Ekskluziv
305
12 Oct 2025 | 23:41

"Dostlarla birlikdə görülən iş daha yaxşı alınır" - Elmi araşdırma

"Sosial ünsiyyət gündəlik xoşbəxtliyin açarıdır..."

Yeni elmi araşdırma göstərir ki, xoşbəxtlik bəzən böyük nailiyyətlərdə deyil, paylaşılmış məişət anlarında gizlənir.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Nəşr yazır ki, İllərdir psixoloqlar sosial ünsiyyətin insan rifahına müsbət təsirindən danışırlar, lakin yeni araşdırma bu fikri daha konkret şəkildə sübut edib: insan təkbaşına gördüyü istənilən işi,  hətta ən sadə və darıxdırıcı məişət fəaliyyətini belə kimləsə birlikdə etdikdə daha xoş hisslər yaşayır. Bu nəticə təsadüfi müşahidə yox, 40 mindən çox iştirakçının gündəlik həyat təcrübələrinin təhlili əsasında əldə olunub.

Elm adamları iştirakçılardan soruşublar: əvvəlki gün ərzində hansı işləri görüblər və bu zaman kiminləsə ünsiyyətdə olublarmı? Məlum olub ki, 80-dən artıq fəaliyyətin demək olar hər biri - yanacaqdoldurma, mağazaya getmək, dərs hazırlamaq, hətta büdcə planlaşdırmaq kimi işlər tək yox, kiminsə varlığında daha xoş qiymətləndirilir.

Sosial ünsiyyət insanın "görünməyən enerji mənbəyi"dir

Araşdırma müəlliflərindən biri, psixoloq Elizabet Dann bildirir: "İnsanlar istisnasız olaraq bütün fəaliyyətləri, əgər həmin an kiminləsə qarşılıqlı əlaqə halındadırlarsa, daha xoş və yüngül hiss edir". Bu təkcə yemək masasında söhbət etmək və ya birgə qaçışla məhdudlaşmır, hətta oxumaq, avtomobil təmiri kimi təcrid olunmuş işlər belə kimləsə paylaşılanda daha zövqlü görünür. Mütəxəssislərin fikrincə, bunun sirri sadədir: insan beyni sosial əlaqə üçün "programlaşdırılıb". Biz bunu dərk etməsək də, sakit dialoq, birlikdə görülən iş, hətta qısa salamlaşma belə emosional fonu yüksəldir, stresi azaldır, gündəlik rutini daha yüngül göstərir.

Darıxdırıcı gündəlik paylaşılırsa, artıq darıxdırıcı deyil

Alimlər xəbərdarlıq edir: biz çox zaman "tez edim, qurtarım" deyə tək işləməyi seçirik, halbuki bununla özümüzü əlavə pozitiv emosiyalardan məhrum edirik. Araşdırma göstərir ki, ən böyük müsbət təsir birlikdə yemək yemək, gəzinti, oyunlar və ya idman fəaliyyətlərində müşahidə olunur. Hətta işə gedib-gəlmək kimi yorucu proseslər birgə olsa, daha dözülə bilən olur. Yeganə istisna olaraq 2021-ci il pandemiya dövründə mətbəx qablarını birlikdə yumaq daha az zövq gətirib, görünür, bəzi işlər doğrudan da dialoqa uyğun deyil.

Xoşbəxtliyin resepti nədir?

Mütəxəssislər bunu "qeyri-rəsmi psixoloji məsləhət" kimi təqdim edir:

1. Ünsiyyəti nə qədər paradoksal səslənsə də, planlaşdırmaq lazımdır

Çoxları düşünür ki, dostlarla görüş və ya kiminləsə söhbət "öz-özünə alınmalıdır". Əslində isə real həyat belə işləmir - iş qrafiki, yorğunluq, vaxtın yetməməsi bizi tədricən sosial tənhalığa sürükləyir. Buna görə psixoloqlar məsləhət görür: ünsiyyəti idman və ya iş görüşü kimi ciddiyə alın və təqvimə yazın. Hətta ən kiçik vərdiş bunu stabilləşdirə bilər: həftədə bir dəfə eyni saatda kiminləsə çay içmək, telefon zəngi üçün xüsusi vaxt ayırmaq, ailə ilə "məcburi, amma xoş" film axşamı keçirmək. Bu, spontanlıqdan yox, sosial məsuliyyət duyğusundan doğan xoşbəxtlikdir.

2. Darıxdırıcı işləri bölüş, çünki birlikdə edilən rutin artıq rutin sayılmır

Avtomobilə yanacaq doldurmaq, qab yumaq, bazarlıq etmək, hətta yeri süpürmək - bunlar "boşuna sərf olunan vaxt" kimi görünür. Lakin eyni iş bir insanın iştirakı ilə dərhal fərqli emosional çalar alır. Məsələn, qab yumaqla söhbəti birləşdirmək, mağazaya tək getməyib yoldaşla gedib həm gülmək, həm almaq, hətta işə birlikdə getmək üçün "səhər yol yoldaşı" tapmaq. Bu, vaxt itkisi deyil, stresin emosional kompensasiyasıdır. Alimlər deyir: "Biz işdən yox, təklikdən yoruluruq".

3. Kiçik fürsətləri dəyərləndir, çünki mikro-ünsiyyət də beyinə böyük təsir göstərir

Xoşbəxtlik həmişə yaxın dostlarla uzun söhbətlərdən ibarət deyil. Bəzən liftə minərkən salam vermək, kassada satıcı ilə zarafat etmək, təsadüfi tanışla bir dəqiqəlik dialoq belə beyində dopamin reaksiyası yaradır. Mütəxəssislər bunu "mikro-sosial təmaslar" adlandırır və sübut edir ki, onların kəmiyyətcə çoxluğu insanın ümumi əhvalını gün ərzində yüksəldir.

Beyin bu əlaqələri dəyərsiz hesab etmir, əksinə "mən təhlükəsizlik içindəyəm" mesajı alır bə bu, tək yaşayan və ya uzaqda yaşayan insanlar üçün xüsusilə güclü psixoloji dayaqdır. Bəzən xoşbəxtlik böyük dəyişikliklərdə deyil, sadəcə kimləsə bölüşülmüş məişət anında gizlənir. Bunu sübut etmək üçün böyük fəlsəfə lazım deyil, sadəcə sabahki işi tək yox, bir dostla edin və fərqi özünüz hiss edin.

Link kopyalandı!
Son xəbərlər