"Seçkilər qeyri-şəffaf sistem və azlıqların kənarda qalması ilə diqqət çəkir..."
Suriya Bəşər Əsədin devrilməsindən sonra ilk parlament seçkilərini keçirib. Seçki prosesi qeyri-şəffaf və məhdudiyyətli olub.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.
Məqalədə deyilir ki, prezident Əhməd əl-Şaraanın rəhbərliyi ilə yeni hakimiyyət səsverməni 14 illik vətəndaş müharibəsindən sonra normal həyata qayıdışın bir addımı kimi təqdim edir. Lakin tənqidçilər prosesi qeyri-şəffaf və demokratik olmayan kimi qiymətləndirir. Suriya vətəndaşları seçkilərdə birbaşa iştirak etmir.
Yeni parlamentin üçdə biri (210 üzvdən 70 nəfər) birbaşa əl-Şaraa tərəfindən təyin ediləcək, qalan üzvlər isə hökumət tərəfindən formalaşdırılmış bir sıra komitələr vasitəsilə seçiləcək. Ümumilikdə 60 dairədən seçilən 7000 seçici kollegiyası üzvü 140 yeri seçmək hüququna malik olub. Yüksək Seçki Komitəsinin nümayəndəsi Nəvar Nəcma bildirib ki, əsas şərt namizədlərin Əsəd rejimini "heç bir söz və heç bir hərəkətlə" dəstəkləməməsidir.
Təşkilat komitəsinin məlumatına görə, seçkilərdə 1500-dən çox namizəd iştirak edib, hamısı seçici kollegiyasının üzvlərindən ibarət olub və müstəqil namizəd kimi irəli sürülüb. Bu, mövcud siyasi partiyaların yeni hakimiyyət tərəfindən dağıdılmasından və yeni partiyaların qeydiyyat sistemi yaradılmamasından irəli gəlir. Müvəqqəti konstitusiyaya görə, yeni parlament daimi konstitusiya qəbul edilənədək qanunvericilik funksiyasını yerinə yetirəcək.
Tənqidçilərin narahatlığı
"Chatham House" (Böyük Britaniya) analitik mərkəzinin əməkdaşı Hayd Hayd "Associated Press"-ə bildirib ki, proses tam şəffaf deyil. Xüsusilə subkomitələrin və seçici kollegiyalarının seçilməsi zamanı nəzarətin olmadığını vurğulayıb və prosesi manipulyasiyalara açıq hesab edib. O, əlavə edib ki, seçici orqanlar ilkin siyahılardan bəzi adları çıxarıb, lakin səbəblər barədə məlumat verməyib.
Tənqidçilərin fikrincə, seçki sistemi nüfuzlu şəxslərə üstünlük verir və yeni Suriya hakimiyyətinin gücünü qoruyacaq, həqiqi demokratik dəyişikliklərə yol açmayacaq. Birgə bəyanat verən 10-dan çox QHT bildirib ki, əl-Şaraa parlamentdə əksəriyyəti öz seçdiyi və ya loyal olan şəxslərdən formalaşdıra bilər ki, bu da plüralizmin prinsiplərini pozur.
Bəyanat imzalayan Fransada fəaliyyət göstərən "Suriyalılar əqiqət və ədalətə tərəfdardır" təşkilatının icraçı direktoru Bəssam Ələhmad AFP-yə deyib: "Bu prosesi istədiyiniz adla çağıra bilərsiniz, amma seçki deyil". Yeni hakimiyyət bildirir ki, 13 illik müharibədən sonra tammiqyaslı seçkilər mümkün deyil, çünki minlərlə insan həlak olub, milyonlarla nəfər ölkədə və xaricdə qaçqın vəziyyətindədir və sənədsizdir.
Azlıqlar və qadınların təmsilçiliyi
Əs-Suveida bölgəsi və şimal-şərq kürd bölgəsi seçkilərdə iştirak etməyib. Bu, de-fakto druz və kürd azlıqlarının prosesi kənardan izləməsi deməkdir, onların 32 yeri boş qalacaq. Qadınlar isə yalnız namizədlərin 14 faizini təşkil edir.
Yüksək Seçki Komitəsinin rəhbəri Məhəmməd Taha əl-Ahmad DPA agentliyinə bildirib ki, əl-Şaraa son nəticələri nəzərdən keçirərək qadınlar və azlıqların ədalətli təmsilçiliyini təmin edəcək. Prezidentin birbaşa irəli sürdüyü 70 namizəd vasitəsilə qadınların parlamentdə beşdə biri olacağı və azlıqların da bərabər təmsil olunacağı təmin ediləcək.
Əl-Şaraa Dəməşq Milli Kitabxanasında çıxışında ölkənin "bir neçə ay ərzində indiki şəraitə uyğun seçki prosesinə başlaya bilməsini" alqışlayıb. O bildirib: "İrəliləmək və inkişafa nail olmaq üçün bir sıra qanunları qəbul etməliyik. Suriya quruculuğu kollektiv missiyadır və bütün suriyalılar bu prosesə töhfə verməlidir".
Seçkilər ölkənin demokratik inkişafı və azlıqların təmsilçiliyi baxımından ciddi suallar doğurur. Qeyri-şəffaf seçki sistemi və məhdud iştirak imkanları tənqidçilərin fikrincə, yeni hakimiyyətin gücünü möhkəmləndirir və Suriya cəmiyyətində həqiqi demokratik dəyişikliklərin qarşısını alır.
Müəllif: Aleksandra Appelberq