Ekskluziv
787
11 Oct 2025 | 20:48

"Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?" - İsrail mətbuatı

"Qəzza üzərində nəzarət uğrunda diplomatik və siyasi çəkişmə..."

ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra minlərlə fələstinli dağıdılmış məhəllələrinə geri dönməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri məlumat yayıb.

Atəşkəsdən sonra insan selinin qayıdışı

Məlumatda deyilir ki, insanlar piyada şəkildə Qəzzanın şimalına - tamamilə yerlə-yeksan edilmiş şəhərlərə doğru axışır. Bəzilərinin evləri hələ dayanır, lakin məhəllələr bütövlükdə xarabalığa çevrilib.

Tibbi xidmətlər İsrail qoşunlarının çəkilməsi ilə əraziyə daxil olaraq 100-ə yaxın cəsəd aşkarlayıb. Atəşkəs razılaşmasının ilk mərhələsi İsrail ordusunun şəhər daxilindən 24 saat ərzində çıxarılmasını nəzərdə tutur.

Lakin Təl-Əviv bölgənin yarısından çoxuna nəzarəti saxlamaqda davam edir. Eyni plan çərçivəsində İsrail 250 məhbusu azad edəcək, HƏMAS isə 72 saat ərzində 20 israilli girovu buraxmalıdır.

"Sülh Şurası" və HƏMAS-ın Qəzzasonrası ssenarisi

Trampın planına əsasən, Qəzzanın müharibədən sonrakı idarəçiliyinə beynəlxalq "Sülh Şurası" nəzarət etməlidir. Hətta Böyük Britaniyanın sabiq baş naziri Toni Blerin bu quruma rəhbərlik etməsi planlaşdırılır. Lakin HƏMAS bu ideyanı qətiyyətlə rədd edib.

Təşkilat "xarici qəyyumluğu" qəbul etmir, yalnız ərəb dövlətlərinin yardımını istəyir və öz döyüşçülərini gələcək "Fələstin ordusuna" inteqrasiya etməyi təklif edir. HƏMAS nümayəndəsi Bəsim Naim eyni zamanda Trampın sülh təşəbbüsünü alqışlayıb, amma "İsrailə təzyiq davam etməlidir" deyə əlavə edib.

Misirdə sammit İsrailsiz baş tutacaq

Gələn həftə Tramp Misirə səfər edərək Qəzza mövzusunda iri beynəlxalq sammit keçirməyi planlaşdırır. Əlcəzairdən Pakistana qədər müxtəlif ərəb və Avropa ölkələrinin liderləri dəvət alıb. Diqqətçəkən məqam odur ki, İsrail baş naziri Benyamin Netanyahu həmin sammitə çağırılmayıb.

Görünür, Qəzzanin gələcəyinin müzakirəsində Təl-Əvivin maraqlarını birbaşa Tramp özü təmsil edəcək. ABŞ prezidenti əvvəlcə İsrailə gələrək Knessetdə çıxış edəcək, girov ailələri ilə görüşəcək, daha sonra isə Misirə gedərək sülh sazişinin imzalanma mərasimində iştirak edəcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər