“Fələstin xalqını təmsil etmək iddiasında olan qüvvələrin bir araya gəlməsi ən vacib məsələdir...”
Ekskluziv
1535
13:09, Bu gün

“Fələstin xalqını təmsil etmək iddiasında olan qüvvələrin bir araya gəlməsi ən vacib məsələdir...”

“Təcrübə göstərdi ki, silahlı qarşıdurma və zorakılıq İsrail üçün əlverişlidir. Çünki beynəlxalq birliyin xeyli hissəsi, xüsusilə də ABŞ və bəzi Avropa ölkələri ona açıq dəstək verir...”
 
“Qəzzadakı son hadisələr olduqca faciəvidir. Məlumatlara görə, Fələstin xalqının azı 40 mindən çox nümayəndəsli həlak olub, daha 20 mindən çoxu isə xəsarət alıb və yaxud ömürlük şikəst qalıb. Bu, qəbuledilməz insan faciəsidir. Təcrübə göstərdi ki, silahlı qarşıdurma və zorakılıq İsrail üçün əlverişlidir. Çünki beynəlxalq birliyin xeyli hissəsi, xüsusilə də ABŞ və bəzi Avropa ölkələri ona açıq dəstək verir. BMT-nin və digər beynəlxalq institutların məsələ ilə bağlı qərarları və göstərdiyi siyasi iradə isə çox zəif və vecsizdir”.
 
Politoloq Qabil Hüseynli bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ prezidenti  D.Tarmpın vasitəçiiyi ilə İsrail və “HƏMAS” qruplaşması arasında Qəzza ilə bağlı atəşkəs prosesindən danışarkən ifadə edib.
 
“Bəli, indiki mərhələdə atəşkəsə nail olmaq vacibdir. Amma sazişdən sonra nizamlama prosesinə başlamaq lazımdır. Lakin təəssüf ki, nizamlama prosesində də yenə fikir ayrılıqları indidən özünü göstərməkdədir. Belə ki, Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas özünü Fələstin xalqının əsas təmsilçisi və dövlət qurumunun başçısı hesab edir. Qəzzada yaşayan və İsraillə əsas qarşıdurmada olan fələstinlilər isə və xüsusən “HƏMAS” qruplaşması və onun üzvləri özlərini Fələstin xalqının və dövlətinin əsas təmsilçisi sayır. Odur ki, qarşıda sülh nizamlanması və dövlət quruculuğuna mane ola biləcək iki böyük təhlükə aradan qaldırılmalıdır: daxili parçalanma və xarici müdaxilələrin gətirdiyi qeyri-sabitlik”, - deyə davamında politoloq bildirib. 
 
Siyasi şərhçi hesab edir ki, Fələstin xalqını təmsil etmək iddiasında olan qüvvələrin bir araya gələrək dövlət quruculuğuna başlaması və dünya birliyinin də həmin qurumu tanıması münaqişənin həlli üçün ən vacib məsələdir.
 
“Bəla burasındadır ki, bir çox dövlətlər, o cümlədən Türkiyə də Qəzza fələstinlilərinin idarəçiliyini müdafiə edir. Vaxtilə ABŞ prezidenti Bill Klintonun dövründə Kemp-Deviddə imzalanmış sazişə görə, Fələstindəki məlum iki qurumu birləşdirib Qəzzanı paytaxt elan etməyə razılıq verilmişdi. Sonradan Mahmud Abbasın bir yana çəkməsi, əksər fələstinlilərin də radikal, davakar mövqe tutması və nəhayət, 2023-cü il oktyabrın 7-də- yəhudilərin bayramı günü “HƏMAS”ın İsrail ərazisinə hücumu və hətta qadınları belə, girov götürməsi İsraillə münasibətləri tamamilə pozdu və bu da öncə dediyim kimi, Qəzza fələstinlilərinə çox ağır başa gəldi. İndi atəşkəs elan edilir. Ancaq münaqişənin tam həli üçün bunun ardınca Fələstində normal dövlət yaradılmalı və bu dövlətin vahid təmsilçisi olmaldıır. Bu olacaq, ya yox? Mahmud Abbasla “HƏMAS” arasında mümkün dialoq mümkün olacaq, ya yox? Əsas məsələ bunlardır. Və o da var ki, “HƏMAS”-ın aparıcı liderləri İsrail tərəfindən öldürülüb və legitim liderlərdən yalnız biri qalıb. Bax, belə bir ziddiyyətli durum yaranıb. Hesab edirəm ki, münaqişənin uzunmüddətli yeganə həll yolu İsrailin bütün hərbi qüvvələrini Fələstin ərazilərindən çıxarıb öz sərhədlərinə çəkilməsi, Fələstin xalqının isə öz aralarında razılaşaraq vahid bir qurum və liderin təmsil edəcəyi dövlət yaratmasındadır. Başqa yol yoxdur”, - deyə Qabil Hüseynli vurğulayıb. 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər