Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı və müvafiq sahədə fəaliyyət göstərən təsisatların nümayəndələrinin iştirakı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda növbəti beynəlxalq konfrans işə başlayıb.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Ağdərədə keçmiş döyüş mövqeyində 10-dan Azərbaycan hərbçisinin qalıqlarının tapıldığını bildirib. Xidmət rəisi sabah həmin əraziyə konfrans iştirakçılarının səfərinin təşkil ediləcəyini vurğulayıb:
“Mənə verilmiş məlumata əsasən, keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata əsasən, kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib. Tədbirin proqramına əsasən, sabah konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşdırılacaq”.
Beynəlxalq konfrans iştirakçılarının hərbçilərimizin basdırıldığı kütləvi məzarlığa səfərinin təşkili son dərəcə mühüm hadisə, olduqca faydalı bir addımdır. Bu, konfrans iştirakçılarını erməni cinayətlərinin şahidinə çevirmək deməkdir. Bu ziyarət imkan verəcək ki, tədbir iştirakçıkarı erməni faşizminin vəhşiliklərini öz gözləri ilə görsünlər, Azərbaycan xalqına qarşı necə böyük, dəhşətli qətliyamlar həyata keçirildiyini bilavasitə müşahidə etsinlər. Onlar ortada heç bir vasitəçi olmadan tarixi həqiqətlə tanış olacaq, erməni yalanları fonunda Azərbaycan həqiqətlərinin gerçəkliklə nə qədər dərindən və əhatəli uzlaşdığını görəcəklər.
Bu baxımdan, Bakıda keçirilən sözügedən konfrans, həm də erməni faşizminin qlobal miqyasda ifşası baxımından uğurludur.
Dövlət Komissiyasının bu təcrübəsinin gələcəkdə ölkəmizdə keçirilən digər beynəlxalq təbdirlər zamanı da tətbiqi milli maraqlarımızın beynəlxalq arenada təmini, erməni vəhşiliyinin ifşası baxımından da olduqca faydalı olar.
Seymur ƏLİYEV