“Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin Düşənbədə MDB dövlət başçıları sammitində baş tutan görüşü, hər iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasına xidmət edəcəkdir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Düşənbə görüşü Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirilməlidir:
“Məlum təyyarə hadisəsindən sonra keçən müddətdə, şimal qonşumuzun bəzi siyasətçiləri, politoloqları, kütləvi informasiya vasitələri tərəfindən ölkəmizə yönəlik təxribat xarakterli bəyanatlar, çıxışlar səsləndirildi. Orada yaşayan soydaşlarımıza, diaspora fəallarına qarşı qanunsuz davranışlar sərgiləndi. Təbii ki, belə hərəkətlər dostluq, qonşuluq prinsipləri ilə uzlaşmır. Əksinə, qarşılıqlı etimad mühitinə xələl gətirir.
Görüşdə prezident Putinin verdiyi izahat, zərər çəkənlərə və dövlətə dəymiş ziyanın kompensasiya ediləcəyi, günahkar şəxslərin cəzalandırılacağını söyləməsi, Rusiya tərəfindən etiraf anlamına gəlir. Hesab edirəm ki, dünənki görüş olduqca vacib idi və Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirilməlidir.
Burada xüsusi olaraq, Prezident İlham Əliyevin insidentdən sonrakı davranışlarını vurğulamaq istərdim. Ötən 9 ay ərzində çoxsaylı təzyiqlərə, böhtanlara, şantajlara baxmayaraq, cənab Prezident əsil dövlət adamına məxsus səbr, təmkin, duruş nümayiş etdirdi. Yaranmış vəziyyətdən məharətlə istifadə etdi və Vaşinqton deklarasiyasına nail oldu, Avropa İttifaqı ilə münasibətləri keyfiyyətcə yeni müstəviyə çıxardı. Rusiya bütün bunları görür və Azərbaycanla münasibətlərdə buraxdığı nöqsanların daha çox özünə zərər verdiyinin fərqindədir. Etiraf edək ki, əvvəllər, hadisələrin belə gedişatını heç kim təsəvvür edə bilməzdi.
Qarşılıqlı etimad məsələsinə gəldikdə isə, şübhəsiz xoşagəlməz hadisələrin unudulması üçün müəyyən zamana ehtiyac var. İstənilən halda, etimad mühiti müsbətə doğru inkişaf edəcək”.
Seymur ƏLİYEV