“8 Noyabr zəfəri yalnız Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müahribəsindəki qalibiyyəti bütün türk dünyasının birliyi üçün ciddi təkan olub:
“Azərbaycanın 44 günlük Vətən müahribəsində əldə etdiyi tarixi zəfər sadəcə dövlətimizin ərazi bütövlüyünü təmin edilməsi ilə yekunlaşmadı. Bu zəfər həm də türk dünyasının birliyinə töhfə verdi. Müharibədən sonra türk dövlətləri arasında siyasi-diplomatik aktivliyinin artması, birlik, həmrəyliklə bağlı verilən bəyanatlar, bu istiqamətdə atılan addımlar bunun isbatıdır.
Şuşa zəfərindən sonra türk dünyasının birliyi məsələsi daha aydın dərk edildi. Türk dünyası anladı ki, bu birlik tarixi zərurətdən irəli gəlir və tamamilə təbii bir prosesdir.
Azərbaycanın Qarabağda əldə etdiyi zəfər, həm də bütün dünyaya türk dünyasının gücünü nümayiş etdirdi. 8 Noyabr zəfəri sübut etdi ki, türk dünyası yenilməzdir və öz təhlükəsizliyini təmin etməyə, ərazi bütövlüyünü qorumağa, azad, ləyaqətli şəkildə yaşamağa və bütün təhlükələrə meydan oxumağa qadirdir”.
Seymur ƏLİYEV