“Qərb dünyası üçün Türk coğrafiyası Rusiya və Çin arasında əngəlləyici sədd, Çin üçün isə Avropa ilə birləşdici xətt ola bilər...”
Ekskluziv
317
13:53, Bu gün

“Qərb dünyası üçün Türk coğrafiyası Rusiya və Çin arasında əngəlləyici sədd, Çin üçün isə Avropa ilə birləşdici xətt ola bilər...”

“Çindən Avropaya, xüsusilə də ABŞ-a birbaşa hərbi təhdid gözlənilmir. Türk dünyası ilə bağlı siyasət iki əsas üzərində qurula bilər: dünyanın ən böyük istehlak bazarına çıxış və regionun təbii sərvətlərinin istismarı. Qərbin Türk dünyasına yönəlməsində bu iki amilin ikisi də mövcuddur...”

Xəbər verildiyi kimi, oktyabrın 6-7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşü keçirildi. Bu, mühüm strateji geo-siyasi hadisə hesab olunur. Bəzi xarici siyasi şərhçilər belə bir fikir səsləndirir ki, hazırda qlobal güclər Türk Dünyasını öz tərəfinə çəkmək uğrunda mübarizə aparır. Qərb, yaxud ABŞ və Avropa Turan ideyasına dəstək verməklə bir növ özləri ilə Rusiya-Çin arasında bufer zona qurmağa çalışır, Çin və Rusiya isə əksinə… Görəsən, bu nə dərəcədə gerçəyə uyğundur?

Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Türk dövlətlərinin Qəbələdə keçirilən XII Zirvə Görüşü Çin, Rusiya, Avropa ölkələri və ABŞ arasında həyata keçirdikləri siyasi manevr cəhdidir və onun nə qədər uğurlu alınıb-alınmayacağı Türk dövlətlərinin liderlərinin əzmindən asılı olacaq: 

“Bilirsiz ki, yaşadığımız coğrafiyada tarix böyu çox ciddi geo-siyasi mübarizələr gedir. Hər şeydən öncə, Mərkəzi Asiya ölkələri Türklərlə Çin və Rusiyanın tarixi rəqabət sahəsi olub. Bizim eradan əvvəl 200-cü illərdə Çini ağır məğlubiyyətə uğradan Mete xandan 8-ci əsrin ortalarına qədər hardasa min il boyunca Çin işğalına qarşı amansız müharibə aparan türklər 751-ci ildə baş verən Talas müharibəsində Abbasilərin tərəfini seçərək ortaq düşmənə ağır zərbə vurmuş və bununla da Orta Asiyaya Çin axınları dayanmışdı. 8-9-cu əsrdən etibarən Mərkəzi Asiyadan Ərəb yarımadasına qədər geniş coğrafiyalar Türk hakimiyyətini altına keçmişdi. 13-cü əsrdə monqol işğalına məruz qalan region ölkələri yeni super gücün ortaqlarından biri olmuş və milli kimliyini qoruya bilmişdi. 18-ci əsrdən etibarən isə bu regionda yeni düşmən ortaya çıxmışdı – rus imperializmi. Orta Asiya və Qafqaz türklərinin arasında siyasi həmrəylik olmadığından 3 əsrlik rus əsarəti dövrü başlamışdı. Son zamanlar isə Türk coğrafiyası uğrunda  mübarizəyə yeni aktorlar daxil olmuşdu – ABŞ, Avropa və yenidən Çin. Yəni demək istəyirəm ki, bilinən 2500 illik tarixin bütün mərhələlərində Türk coğrafiyası amansız rəqabət və müharibələrin səhnəsinə çevrilmişdir. İbn Xaldunun sözləri ilə desək, coğrafiya bir tale olduğundan yaşadığımız məkanın vəziyyəti bu gün də dəyişməyib”.

Siyasi şərhçi hesab edir ki, Türk coğrafiyası uğrunda yeni geo-siyasi rəqabət keyfiyyətcə yeni məzmun qazanıb: 

“Yeni geo-siyasi rəqabətdə hər şey ondan başladı ki, 2013-ci ildə Çin prezidenti Si Cinpin Qazaxıstanda səfərdə olarkən tarixi İpək yolunu bərpa etmək üçün “Bir Yol, Bir Kəmər” projesini açıqladı. Çindən İngiltərəyə qədər geniş coğrafiyada kommunikasiya əlaqələrini yenidən inşa etməyi nəzərdə tutan bu layihəyə ilk əvvəl Avropa ölkələri, o cümlədən Böyük Britaniya müsbət reaksiya verdi. 2015-ci ildə Londona 4 günlük səfərə gedən Si Cinpin Böyük Britaniya ilə çox önəmli müqavilələr imzaladı. Müqavilələr arasında Çinin “Bir Yol, Bir Kəmər”i ilə Böyük Britaniyanın “Şimal Enerji Mərkəzi” layihələri də vardı. Tərəflər hər iki layihə üzrə əməkdaşlıq etmək öhdəliyi götürmüşdülər. Maraqlıdır ki, Si Cinpinin Londona səfərindən 1 il sonra Böyük Britaniya referendum keçirərək Avropa İttifaqından ayrıldı. Fikrimcə, “Breksit” qərarı təsadüfi deyildi və Çinlə əməkdaşlıq perspektivindən irəli gəlirdi. Yəqin ki, ən yaxın müttəfiqini Çinlə rəqabətdə uduzduğunu düşünən ABŞ “dərin dövləti” də məhz bu səbəbdən Donald Trampı hakimiyyətə gətirməyə qərar vermişdi. Və Tramp hakimiyyətə gələn kimi “Bir Yol, Bir Kəmər” projesini “yırtıcı kredit proqramı” və ya “borc tələsi” adlandıraraq ona qarşı çıxmağa başladı. Ardınca da ABŞ-da və Qərb dünyasında koronavirus pandemiyası yayıldı, beləliklə də Tramp ikinci seçkini Co Baydenə uduzdu... 

Bununla belə, Co Bayden hakimiyyəti dövründə də ABŞ-ın “Bir Yol, Bir Kəmər” projesinə qarşı siyasəti dəyişmədi. Bayden hakimiyyəti “G-7” ölkələrini toplayıb bu projeyə qarşı “Daha yaxşı dünyanı yenidən inşa et” (digər adıyla B3W) proqramını elan etdi. Elə həmin ərəfələrdə ABŞ və Avropa İttifaqı Orta Asiya, Cənubi Qafqaz və Afrika ölkələrini əhatə edən "The Global Gateway" (Qlobal Keçid) layihəsi hazırladılar. Mahiyyət etibarilə “Bir Yol, Bir Kəmər” layihəsini xatırladan, fəqət Çini siyahıdan çıxaran bu proqrama 300 milyard dollarlıq sərmayə yatırılması planlaşdırılır. Halbuki, Çin indiyədək “Bir Kəmər, Bir Yol” layihəsinə hardasa 3 trilyon dollar yatırıb. “G-7” ölkələrinin birgə həyata keçirməyi planlaşdırdıqları “B3W” proqramına isə guya 40 trilyon dollar ayrılması nəzərdə tutulur. Əksər mütəxəssislər isə bunun mümkün olmayacağı görüşündədirlər və görünür, bu səbəbdən “B3W” projesi istiqamətində heç bir addım atılmır. 

Fikrimcə, Qəbələdə keçirilən TDT sammitinin regionda geo-siyasi rəqabətin getdiyi bir zamanda keçirilməsi təsadüfi deyil. Məqsəd regionda marağı olan güc mərkəzləri arasında rəqabəti gücləndirmək və çoxşaxəli xarici siyasət formalaşdıraraq suveren hüquqları qorumaqdır. Bu mənada TDT-nın, xüsusilə də Azərbaycanın bu təşəbbüsü uzağa hesablanmış strateji addımdır.

Sammitin xüsusilə “Regional sülh və təhlükəsizlik” məsələlərinə həsr olunması da səbəbsiz deyil. Məlumdur ki, beynəlxalq güc mərkəzlərinin maraqlarının toqquşduğu istənilən regionda işğal riskləri də ortaya çıxır. Görünür, Türk dövlətləri bu təhlükəni ortadan qaldırmaq üçün öz hərbi qüdrətlərini artırmaq niyyətindədir. Yalnız öz gücünə arxayın olan dövlətlərin xarici hərbi təzyiqlərdən sığortalana və iqtisadi əməkdaşlıqda daha tutarlı manevrlər edə biləcəklərini nəzərə alsaq, sammitin məhz regional sülh və təhlükəsizlik problemini ön plana çıxarmasının səbəbləri aydın olar”.

Heydər Oğuzun fikrincə, Tramp hakimiyyətə gələndən sonra Böyük Britaniya “Bir Yol, Bir Kəmər” layihəsindən səssiz geri çəkilsə də, bu onun gerçək niyyətindən irəli gəlmir: 

“Düşünürəm ki, rəsmi London Trampın təzyiqlərindən yayınmaq üçün bu addımı atıb. Əslində isə İngiltərə Çini yanına çəkərək  Rusiyanı tamamilə bitirmək istəyir. Londonun Ukraynanı ən əzmkar şəkildə dəstəkləməsinin səbəbi də budur. ABŞ isə özünə ən ciddi rəqib olaraq Rusiyanı yox, Çini görür. Ona görə ki, Çin getdikcə dünyanın əksər ölkələri ilə ticarət əlaqələrini genişləndirir və ABŞ-ı bu bazarlardan sıxışdırıb çıxarır. London və Vaşinqton arasındakı bir-birindən fərqlənən bu fikir ayrılığı onların hərbi doktrinalarında da öz əksini tapır. Vaşinqton öz hərbi doktrinasında Çini 1 nömrəli düşmən kimi xarakterizə etdiyi halda, London üçün ən əzazil düşmən Rusiyadır. Rusiya və Çinə bu fərqli münasibətlər dünyanın aparıcı dövlətlərinin regionumuza baxışında da özünü göstərir. Böyük Britaniya gizli olsa da “Bir Yol, Bir Kəmər” layihəsini dəstəklədiyi halda, ABŞ kəskin şəkildə buna qarşı çıxır. Zənnimcə, Avropada Çinlə ən böyük ticarət dövriyyəsinə sahib olan Almaniya da Asiya nəhəngi ilə iqtisadi münasibətləri davam etdirməyə maraqlıdır. Eyni sözləri Fransa üçün də demək olar. Bunun əksinə olaraq, Tramp hakimiyyəti Çinə qarşı Rusiya ilə əməkdaşlığa meyillidir.

Bir sözlə, Rusiya və Çinə fərqli münasibətlər bizim regionumuzda da daha yaxşı avantajlar qazanmaq üçün manevr imkanları meydana gətirir. Zənnimcə, Qəbələ sammiti də TDT-nin qlobal iqtisadi-hərbi rəqabətdə dayanıqlığını artırmaq məqsədi daşıyır və yeni dünya düzənində özünə layiq yer tutmasına xidmət edir”.

Konkret olaraq Türk Dünyasının qlobal güclər arasında bufer zona rolunu oynayıb-oynamaması məsələsinə gəlincə, 
analitik hesab edir ki, Qərb dünyası üçün Türk coğrafiyası bufer zonasından çox, Rusiya və Çin arasında əngəlləyici sədd, Çin üçün isə Avropa ilə birləşdici xətt ola bilər:

“Bufer zona bu xüsusiyyətə uyğun gəlmir. Çünki Çinlə Avropa arasında məsafə çox genişdir. Bu qədər geniş əraziyə bufer zona demək - məntiqi zorlamaqdır. Zatən iki coğrafiya arasında birləşmə nöqtəsi yoxdur. Yoxdursa, deməli, əlavə bufer zonası yaratmağa da ehtiyac duyulmur.

Üstəlik, bufer zona gözlənilən təhlükəni önləmək üçün yaradılır. Çindən Avropaya, xüsusilə də ABŞ-a birbaşa hərbi təhdid gözlənilmir. Türk dünyası ilə bağlı siyasət iki əsas üzərində qurula bilər: dünyanın ən böyük istehlak bazarına çıxış və regionun təbii sərvətlərinin istismarı. Qərbin Türk dünyasına yönəlməsində bu iki amilin ikisi də mövcuddur...”

Siyasi şərhçi Çin və Rusiyanın geo-siyasi prizmadan Turana baxışlarını da izah edib.

“O ki qaldı Çinə, Pekin Türk Dünyasına tarixi İpək yolunu bərpa etmək üçün ən qısa yol olaraq baxdığını gizlətmir.
Rusiyaya gəlincə, 300 il əvvəl ələ keçirdiyi üstünlüyü itirmək və geo-siyasi baxımdan mühüm önəm daşıyan coğrafiyanı itirmək istəmir . Çünki bu, Moskva üçün dünyanın aparıcı dövləti olmaq şansının da qaçırılması deməkdir. Çinlə Avropa arasında irtibatın yaranmasını ən çox istəməyən dövlət ABŞ-dır. Çünki bu əlaqənin yaranması ABŞ-ın imperial maraqlarını təhdid edir”, -deyə Heydər Oğuz vurğulayıb.

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər