“Onun 77 milyonluq seçici ordusunun 51%-i Ukraynanın dəstəklənməsini tələb edir...
Ekskluziv
81
10:31, Bu gün

“Onun 77 milyonluq seçici ordusunun 51%-i Ukraynanın dəstəklənməsini tələb edir..."

“Sadəcə olaraq Tramp bir növ Putinin ipini əldən verməmək taktikasını yürüdür...”
 
"Ümumən Amerika üzrə əhalinin 67%-i Ukraynanın dəstəklənməsini istəyir.  Bu da göstərir ki, ABŞ-da Ukraynaya dəstək vermək, ümumilikdə cəmiyyətin böyük bir hissəsi üçün prioritet məsələyə çevrilib...”
 
ABŞ lideri Donald Trampın gözlənilmədən mövqeyini xeyli dəyişərək Rusiyanı “kağız pələng” adlandırmasına və Ukraynaya Amerika uzaqmənzilli raketləri ilə Rusiya ərazilərini vurmasına icazə verməsinə necə baxmaq olar? Onun bir müddət sonra yenidən əvvəlki mövqeyinə qayıdacağı ehtimalı yoxdur ki? Axı Putinlə Alyaska görüşündən öncə də bu qədər sərt olmasa da xeyli dərəcədə kəskin mövqe ifadə edirdi. Amma sonda Alyaskada Putini alqışladı və işğalçı diktatora “əziz dostum” dedi. İndi isə Rusiyanın öz raketləri ilə vurmağa icazə verib, amma həmin raketlər hələ yoxdur…
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Kiyevdə yaşayıb fəaliyyət göstərən hərbi‑siyasi ekspert Elxan Nuriyev aşağıdakıları söyləyib:
 
“Hesab edirəm ki, Trampın siyasətinin son dəyişməsi əslində gözlənilən idi. Öncə dediyim kimi, burada sivilizasiyaların: demokratlarla avtokratların müharibəsi gedir… Tramp  istəsə də- istəməsə də, ABŞ prezidenti kimi  bu addımları atmağa məcburdur. Onun seçici bazası, yəni 77 milyonluq seçici ordusunun 51%-i, ən pis sorğularda belə, Ukraynanın dəstəklənməsi mövzusunda təkid edir və Amerikanın hazırkı liderini Ukraynaya dəstək verməməkdə qınayır. Ümumən Amerika üzrə əhalinin 67%-i Ukraynanın dəstəklənməsini istəyir.  Bu da göstərir ki, ABŞ-da Ukraynaya dəstək vermək, ümumilikdə cəmiyyətin böyük bir hissəsi üçün prioritet məsələyə çevrilib. Eyni zamanda, ABŞ-ın iki partiyalı Konqres və Senatında Ukraynanı dəstəkləyən ikipartiyalı qüvvələr var. Yəni onlar çoxluq təşkil edirlər. Çünki düşünən insanlardır və nə baş verdiyini yaxşı anlayırlar. Odur ki, mən Trampın son mövqe dəyişməsi ilə bağlı “gözlənilməz” sözünü işlətməzdim. Əslində bu gözlənilən idi. Sadəcə olaraq Tramp bir növ Putinin ipini əldən verməmək taktikasını yürüdür. Necə ki, Türkiyə lideri Ərdoğan hər zaman Qərb platformalarında deyir ki, mən Rusiya ilə əlaqələri kəsmirəm. Nəyə görə? Deyir ki, onsuz da Putinlə Zelenski haradasa görüşüb savaşı bitirməlidirlər- qoy elə edək ki, həmin görüş yeri Türkiyə olsun.   Ərdoğan hesab edir ki, bu həm də Osmanlı İmperiyasının tarixindəki bir ənənəyə bağlılıqdır – müharibələrin sonlandırılmasında Türkiyənin mühüm rol oynadığı bir dövrlər olub… Bu prizmandan yanaşdıqda Trampın davranışı gözlənilən idi və ondan gözləntilərimiz getdikcə artır...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər