“Avropa ilk növbədə Gürcüstan müxalifətinin lideri sayılan Saakaşvilinin azadlığa çıxmasına nail olmalıdır...”
Ekskluziv
173
16:16, Bu gün

“Avropa ilk növbədə Gürcüstan müxalifətinin lideri sayılan Saakaşvilinin azadlığa çıxmasına nail olmalıdır...”

“Gürcüstan müxalifəti çalışır ki, vəziyyəti dəyişsin və hakimiyyətin ehtiraslarını cilovlamağa çalışsın. Lakin cəmiyyət hadisələrin qarşısıalınmaz qarşıdurmaya gedəcəyindən ehtiyatlanaraq hakimiyyətə qarşı adekvat cavab verməyə tələsmir...”
 
Gürcüstanda eks-prezident Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası başda olmaqla demokratik qüvvələrin 4 oktyabr bələdiyyə seçkiləri günü Rusiyayönlü İvanişvili rejiminə qarşı təşkil etdikləri kütləvi aksiyanı və onun nəticələrini necə dəyərləndirmək olar? Görəsən, gürcü müxalifətinin bundan sonrakı yaxın dövrdə daha kütləvi və uğurlu, real nəticəyə gətirəcək hərəkat təşkil etmək şansları varmı, yoxsa hər şey növbəti parlament seçkiləri ərəfəsinə qaldı?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:
 
“Gürcüstanda bələdiyyə seçkiləri gözlənildiyi kimi, gərgin atmosferdə keçdi və ardınca da kütləvi etiraz dalğaları ilə müşayiət olundu.  Milyarder Bdzina İvanişivilinin yaradtdığı “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası hakimiyyətə gələndən  Gürcüstanın həm xarici siyasi orientasiyasında, həm də daxildə ciddi dəyişikliklər etdi. Cənubi Qafqazda və postsovet məkanında nümunə kimi göstərilən Gürcüstan totalitarlığa meyilləndi və Qərbdən uzaqlaşdı. 2024-cü ilin oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra proseslər kəskin xarakter aldı və hakimiyyətin ritorikası da, addımları da kəskinləşdi və sərtləşdi. Ölkə beynəlxalq ictimaiyyətin təpkisi və tədrici ilə üzləşdi...   
 
Hazırda Gürcüstanda müxalifət partiyalarının parlamentdən imtina edərək işində iştirak etməməsi siyasi systemin nə qədər mənfiyə doğru dəyişməsinin göstəricilərindən biridir.  4 okryabr bələdiyyə seçkilərindən əvvəl cəmiyyət üzərində ciddi basqılar vardı və real müxalifətin həmin seçkilərdən kənarda qalması üçün iqtidar əlindən gələnləri etdi... 
 
Gürcüstan MSK-nın elan etdiyi rəsmi nəticələrdən də aydın görünür ki, seçkilərin demokratik, şəffaf və azad keçirilməsinə ciddi və əsaslı şübhələr var. Əvvəla, onu qeyd edək ki, seçki fəallığı yüksək olmayıb. Hakim “Gürcü Arzusu” partiyasının seçkiləri 80 faiz fərqlə qazanması, o cümlədən Tiflis meri Kaxa Kaladzenin 71 faiz səs toplaması totalitar rejimlərə xas göstəricilərdir. Təkcə bu iki fakt Gürcüstanda bələdiyyə seçkilərinin Rusiyada keçirilən seçkilərlə eynisi olduğuna əsas verir. Görünən odur ki, indiki hakimiyyət özünün Rusiyapərəst  adlandırılmasına hər cür tutarlı subut və əsaslar vermiş olur. Baş nazir və komandası Moskva ilə ehtiyatlı davranış sərgiləməyə çalışsa da, həmçinin Avrointeqrasiya  xətti götürdüyünü bəyan etsə də, əməldə və fəaliyyətdə, aparılan siyasətdə bunu tam əksini görürük. Hakimiyyəti mahiyyət və xarakter etibarı ilə zorakılığa, gücə və radikallığa meyillidir. Gürcüstan müxalifəti çalışır ki, vəziyyəti dəyişsin və hakimiyyətin ehtiraslarını cilovlamağa çalışsın. Lakin cəmiyyət hadisələrin qarşısıalınmaz qarşıdurmaya gedəcəyindən ehtiyatlanaraq hakimiyyətə qarşı adekvat cavab verməyə tələsmir. Qərbin də təsirli dəstəyi hələ ki, ortada yoxdur. Baxmayaraq ki, İvanaşivilyə qarşı sanksiyalar tədbiq edilib, onun təsirində olan Gürcüstan hakimiyyətinə Qərbin müəyyən basqıları var. Bununla belə, faktiki bütün bunlar hakimiyyətin mövqeyində ciddi dəyişikliklərə gətirib çıxarmayıb. Məncə, Avropa patriarxları ilk növbədə Gürcüstan müxalifətinin lideri sayılan Mixail Saakaşvilinin azadlığa çıxmasına nail olmalıdır. Onun həbsdə qalması müxalifətin zərərinədir və böyük itkidir.  Müqavimətin və mübarizənin önündə olan müxalif liderlərinin həbs edilməsinə qarşı Qərbin effektiv addımları da hələki ortada yoxdur. Görünür,  “Gürcü Arzusu”nun tam Moskvaya sığınmaması, yaxud Cənubi Qafqazda yeni bir gərginlik ocağının yaranmaması üçün bir qədər ehtiyatlı yanaşılır... 
 
Gürcüstanda hadisələrin dramatik inkişafı region ölkələri üçün də təsirli olacağından diqqətlə izlənilir. Müxalif Milli Birlik Hərəkatı Partiyası isə əvvəlki mövqelərində deyil, yəni cəmiyyət tərəfindən geniş dəstəklənmir. Cəmiyyətə daha çox siyasi şüarlar, populizm və qarşıdurma deyil, öz həyatının və rifahının yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsi lazımdır. Ona görə də bələdiyyə seçkilərindən sonra başlanan etirazların uğur qazanacağını və uzun sürəcəyini düşünmürəm. Seçki eyforiyası və qızışan emosiyalar bir müddətdən sonra səngiyəcək, ancaq iqtidar-müxalifət qarşıdurması bundan sonra da davam edəcək. Bununla belə, siyasi mübarizənin küçələrdə təzahürü təhlükəli həddə çatmayacaq...”
 
Təqdim etdi:
Sultan Laçın
 
 
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər