Ekskluziv
331
15:03, Bu gün

"Donetsk vilayəti Putin üçün son dayanacaq deyil, sadəcə qapıdır" -  "Associated Press"

 
"Donetsk Ukraynanın iradə rəmzi, Rusiyanın isə bitməyən ambisiyalarının qapısıdır..."
 
Donetsk vilayəti Ukraynanın müharibədə yaşamaq uğrunda mübarizəsinin rəmzinə çevrilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazıb.
 
Agentlik yazır ki, 2022-ci ildə başlayan Rusiya işğalı bu regionu həm strateji, həm də rəmxi baxımdan ön plana çıxarıb. Donetsk cəbhəsində baş verənlər hər iki tərəfin müharibədəki uğurlarının göstəricisinə çevrilib. Ukrayna artıq on ildən çoxdur ki, bu istiqamətdə döyüşür və bu müddətdə regionun təxminən 70 faizinə nəzarəti itirib.
 
Uşaqlıq xatirələrindən müharibə səngərlərinə
 
33 yaşlı hərbçi, döyüş təxəllüsü "Foks" olan qadın doğma Donetskini qorumaq üçün on il əvvəl silaha sarılıb. O, yaşadığı dağıntıları belə xatırlayır: "Gözlərimin önündə məktəbimi dağıtdılar. Rəqs dərsləri keçdiyim mədəniyyət evi xarabalığa çevrilib. Baxdıqca bütün uşaqlığım, bütün həyatım gözlərimin önündən keçir".
 
Agentlik qeyd edir ki, 2014-cü ilə qədər Donetsk vilayəti 4 milyondan çox əhalisi ilə Ukraynanın ən sıx məskunlaşmış, sənaye və iqtisadi baxımdan ən güclü bölgələrindən biri olub. Lakin Rusiya işğalı bu bölgəni ən çox itkiyə məruz qalan regiona çevirib - Ukrayna müəssisələrinin ümumi 14,4 milyard dollarlıq zərərinin təxminən yarısı Donetskə düşür.
 
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ölkədəki məcburi köçkünlərin dörddə biri Donetsk sakinləridir. "Foks" kimi bir çoxları üçün bu, ilk ev itkisi deyil - o, 2022-ci ildə rus ordusu tərəfindən işğal edilən Mariupolda yaşayıb.
 
Niyə məhz Donetsk?
 
1 250 kilometrlik cəbhə xəttinin ən fəal hissəsi məhz Donetsk vilayətidir. Qış yaxınlaşdıqca hər iki tərəf burada üstünlük qazanmağa çalışır. "Rusiya artıq Donbasın böyük hissəsinə - Donetsk və qonşu Luqansk vilayətlərinə nəzarət edir. Putin Kiyevdən qalan əraziləri də təslim etməsini istəyir. Bu, Moskvaya Ukraynanın digər bölgələrini hədələmək üçün daimi dayaq nöqtəsi qazandırardı", - agentlik vurğulayır.
 
Ukrayna isə hər bir santimetr torpağını qorumağa qərarlıdır.
 
Hərbi analitik, "Geriyə dağ qayıt" fondunun rəhbəri Taras Çmut bildirir ki, Rusiya Xerson istiqamətində irəliləmək üçün Dnepr çayını keçməlidir, Zaporojye vilayətində isə açıq və düz relyef səbəbindən irəliləmək çətindir.
 
63-cü briqadanın komandiri Pavel Yurçuk hesab edir ki, Donetskdəki amansız döyüşlərin əsas səbəbi hərbi deyil, siyasi xarakter daşıyır: "Bu ərazidə genişmiqyaslı hücum əməliyyatlarını aparmaq üçün strateji üstünlüklər yoxdur".
 
Bununla belə, Putin bölgəni öz tarixi ərazisi hesab edir. Yurçukun sözlərinə görə, "Kreml insanlara bu torpağın guya etnik baxımdan rus bölgəsi olduğunu və "azad edilməli" sayıldığını təlqin edib".
 
Donetsk Ukraynanın hərbi məktəbinə çevrilib
 
Ukrayna üçün Donetsk təkcə döyüş meydanı deyil, həm də onillik müharibə təcrübəsi ilə formalaşmış yeni nəsil peşəkar hərbçilərin doğulduğu məkandır. "Burada çox qan axıdılıb və hələ çoxu axıdılacaq", -  "Azov" bölüyünün komandiri "Qrosser" bildirib. Onun fikrincə, Ukrayna bütün qüvvəsini Donbasa yönəltsəydi, daha böyük nəticə əldə edə bilərdi.
 
Amma bu mümkün deyil, çünki Putin təzyiqi yalnız bir istiqamətdə saxlamaqla kifayətlənməyəcək. Yurçuk əlavə edir: "Əgər 30 kilometr uğrunda üç il də vuruşmaq lazımdırsa, biz üç il də vuruşacağıq". "Foks" isə döyüşün mənəvi tərəfini belə ifadə edib: "Artıq bir binanı, bir şəhəri yox, bütöv ölkəni müdafiə edirik. Mənim evim indi bütün Ukraynadır".
 
Cəbhənin vəziyyəti: bərabərlik və gərginlik
 
Ukrayna Silahlı Qüvvələrinin 25-ci desant briqadasının komandir müavini Dmitri Lavro Pokrovsk şəhərinin vəziyyətini belə təsvir edib: "Düşmən bizi sıxışdırır, biz isə bütün gücümüzlə müqavimət göstəririk. Hazırda qüvvələr bərabərdir".
 
Quru Qoşunlarının Ehtiyatçılar Şurasının sədri İvan Timoçko isə bildirib ki, Rusiya qoşunları Dobropolye yaxınlığında mühasirədən çıxmağa çalışır, amma Ukrayna qüvvələri onların bu planını pozmaq üçün çətin əməliyyatlar həyata keçirir.
 
"Rusiya hərbçiləri yerli mülki əhali ilə qarışıb və onlardan sipər kimi istifadə edir. Bu səbəbdən əməliyyatlar çox mürəkkəb xarakter daşıyır - burada strateji səviyyədə iradə mübarizəsi gedir", - o, əlavə edib.
Link kopyalandı!
Son xəbərlər