“Yeni müharibənin qarşısını İran-ABŞ danışıqları ala bilər...
Ekskluziv
714
10:50, Bu gün

“Yeni müharibənin qarşısını İran-ABŞ danışıqları ala bilər..."- Sabiq səfir

“İsrailin baş naziri Netanyahu İranın artıq 3000, bəlkə də 5000-8000 kilometr məsafəyə uça bilən qitələrarası ballistik raketlər hazırlamağa hazırlaşdığını iddia edib. Onun sözlərinə görə, bu, yalnız İsraili deyil, ətraf ölkələri də böyük təhlükə ilə üz-üzə qoyur. Netanyahu dünya ictimaiyyətini bu vəziyyətə hazırlamağa çalışır və...”
 
“Hesab edirəm ki, çox şey İran-ABŞ danışıqlarının nəticəsindən asılıdır. Nəticə etibarilə, hazırkı vəziyyətdə rəsmi Tehranın müharibənin qarşısını almaq üçün müəyyən şərtləri qəbul etməyə meylli olması ehtimalı yüksəkdir...”
 
İranın mövcud geopolitik vəziyyəti ilə bağlı Moderator.az-a danışan Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov ölkənin təhlükəsizlik və iqtisadi vəziyyətinin getdikcə pisləşdiyini vurğulayıb.  Həmsöhbətimiz İranın yeni ballistik raketlər istehsal etməsi ilə bağlı son məlumatları xatırladaraq İsrail rəhbərliyinin bu durumun bütün region üçün ciddi təhdidlər doğura biləcəyi fikrini yaydığını qeyd edib.
 
“İsrailin baş naziri Netanyahu İranın artıq 3000, bəlkə də 5000-8000 kilometr məsafəyə uça bilən qitələrarası ballistik raketlər hazırlamağa hazırlaşdığını iddia edib. Onun sözlərinə görə, bu, yalnız İsraili deyil, ətraf ölkələri də böyük təhlükə ilə üz-üzə qoyur. Netanyahu dünya ictimaiyyətini bu vəziyyətə hazırlamağa çalışır və liderlərin razılığı ilə İrana qarşı yeni bir müharibəyə başlamağı hədəfləyir,” – deyə Həsənov əlavə edib.
 
Həsənovun sözlərinə görə, son günlərdə Avropa İttifaqı və Fars Körfəzindəki bir sıra ölkələr (Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt) İranın hərəkətlərindən ciddi narahatlıq keçirirlər: 
 
“Odur ki, bu günlərdə məsələ ilə bağlı görüş keçiriblər. Aİ xüsusilə İranın Rusiya ilə möhkəmlənən müttəfiqlik əlaqələrindən və həmin işğalçı ölkənin Ukraynaya qarşı istifadə etdiyi məhz İrana məxsus pilotsuz uçuş aparatlarından dolayı böyük narahatlıq duyur. Bu həmçinin bölgədə təhlükəsizlik risklərini artırır, çünki həmin İran PUA-ları artıq bir çox Avropa ölkələrinin səmasında uçur. Almaniyanın xarici işlər naziri isə bildirib ki, əgər İran bölgədəki təhlükəsizliyə təhdid yaradarsa, Avropa ölkələri də cavab tədbirləri görməyə hazırdır”.
 
“Bölgədəki təhlükəsizlik riskləri daha da dərinləşir” deyən diplomat İranın əvvəlki gərginliklər zamanı Hörmüz boğazını bağlamaqla hədələdiyini də xatırladıb: 
 
“Əgər bu boğaz bağlanarsa, dünya bazarlarına neft, digər yanacaq və məhsulların daşınması kəskin çətinləşəcək. Hörmüzdə baş verəcək hər hansı bir silahlı qarşıdurma isə yalnız İranın qonşu ölkələri üçün deyil, həm də Avropa və dünya üçün böyük iqtisadi fəsadlar yaradacaq. Ərəb ölkələri də narahatdırlar, çünki bölgəyə yatırılmış böyük sərmayələr var. Hər hansı bir müharibə bu sərmayələri ciddi şəkildə təhdid edə bilər...”
 
“İranın daxili iqtisadiyyatı da çətin vəziyyətdədir. İranın milli valyutası tümənin dəyəri sürətlə düşür. ABŞ dolları bir neçə gün əvvəl 116 min tümənə qədər qalxmışdı. İran hökuməti isə məzənnəni stabilləşdirmək üçün qısamüddətli tədbirlər görməyə çalışır” deyn Abbasəli Həsənov bildirib ki, bu, uzunmüddətli həll deyil və istənilən vaxt məzənnə yenidən yüksələ bilər. 
 
“BMT-nin İranla bağlı sanksiyaları bərpa etməsi, ölkəyə xarici malların daxil olmasını da çətinləşdirib. Xaricdən idxal edilən malların qiyməti artır, bu da İranın daxili bazarında qiymət artımına səbəb olur. Nəticədə İran məhsullarını xaricə ucuz qiymətə satmağa məcbur olacaq”, -deyə sabiq səfir diqqətə çatdırıb.
 
“İran vəziyyətin ağırlaşdığını anlayaraq, hazırda silah, texnika məsələsini həll etməyə çalışır. Məsələn, Çin bir şirkət vasitəsilə İrandan neft alıb və onun qarşılığında bir milyard dollar borcu var. İran bu borcu silah müqabilində ödətmək istəyir. Hal-hazırda İranın ən böyük ehtiyacı isə hava hücumundan müdafiə sistemləridir, çünki Rusiya ilə apardığı danışıqlarda verilən sözlərə əməl edilməyib. Bu günə qədər İranın səması açıqdır və istənilən vaxt istənilən istiqamətdən ölkəyə  hava zərbələri endirilə bilər ki, bununla da ölkə dəhşətli nəticələrlə üzləşə bilər” –deyə diplomat vurğulayıb.
 
Həsənovun fikrincə, İran-ABŞ danışıqlarının nəticələri böyük əhəmiyyət kəsb edir. Hər iki tərəf arasında baş tutan danışıqların məqsədi, qarşılıqlı şərtlər əsasında yeni bir sazişə nail olmaqdır. Həsənov qeyd edib ki, ABŞ və İsrailin şərtləri arasında İranın 60% saflaşdırılmış uran ehtiyatlarını açıqlaması, MAQATE ilə əməkdaşlıq etməsi və ballistik raketlərin istehsalını məhdudlaşdırması tələbləri də var.
 
“Bütün bu şərtlərin İran tərəfindən qəbul edilməsi sual altındadır. Lakin, hazırda İranın qarşısında iki seçim var – ya Qərbin təzyiqlərinə boyun əyərək müharibənin qarşısını almaq, ya da genişmiqyaslı müharibəyə doğru getmək. Hesab edirəm ki, çox şey İran-ABŞ danışıqlarının nəticəsindən asılıdır. Nəticə etibarilə, hazırkı vəziyyətdə rəsmi Tehranın müharibənin qarşısını almaq üçün müəyyən şərtləri qəbul etməyə meylli olması ehtimalı yüksəkdir. ” – deyə sabiq səfir yekunlaşdııb.
 
Link kopyalandı!
Son xəbərlər