Ekskluziv
180
05 Oct 2025 | 23:29

"Sosial şəbəkələr vaxtımızı oğurlayaraq yaddaşımızı zəiflədir" - "UnHerd" (Böyük Britaniya)

"Texnoloji nəhənglər yaddaşımızı və gerçəklik hissimizi necə dəyişir?.."
 
Sosial şəbəkələr beynimizə kazino prinsipi ilə təsir edir. Sonsuz lentlər, emosional yüklü paylaşımlar zaman hissini təhrif edir, insanlara elə gəlir ki, həyat daha sürətlə axır. 
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "UnHerd" nəşri yazıb.
 
Zamanın oğurlanması
 
Biz şəxsi məlumatlarımızın oğurlanmasına qəzəblənirik, amma zamanımızı əlimizdən alan sosial media qarşısında qəribə biganəlik göstəririk. Əksər istifadəçilər sosial şəbəkəyə "bir neçə dəqiqəlik baxmaq" niyyəti ilə daxil olur, amma yarım saatın necə keçdiyini anlamır. Tədqiqatlar göstərir ki, "TikTok" və "Instagram" kimi platformalarda vaxt hissi sürətlə itib gedir. Bu təsadüfi deyil: "Facebook"-un qurucularından Şon Parkerin etirafına görə, məqsəd insanların mümkün qədər çox zamanını udmaq olub.
 
Xronosepsiya: beynin zamanla oyunu
 
İnsanın vaxtı dərk etməsi dəyişkəndir. Təcrübə göstərir ki, hadisələr xatirələrdə qaldıqca daha uzun və dərin görünür. Məsələn, tətil zamanı vaxt sürətlə keçir, amma sonradan bu günlər daha uzun xatırlanır. Sosial şəbəkələrin təhlükəsi isə həm indiki, həm də keçmiş zaman hissini eyni anda təhrif etməsidir. İstifadəçi saatlarla baxsa da, sabah həmin paylaşımlardan heç nə xatırlamır.
 
Kazinodan öyrənilmiş manipulyasiya
 
Müasir sosial media dizaynı kazino interyerlərinə bənzədilib. Labirintvari planlaşdırma, sonsuz lent, avtomatik videolar istifadəçini "avtopilot rejimində" saxlayır. Hətta xəbər lentini sonuna qədər oxumaq mümkün deyil, bu da insana daim davam edən proses hissi verir. Bu taktika diqqəti yayındırır, real hadisələri isə dəyərsizləşdirir.
 
Yaddaşın zəifləməsi və "Leta effekti"
 
Araşdırmalar sübut edir ki, sosial şəbəkələr həm qısamüddətli, həm də uzunmüddətli yaddaşı zəiflədir. Lent bir növ unudulma çayı - Letaya çevrilir: insan məlumatı "oxuyur", amma heç nə yadında qalmır. Həddən artıq emosional yüklənmə isə hər şeyi rutinləşdirir və yaddaşdan silir.
 
Çıxış yolları
 
Problemi həll etməyin yolu şüurlu istifadədir. Sosial şəbəkədən imtina edənlərdə zaman hissi yavaşlayır, psixoloji rahatlıq artır. Ən effektiv üsul isə yeni təcrübələrə üstünlük verməkdir: kitab oxumaq, səyahət etmək, real həyatda emosional anlar toplamaq. Yadda qalan yeni təəssüratlar zamanı uzadır, həyat isə daha dolğun görünür.
 
Sosial şəbəkələr bizə illüziya verir: guya daha çox təcrübə yaşayırıq. Əslində isə onlar yaddaşımızı boşaldır, zamanımızı sürətləndirir və gerçəkliyi solğunlaşdırır. Seneka demişkən: "Ən qısa və narahat həyat keçmişi xatırlamayan, bu günü qiymətləndirməyən və gələcəkdən qorxanlara məxsusdur". Buna düşməmək üçün zamanımızı real dəyərlərə sərf etməliyik, çünki nə qədər yaşadığımız yox, necə yaşadığımız əslində hər şeydir.
Link kopyalandı!
Son xəbərlər