“İndiki uşaqlar ipə-sapa yatmırlar, çılğınlaşıblar”-məşhur illüziyaçı Tofiq İsgəndərli-FOTO+ÖZƏL
Ekskluziv
1375
16:20, Bu gün

“İndiki uşaqlar ipə-sapa yatmırlar, çılğınlaşıblar”-məşhur illüziyaçı Tofiq İsgəndərli-FOTO+ÖZƏL

“Mən o vaxt Bakı Dövlət Sirkində çalışırdım. Orada çox gözəl işim və şəraitim var idi. Hər şey yüksək səviyyədə idi. İntiqam Soltan mənə zəng edib dedi ki, “teatr yaratmışam, mənimlə işləyə bilərsən?”. Bütün şəraitimi, işimi orada qoyub bir zənglə teatra gəldim. 24 ildir ki, Bakı Uşaq və Gənclər Teatrında çalışıram. Bu teatr mənə çox şey verdi. Sirkdə elədir ki, hansısa bir proqramın tərkibində olursan. Mən orada həm aparıcı idim, həm də illüziya göstərirdim. Hər il də xarici ölkəyə qastrol səfərlərinə gedirdim. Teatrda artıq mənim öz tamaşalarım, öz səhnəm oldu. Solo konsertlərimlə uzun illər çıxışlar etmişəm. Bu teatrda mən öz proqramımı göstərirəm.
 
Mənə hər cür şərait yaradılıb. “Sehrli yuxu”, “Sehrli güzgü” tamaşalarını da hazırlamışıq. Bu tamaşaların maraqlı sujet xətti var. İndiyə qədər fokus göstərmişəm.
 
Hazırda isə Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” tamaşasında aktyor kimi çıxış edəcəm. Mənə bu tamaşada Bayram rolunu tapşırıblar”.
 
Bunu Moderator.az-a açıqlamasında peşəkar aktyor, illüziyaçı Tofiq İsgəndərli deyib. O daha sonra əlavə edib:
 
“İndiki uşaqlara fokus göstərmək, onları aldatmaq daha asandır. Çünki texnika, sosial şəbəkələr, süni intellekt uşaqların sərbəst düşünmələrini əllərindən alıb. Uşaqlarda bir balaca düşünmə qabiliyyəti məhdudlaşıb. Əvvəllər vurma cədvəlini soruşurdun, bütün uşaqlar əzbərdən bilirdilər. İndi bunu da telefonda hesablayıb deyirlər. İndiki uşaqlar asana qaçır. Bu da onların düşüncələrini çərçivəyə salıb. Onlar da deyirlər ki, niyə düşünməliyəm ki? Telefonda hesablayıb deyirəm də. Mən öz çıxışlarımı interaktiv üslubda qururam. Tamaşaçı ilə ünsiyyətdə oluram, uşaqlar iştirakçı olur. Buna görə də tamaşaçılarım da var, fokuslarıma da baxırlar. Əvvəlki uşaqlar daha mədəni və sakit idilər, indiki uşaqlar isə ipə-sapa yatmırlar, çılğınlaşıblar. Bəlkə də mənim fokuslarımın bu qədər sevilməsinə, məni “Tofiq əmi” kimi məşhurlaşdırmasına səbəb budur ki, mən tamaşaçılarımı sevib səhnəyə çıxıram. Onları aldatmaq üçün səhnəyə çıxmıram. Yəqin tamaşaçı da bu sevgini, xoş rəftarı görür və qiymətləndirir. Tamaşaçı əgər bilet alıb, vaxtını ayırıb mənim tamaşama baxırsa, mənim borcumdur onu sevmək. İşimdən də, tamaşaçılarımdan da çox razıyam” deyə o bildirib.
 
Tofiq İsgəndərli bildirib ki, Bakı Uşaq və Gənclər Teatrının uzun illərdir binası yoxdur:
 
“Bizim teatra mütləq bina verilməlidir. Bu nəinki Azərbaycanda, Zaqafqaziyada yeganə, peşəkar Uşaq və Gənclər Teatrıdır. Bu teatrı qorumaq lazımdır. Bu teatra bina vermək lazımdır. Özü də get-gəl olan yerdə, metronun yaxınlığında şəraitli bir yer olmalıdır. Bizim qrim otağımız yoxdur. Sırf bizim teatra aid olan bir bina lazımdır. Biz biləcəyik ki, artıq binamız var, rahatlığımız olacaq. Biri var kiminsə küncünə sığılasan, biri də var ki, öz evin var. Bina olandan sonra tamaşaçılar da biləcək ki, teatr hardadır. Tamaşaçılarımız çoxdur. Bunu etiraf etməliyəm. Bizim yerimiz Qaraçuxurdadır. Bununla belə teatra tamaşaçı cəlb edə bilirik. Bunun özü böyük bir hünərdir” deyə aktyor bildirib.
 
Link kopyalandı!
Son xəbərlər