Ekskluziv
1292
15:29, Bu gün

"Qərb Moskvanı həm sanksiyalarla, həm də dronlarla sıxışdırır" - CNN

 
"'Kreml üçün ən təhlükəli silah bəlkə də yeni sanksiyalar deyil , Ukraynanın səssizcə uçan dronlarıdır..."
 
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başlanmasından üç ildən çox vaxt keçib və cəbhədə vəziyyət dalana dirənib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
İqtisadi təzyiqin yeni mərhələsi
 
Nəşr qeyd edir ki, diplomatik proses dayanıb, buna cavab olaraq Qərb Moskvanı yenidən iqtisadi cəhətdən sıxışdırmağa hazırlaşır. Nəşr vurğulayır ki, indiyədək tətbiq edilən onlarla sanksiya paketinə baxmayaraq, Rusiya iqtisadiyyatı hələ də fəaliyyət göstərir.
 
Lakin artıq çatlar görünür: ÜDM artımı 1 faizə enib, inflyasiya 7 faizə çatıb, faiz dərəcələri isə 17 faiz  səviyyəsindədir. Neft-qaz gəlirləri azalır, büdcə kəsiri böyüyür. Kremlin buna cavabı isə hərbi xərcləri əvvəlki dövrə nisbətən dörd dəfə artırmaq və ƏDV-ni 20 faizdən 22 faizə qaldırmaqdır, bu da uzunmüddətli müharibəyə hazırlıq kimi qiymətləndirilir.
 
Ekspertlər hesab edir ki, sadəcə "daha çox" deyil, "daha ağıllı" sanksiyalar lazımdır. Məsələn, "Chatham House" analitiki Timoti Eş Rusiyanın bütün ixracına 20-30 faizlik əlavə tarif tətbiq edib bu vəsaiti Ukraynanın xeyrinə yönəltməyi təklif edir.
 
Avropa İttifaqı isə Rusiyanın dondurulmuş aktivləri hesabına Kiyevə 140 milyard avroluq kredit vermək ideyasını müzakirə edir. Digər təkliflər arasında hətta Rusiyadan yüksək ixtisaslı kadrların miqrasiyasını təşviq etmək də var - bu, əmək bazarında boşluq yaradaraq iqtisadiyyata əlavə zərbə vurmalıdr.
 
Ən təsirli "sanksiya" Ukrayna dronlarıdır
 
Rusiya Qərbin bütün məhdudiyyətlərinə baxmayaraq, hələ də xarici komponentlərdən istifadə edir. Prezident Zelenski deyir: "Dörd il müharibədən sonra kiminsə hələ də kritik detalların qarşısını necə almağı anlamaması qəribədir".
 
Lakin ekspertlərə görə, ən böyük zərbəni sanksiyalar yox, Ukraynanın pilotsuz zərbələri vurur. "Siala" agentliyinin hesablamasına əsasən, Rusiya neft emalı zavodlarının təxminən 38 faizi dron hücumları nəticəsində sıradan çıxıb. Bu, həm yanacaq qıtlığı yaradıb, həm də Moskvanın valyuta gəlirlərini azaldıb.
 
"Ukraynanın dronları ikili zərbə vurur - həm ölkə daxilində xaos yaradır, həm də büdcəni boşaldır", - Timoti Eş qeyd edir. Son hücumlar Sibirdə - Ukraynadan iki min kilometr uzaqda yerləşən Antipinsk neft-qaz emalı zavoduna qədər çatıb. Ekspertlər bildirir ki, bu proses davam etsə, Kreml yaxın aylarda müharibə ilə daxili sosial ehtiyaclar arasında seçim etməyə məcbur olacaq.
 
Vaşinqtondan hərbi dəstəyin davamı
 
Bu arada ABŞ Senatı 2026-cı il üçün 925 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib. Burada Ukraynaya ABŞ-ın USAI təhlükəsizlik yardım proqramı çərçivəsində 500 milyon dollar ayrılması nəzərdə tutulur - bu, əvvəlki ilə nisbətən 200 milyon dollar artıqdır.
 
"The New York Times" yazır ki, sənəd 77 səslə qəbul edilib və proqramın müddəti 2028-ci ilə qədər uzadılır. Senat Silahlı Qüvvələr Komitəsinin üzvü Cek Rid bildirir: bu büdcə həm süni intellekt, pilotsuz sistemlər və hipersəs texnologiyalarına sərmayələri, həm də ABŞ ordusunun modernizasiyasını əhatə edir.
 
Qərb iki istiqamətdə hərəkət edir: bir tərəfdən Moskvaya qarşı "ağıllı" iqtisadi təzyiqi artırır, digər tərəfdən Ukraynanın müdafiə potensialını gücləndirir. Lakin paradoks ondadır ki, Kreml üçün ən təhlükəli silah bəlkə də yeni sanksiyalar deyil - Ukraynanın səssizcə uçan dronlarıdır.
Link kopyalandı!
Son xəbərlər