıstan əhalisinin 40%-ni təşkil edən və ölkənin əsas qurucu xalqı olan peştunların Durand cizgisi ilə razılaşmamasıdır. Məlum olduğu kimi, hazırda dünyada 60 milyona yaxın peştun yaşayır. Onların hardasa 18 milyonu  Əfqanıstanda, 38-40 milyonu isə Pakistanda yaşayır. Durand cizgisi ilə peştunların az hissəsinin yaşadığı Əfqanıstanın rəsmi dili də peştuncadır (peştuxa da deyilir). Durand cizgisi olmasaydı, hazırda əhali nisbətindəki payı 40%-lərə enən peştunlar bu demoqrafik üstünlüklərini 70-80 faizə yüksəldər və insan gücü baxımından zəifləyən mövqeylərini möhkəmləndirərdi... 
 
Amma Əfqanıstanın  xeyrinə olan bu versiya Pakistan üçün ölüm ssenarisidir. Çünki Pakistan ərazisində qalan Peştunistan ölkənin şimalında - Çinlə sərhədlərinin başladığı nöqtədə yerləşir. Peştunistan olmasaydı, Pakistan formalaşmaqda olan yeni dünya düzənindəki üstün mövqeyini, özəlliklə də Çin-Pakistan İqtisadi Dəhlizini itirmiş olar və əhəmiyyətsiz bir ölkəyə çevrilərdi. Üstəlik, peştunlar Pakistanın ikinci ən böyük etnik qrupudur. Pakistanın idarə olunmasında onların da çox böyük rolları var. Baxmayaraq ki, Pakistanın milli dili urducadır...
 
Yuxarıda qeyd olunanları toparlayarsaq, ortaya bu nəticə çıxar: Əfqanıstan-Pakistan ziddiyyəti nəinki müasir geopolitik mübarizələrin bir hissəsi, hətta deyərdim ki, əsas mərkəzidir. 19-ci əsrdən indiyədək Rusiya-Böyük Britaniya arasında başlanan Hindistana sahiblənmək uğrunda mübarizə müasir dövrümüzdə yeni aktorların səhnəyə daxil olması ilə daha mürəkkəb xarakter alıb və Çin, Hindistan, Rusiya, Pakistan, ABŞ kimi iddialı dövlətlərin əsas poliqonuna çevrilib. Bu poliqonun əsas döyüş nöqtəsi isə Əfqanıstandır. Əsrlər boyu heç kimə boyun əyməyən Əfqanlstan bu gün belə, ABŞ-la yeni döyüşlərə hazırlaşır. Nə yazıq ki, onun yeni müttəfiq arayışları sovet işğalı zamanı ən böyük himayədarı olan Pakistanla Əfqanıstan arasında vaxtilə ingilislər tərəfindən basdırılmış minaların bir-bir partlaması ilə nəticələnir. Ən böyük və dağıdıcı partlayış səsləri isə Durand cizgisində eşidilir. Pakistan və Əfqanıstan yetkililəri peştun problemini çözə bilməsələr, Çinin Hind okeanına çıxışı önündə yeni qlobal hesablaşmalar yaşanacaq.."
 
Təqdim etdi: Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər