“Biz bu günə qədər “kimin kim, nəyin nə” olduğunu bilmirik...”
Ekskluziv
1128
15:35, Bu gün

“Biz bu günə qədər “kimin kim, nəyin nə” olduğunu bilmirik...”

“Azərbaycandakı Sovetlərdən qalma arxivlərə inanmayın: Mir Cəfər Bağırov və digərləri haqda yalanlar yazırlar...”
 
“Bizim hətta bu gün də yazılan tariximiz də həddindən artıq “ağ ləkə”lərlə  doludur..."
 
Yerli və beynəlxalq hadisə və proseslərə çoxlarından fərqli yanaşan və Moderator.az-da mütəmadi olaraq müxtəlif mövzularda yazı və açıqlamaları təqdim olunan siyasi analitik Tahir Cəfərli Azərbaycanın tarixi ilə bağlı əksəriyyət üçün ziddiyyətli hesab ediləcək “Sovetlərdən qalma arxivlərə inanmayın” adlı növbəti yazısını təqdim edib. Yazıda Azərbaycanda azad, demokratik düşüncəli əksər vətəndaşların Moskvaya, SSRİ-Rusiya imperiyasına xidmət edərək ötən əsrin 20-50-ci illərində xalqımıza qarşı dəhşətli repressiyaların başında durmuş keçmiş Azərbaycan SSR rəhbəri Mir Cəfər Bağırovun əslində vətənimiz qarşısında müsbət xidmətlər göstərdiyi iddia edilir. Müəllif hələlik bu iddianı təsdiq edən heç bir konkret arxiv sənədi göstərməsə də, həmin məlumatları 1989-1991-ci illərdə əsasən Moskvada Kremlin yaxınlığındakı “Rusiyanın tarixi” muzeyinin və SSRİ Xalq Daxili İşlər Komissarlığının(“NKVD”) arxivlərindən əldə etdiyini bildirir. Fəal oxucular yaxşı bilir ki, Moderator.az-da M.C. Bağırovun xalqımıza qarşı repressiyanın bilavasitə rəhbərlərindən və iştirakçılarından biri olması haqdakı əksər yazılar səhifələrinədək göstərilən arxiv sənədlərinə əsaslanıb.
 
Bütün hallarda sözügedən materialı oxucuların, xüsusən də tarixçi, siyasətşünas və müxtəlif yerli və dünya arxivlərində məşğul olan araşdırmaçıların müzakirəsinə buraxırıq:
 
“Prezident İlham Əliyevin 28 aprel 1920-ci ildə XI qızıl ordunun Azərbaycanı işğal etməsi ilə bağlı bəyanatından sonra bütün dünya bir daha əmin oldu ki, Azərbaycan bu tarixdə Rusiya tərəfindən işğal olmuşdur. Azərbaycan yalan yazılan tarixlərin üzərindən xətt çəkməyə başladı. Həqiqət qızıla bənzəyir. Onu torpağa, hətta zibilliyə atsalar da, ortaya çıxanda həmişə parıldayar...
 
1920-ci il həqiqətlərinə obyektiv qiymət versək, Azərbaycanı işğal etmiş, on minlərlə Azərbaycan vətəndaşını gülləbaran etmiş XI ordunun əməllərinə də düzgün qiymət verərik.
 
Biz keçmişə diqqətlə baxmasaq, gələcəyi aydın görə bilmərik. Keçmişimiz isə bizim tariximizdir.  Ömrümüz boyu bu və ya digər ölkənin və imperiyanın tərkibində olduğumuzdan, bizim hətta bu gün də yazılan tariximiz də həddindən artıq “ağ ləkələrlə ” doludur. Biz bu günə qədər “kimin kim, nəyin nə” olduğunu bilmirik. Bəzən biz Sovet dövründən bu günə qədər qalan tarix kitablarını oxuyuruq və həqiqət olduğuna inanırıq. Bununla belə, müstəqilliyimiz həmin tarix kitablarını zamanın süzgəcindən keçirtmək üçün bizə şərait yaradır, biz isə hələ də bu şəraitdən istifadə edib, obyektiv tariximizi yaza bilmirik.  Əslində isə tariximiz ciddi tarixi materiallar və sənədlər  əsasında yazılmalıdır, başqa xalqların bizə sırıdığı tarix kitabları ilə yox... 
 
Ağlı başında olan bir tarixçimiz tapılmır ki, xarici arxivləri alt-üst etsin və Azərbaycanla bağlı həqiqətləri ortaya çıxarsın və xalqımız həqiqətən “kimin kim, nəyin nə” olduğunu bilsin. Fikir verin, 1918-20-ci illərin tarixinə. Azərbaycan Xalq Cümhuriyyətini yaradanların adları kənarda qalıb, tarix kitablarında 6 aydan sonra bu qurumda fəaliyyətə başlayanın adını bu dövləti yaradanın adına çıxırlar...
 
Və yaxud Azərbaycan ordusunu yaradan tatar balası M.Sulkeviçi kənarda qoyub, XI ordunun Bakıya  girməsini təşkil edən, daha doğrusu, bu respublikaya xəyanət edən özü  azərbaycanlı, ancaq sonuna qədər Rusiyaya imperiyasına xidmət edən fərdlərin adına küçələr və s. qoyulur və faktiki olaraq  tariximizi təhrif edirlər...
 
Niyə? Başqa ölkələrin xoşuna gəlməkdən ötrü yalançı bütləri yaratmaq üçün...
Ancaq bununla belə, tarixi həqiqətlər nə gizlətmək olur, nə də unutmaq... 
 
Azərbaycan Demokratik Respublikasını yaradanlar və qoruyanlar haqda həqiqətləri ancaq gizli arxivlərdə tapmaq olur. Ancaq bu həqiqətləri isbat edən sənədlər Azərbaycanın arxivlərində deyil, Rusiyanın, İngiltərənin, Almaniyanın , Türkiyənin və s. ölkələrin arxivlərindədir. Ən maraqlısı budur ki, Sovet dövrü ilə bağlı bütün arxivlərimizin çoxu dəyişdirilib və onlara Sovet rejiminə uyğun məzmun verilib. 
 
“Bir əsr-bir nəsil “ epopeyasını yazarkən öz arxivlərimizdəki materiallarla Rusiya arxivlərində olan eyni mövzuya aid sənədlərin fərqini gördüm.  Rusiya arxivlərindəkilər Azərbaycan arxivlərindən fərqlənirdilər. Qısası, Mircəfər Bağırovla bağlı mən Moskva, Sankt-Peterburq arxivlərinin materiallarının daha obyektiv olduğu qənaətinə gəldim. Çünki orada saxlanılanlarla Azərbaycanda saxlanılanları müqayisə etdikdə anlayırsan ki, Azərbaycandakı arxivlərdə Azərbaycanın bu dövlət xadiminin fəaliyyəti Vətən xaini statusunu ona sırımaq üçün dəyişdirilib...
 
Moskva arxivlərinin birində onun 1932-ci ildə  Azərbaycanda hakimiyyəti ermənilərin əlindən aldığı və ölkənin azərbaycanlaşdırılmasına təkan verdiyindən danışılır. Maraqlıdır ki, ermənilər nəyin bahasına olsun, onu aradan götürməyi A. Mikoyandan tələb edir və ona yazırlar ki, belə getsə, biz Bakını itirəcəyik - deyirlər...
 
Azərbaycanın bir tarix kitabında yazılmır ki, 1932-ci ilə qədər Azərbaycan xalqının malı və qanı hesabına qazanılan nə vardısa, Azərbaycanın birinci katibləri olan ermənilər Ermənistanın inkişafına və azərbaycanlıların oradan köçürülməsinə yönəldirdilər və bunun qarşısını ancaq Mircəfər Bağırov aldı. 10 il müddətində Azərbaycanda ağalıq edən ermənilər və onların əlaltıları minlərlə azərbaycanlını ata-baba yurdlarından köçürməyə rəvac veriblər, azərbaycanlıları vəhşi  köçəri xalq kimi dünyanın gözündən salıblar... Və təqdirəlayiqdir ki, M.Bağırovun bu fərdlərin anasını ağlar qoymasını xalqımız həmişə alqışlayıb və onun tərəfində olublar...
 
1932-ci ildə Mircəfər hakimiyyətə gələndən sonra Azərbaycan tikinti meydanına çevrildi. Yüzlərlə yeni  zavod və fabrik, ali məktəblər, klublar, yaşayış binaları, sanatoriyalar, pioner düşərgələri, ən əsası yeni şəhərlər: Mingəçevir, Əlibayramlı, Sumqayıt və  həmçinin Neft Daşları yaradıldı. M. Bağırov Azərbaycanı dünyanın neft akademiyasına çevirdi...
 
İndiyə qədər bir tarixçi yazmır ki, ermənilərin, ilk növbədə A.Mikoyanın əliylə Vətən müharibəsi illərində azərbaycanlıların Qafqazdan köçürülməsinin iki dəfə qarşısını Mircəfər Bağırov aldı.
 
İndi təsəvvür edin bu tarixi şəxsiyyət “Böyük Ermənistan” arzularını ermənilərin ürəyində necə  qoyub.
Tarixçilərimiz onu da yazmırlar ki, M.Bağırov olmasaydı, N.S. Xruşovun nəslindən olan general rastına çıxan azərbaycanlıları “Yoldaşı” adıyla necə güllələdib sonuna çıxırdı. 
Faşizmə qarşı vuruşan azərbaycanlılar faşist gülləsi ilə deyil, sovet gülləsi ilə  qətlə yetirilirdilər. Bu əmri verən generalı M.Bağırov güllələmişdi və Taqanroq diviziyasını yaratmışdı. Həmin diviziyanın əsgərləri Reyxstaqa birinci girmişdilər və onun damında bayrağı asanlar da azərbaycanlılar olmuşdular.
 
Stalin öləndən sonra hakimiyyətə gələn Xruşov M.Bağırovdan qisas aldı. Ən maraqlı fakt, elə elədi ki, onun üzünə elə azərbaycanlılar dursunlar və onu Vətən xaininə çevirsinlər. Yazıçılar və şairlər və bəzi hallarda Azərbaycanın bütün “ziyalı” adlananları öz rəqiblərini aradan götürmək üçün Moskvaya  minlərlə anonim məktublar yazıb, H.Cavidin, M.Müşfiqin və s. qanına bais olublar. Bütün bu yazılar Rusiya arxivlərində var. İndi onların övladları və digər qohumları ata-babalarının günahlarını M. Bağırovun üstünə yıxırlar... Onu yenə də “vətən xaini” adlandırırlar.
 
Nə haqla? Azərbaycanın iqtisadiyyatını, sənayesini yaratmış, onu qorumuş  insanın adına bu statusu yapırlar. 
 
Məgər Vətənə böyük xidmətlər göstərib onu qoruyanı “Vətən xaini” adlandırmaq olar? 
Bu məntiqdən belə çıxır ki, xəyanət edənlər qəhrəmandır...
 
(Davamı var)
 
Qeyd: 
Növbəti hissədə əsasən müəllifin sovet dövrünün tanınmış, özü də milli qeyrətli ictimai və dövlət xadimlərindən biri olmuş Nazim Hacıyev haqda fikirləri təqdim olunacaq.
 
Moderator.az-ı izləyin!..
 
Link kopyalandı!
Son xəbərlər