Xəbər verdiyimiz kimi, Özbəkistan Respublikasının Səmərqənd vilayətində "Birlik - 2025" birgə regional təlim keçiriləcək. Təlimdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirakı nəzərdə tutulur.
Təlimlər oktyabrın 21-dək davam edəcək.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Türkiyə, Qazaxıstan və digər ölkələrlə birgə hərbi təlimlərdə iştirak etsə də, “Birlik-2025” təlimi bunca türk dövlətinin bir araya gəldiyi ilk böyük təlimdir. Bu mənada Səmərqənd vilayətindəki bu təlimlərin gələcəkdə oxşar təlimlər üçün həm də zəmin və təcrübə formalaşdırdığı şübhəsizdir.
Xatırladq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında türk ölkələri arasında hərbi əməkdaşlığın önəminə toxunmuş, bunun təhlükəsizlik baxımından vacib olduğunu vurğulamışdı:
“Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.
Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.
Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.
Göründüyü kimi, Prezident İlham Əliyev reallıq amilindən çıxış edərək hərbi gücün müasir dünyamızdakı həyati önəminə toxunur, türk dünyasının gələcək təhlükəsizliyi və tərəqqisi üçün bu amilin önəmini düzgün qiymətləndirməyi zəruri hesab edir. Məhz bu səbəbdən də dövlət başçısı 2026-cı ildən etibarən TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlər keçirməsini təklif edir.
Bu, bütün türk dünyasının təhlükəsizliyinə xidmət edən, gələcək təhdid və təhlükələri qabaqlamaq missiyası daşıyan bir təklifdir və Səmərqənd vilayətinda keçiriləck “Birlik-2025” birgə təlimi göstərir ki, bu təklifin praktiki olaraq reallaşmasında heç bir əngəl yoxdur. Əksinə, “Birlik-2025” birgə təlimləri imkan verəcək ki, 2026-cı ildə TDT-ə üzv dövlətlərin hərbi təlimləri effektiv şəkildə təşkil edilsin və yüksək səviyyədə gerçəkəşsin. Odur ki, “Birlik-2025” birgə təlimlərini Prezident İlham Əliyevin məlum təklifinin reallaşması istiqamətində atılan ilk addım hesab etmək olar.
Seymur ƏLİYEV