"Ukrayna həm qanadlı, həm də ballistik raketlərin istehsalını genişləndirir..."
Ukrayna artıq Rusiyanın enerji infrastrukturu və neft emalı zavodlarına FP-5 "Flamingo" qanadlı raketləri ilə zərbələr endirir.
Moderator.az xəbər verir ki, bu barədə "The Economist” yazıb.
Ukrayna "Flamingo"sunun gücü
Bu raketlər 3000 km-dən çox məsafəyə uça bilir, 1150 kq-lıq döyüş başlığı daşıyır və hədəfə çox aşağı - 50 metr hündürlükdə yaxınlaşaraq hava hücumundan müdafiə sistemlərini çaşdırır.
Hazırda gündəlik 2-3 raket istehsal olunur, lakin ay ərzində bu göstərici yeddi ədədə çatdırılacaq. Qiyməti isə 500 min dollardır - amerikalı "Tomahawk"dan dörd dəfə ucuz və daha güclü döyüş yükünə malikdir.
"Flamingo" ilk dəfə avqustun sonunda nümayiş olunub və həmin vaxt Krımda altı rus katerini vurub. Hərbi ekspertlər qeyd edir ki, raketin effektivliyi əsasən Rusiya radarlarının sıradan çıxarılması ilə mümkün olub.
"Ukraynanın öz ballistikası olacaq"
Prezident Vladimir Zelenski vurğulayıb ki, Ukrayna təkcə qanadlı raketlərlə kifayətlənməyəcək - ölkə yaxın gələcəkdə öz ballistik raketlərini də müntəzəm tətbiq edəcək. Onun sözlərinə görə, bu məsələ dövlət təhlükəsizliyinin əsas prioritetlərindəndir. O həmçinin bildirib ki, hazırda "Shahed" pilotsuzlarının qarşısını almaq üçün daha çox dron-interseptor istehsalı genişləndirilir.
Müdafiə sənayesində sıçrayış
Zelenskinin açıqlamasına görə, hazırda cəbhədə istifadə olunan silahların artıq 40 faizdən çoxu Ukraynada istehsal olunub. İlin sonuna qədər bu göstəricinin 50 faizə çatdırılması hədəflənir. Yalnız "Boqdan" özüyeriyən haubitsalarından ayda 40 ədəd buraxılır. Prezident hesab edir ki, ölkənin hərbi-sənaye potensialı müharibə başlayandan bəri onlarla dəfə artıb və gələn il yalnız raket və dron istehsalının həcmi 35 milyard dollar olacaq.
Gələcəyə baxış
Zelenski qeyd edib ki, Ukrayna artıq 30-dan çox ölkə ilə təhlükəsizlik üzrə ikitərəfli saziş imzalayıb. Bu müqavilələr yalnız humanitar dəstək deyil, həm də maliyyə, hərbi yardım və yeni silah istehsalını nəzərdə tutur. Prezidentə görə, bu resurslar Ukraynanın uzunmənzilli zərbə qabiliyyətlərini və pilotsuz sistemlərini inkişaf etdirməkdə həlledici rol oynayacaq.
Ukrayna öz hərbi sənayesini qlobal oyunçuya çevirməyə çalışır. "Flamingo" raketlərinin tətbiqi artıq Moskva üçün yeni təhlükədir. Əgər istehsal planlaşdırıldığı kimi sürətlənərsə, yaxın illərdə Ukrayna təkcə cəbhədə deyil, silah bazarında da əsas söz sahiblərindən birinə çevrilə bilər.