"Bu bəyanat Merkelin siyasi mirasına kölgə salır və onun Avropanın təhlükəsizlik siyasətindəki rolunu sual altına qoyur..."
Almaniyanın sabiq kansleri Angela Merkel yeni müsahibəsində Ukraynada müharibənin başlanmasına görə məsuliyyətin yalnız Rusiyanın deyil, qismən Polşa və Baltikyanı ölkələrin üzərində də olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "liga.net" nəşri yazıb.
Merkelin fikrincə, bu ölkələrin Moskva ilə sərt mövqeyi Avropa İttifaqı ilə Rusiya arasında dialoqu çətinləşdirib və nəticədə Vladimir Putinin təcavüzünə şərait yaradıb.
Merkel xatırladıb ki, 2021-ci ildə Avropa İttifaqı ilə Rusiya arasında yeni birbaşa danışıqlar formatı təklif edib. O, etiraf edib ki, həmin dövrdə Minsk razılaşmalarını Putin "ciddi qəbul etməyib". Lakin Polşa, Litva, Latviya və Estoniya bu təşəbbüsün əleyhinə çıxıb. "Nəticədə bu, baş tutmadı. Sonra mən vəzifəmi tərk etdim və Putinin təcavüzü başladı", - Merkel bildirib.
Sabiq kansler həmçinin pandemiyanı əlavə amil kimi göstərib: "Putin koronavirusdan qorxduğu üçün görüşlər keçirə bilmirdik. Əgər mübahisələri üzbəüz müzakirə etmək imkanı yoxdursa, kompromis də tapmaq mümkün olmur".
Lakin müşahidəçilər xatırladır ki, Minsk razılaşmaları qüvvədə olduğu illərdə - 2015-dən 2021-ə qədər Rusiya Donbasda müharibəni davam etdiririb və tammiqyaslı işğalın hazırlıqları artıq 2021-ci ilin yazında başlayıb.
"Merkel Avropaya zərər vurub"
Merkelin bu sözləri dərhal Polşa və Baltikyanı ölkələrdə kəskin reaksiya doğurub. Estoniya parlamentinin Xarici işlər komitəsinin rəhbəri Marko Mihkelson bəyan edib ki, bu mövqelər Merkelin siyasi mirasına "kölgə salır" və onun Avropanın təhlükəsizlik siyasətindəki rolunu sual altına qoyur.
Polşanın sabiq baş naziri Mateuş Moravetski isə daha sərt danışıb: "Angela Merkel öz düşüncəsiz müsahibəsi ilə sübut edib ki, o, son yüz ildə Avropaya ən çox zərər vurmuş alman siyasətçilərindən biridir", - o, "X" sosial şəbəkəsində yazıb.