Ekskluziv
444
15:45, Bu gün

"BMT sülhməramlı missiyalarını azaldır: Trampın siyasəti və maliyyə böhranı" - "Reuters"

 
"Təşkilatın əsas donoru olan ABŞ-ın geri çəkilməsi qurumun nüfuzuna və qlobal təhlükəsizlik balansına ciddi zərbə vurur..."
 
Birləşmiş Millətlər Təşkilatı yaxın aylarda dünyada həyata keçirilən doqquz sülhməramlı əməliyyatda şəxsi heyətin sayını 25 faiz azaltmağı planlaşdırır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb.
 
ABŞ-ın maliyyə qeyri-müəyyənliyi və qlobal təsirləri
 
Məlumatda deyilir ki, bu, son illərin ən ciddi ixtisarı sayılır və təxminən 13-14 min hərbçi, polis və mülki əməkdaşın missiyalardan geri çağırılması deməkdir. Bu addımın əsas səbəbi ABŞ-ın maliyyə dəstəyi ilə bağlı yaranan qeyri-müəyyənlik və ümumi vəsait çatışmazlığıdır. ABŞ hal-hazırda BMT-nin sülhməramlı əməliyyatlarının 26 faizdən çoxunu maliyyələşdirir və bu göstəriciyə görə dünyanın ən böyük donorudur. Onu təxminən 24 faiz payla Çin izləyir.
 
Lakin maliyyə böhranı dərinləşməkdədir. ABŞ-ın BMT-yə borcu artıq 2,8 milyard dollara çatıb. Bunun 1,5 milyard dollarlıq hissəsi yeni maliyyə ili başlamazdan əvvəl ödənilməli idi. Vaşinqton yalnız 680 milyon dollarlıq hissəni yaxın vaxtlarda ödəməyi vəd edib.
 
Trampın sərt qərarları və BMT-yə münasibəti
 
ABŞ prezidenti Donald Tramp avqust ayında BMT-nin sülhməramlı missiyaları üçün 2024-2025-ci illərə ayrılmış təxminən 800 milyon dollarlıq vəsaiti birtərəfli qaydada ləğv edib. Ağ Evin maliyyə şöbəsi isə artıq 2026-cı ildən bu proqramlara ümumiyyətlə vəsait ayırmamağı təklif edir. Tramp administrasiyası bu qərarı BMT missiyalarının "Mali, Livan və Konqodakı uğursuzluqları" ilə əsaslandırır.
 
Tramp son çıxışında BMT-ni "səmərəsiz və formal qurum" adlandırıb, təşkilatın "yalnız sərt bəyanatlar verdiyini, amma real nəticə əldə etmədiyini" bildirib. Onun sözləri ilə, "boş sözlər müharibələri bitirmir".
 
Bundan əlavə, Tramp BMT-nin fəaliyyətinə yönəlmiş sərt siyasətini davam etdirir: ikinci prezidentlik dövrünün əvvəlində ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması və Qəzza bölgəsinə yardım göstərən BMT agentliyinin maliyyələşdirilməsinin dayandırılması barədə qərar imzalayıb.
 
Azaldılacaq missiyalar və qlobal nəticələr
 
Kəsintilər Cənubi Sudan, Konqo Demokratik Respublikası, Livan, Mərkəzi Afrika Respublikası, Qərbi Saxara, Kipr, Kosovo, İsrail və Suriya arasındakı Colan təpələrinin demilitarizasiya zonası və Sudanla Cənubi Sudan arasında yerləşən Abyei bölgəsindəki missiyalara təsir göstərəcək.
 
Ekspertlər hesab edir ki, bu addım yalnız texniki ixtisar deyil, BMT-nin beynəlxalq sabitlikdə rolunun zəifləməsi deməkdir. Tramp administrasiyasının siyasəti fonunda təşkilatın əsas donoru olan ABŞ-ın geri çəkilməsi qurumun nüfuzuna və qlobal təhlükəsizlik balansına ciddi zərbə vurur. Nəticədə, BMT-nin sülhməramlı qüvvələri bu gün yalnız maliyyə yox, həm də siyasi etimad böhranı ilə üz-üzə qalıb.
Link kopyalandı!
Son xəbərlər