Bizi sosial şəbəkələrdən izləyin:
“Göyçə mahalının təhsilində əvəzsiz xidmətləri olan rəhmətlik atam Həbib Səmədov bölgədə ən möhtəşəm 3 evdən biri olan doğulub-böyüdüyüm evi nə bir neçə evə dəyişdi, nə də satıb bir neçə dənə ev almaq istəmədi...”
“Qərbi Azərbaycan azərbaycanlıların əzəli-əbədi yurdudur. Nəinki mən, o müqəddəs yurdlarımızda doğulub boya-başa çatan heç kimsə tarixi torpaqlarımıza ayaq basacağı ümidini itirməyib, əksinə, illər keçdikcə bu ümidlər daha da böyüyür. Göyçə mahalının təhsilində əvəzsiz xidmətləri olan rəhmətlik atam Həbib Səmədov bölgədə ən möhtəşəm 3 evdən biri olan doğulub-böyüdüyüm evi nə bir neçə evə dəyişdi, nə də satıb bir neçə dənə ev almaq istəmədi. Ona görə hazırda tikdiyim evin kreditini ödəyirəm. Soruşurduq ki, nəyə görə ən möhtəşəm evi nə dəyişdin, nə də satdın. Sualımız qarşısında həmişə bunu dedi ki, əgər mən evimizi satsam, yaxud dəyişsəm, o müqəddəs yurdları unuda bilərsiniz”.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Pərviz Səmədov bu fikirləri Moderator.az əməkdaşının "Qərbi Azərbaycanda doğulub boya-başa çatmış biri kimi tezliklə, ən azı, “Tramp yolu” adı da verilmiş Zəngəzur yolu vasitəsilə o tarixi torpaqlarımıza ayaq basa biləcəyimizə ümid edirsinizmi?” sualına cavab verərkən ifadə edib.
“Ümidimiz sönməzdir və tarixi, mənəvi, hüquqi gerçəklərə əsaslanır. Əgər Tramp və Avropa ölkələri insan hüquqlarından danışırsa, ilk ağla gələn bu olmalıdır ki, 37 il öz yurduna ayaq basa bilməyən insanların hüquqları bərpa olunmalıdır. Və həmin hüquqlar hansı yolla olursa-olsun, bərpa olunacaq, buna şübhəm yoxdur!”, -deyə həmsöhbətimiz vurğulayıb.