Ekskluziv
653
19:23, Bu gün

"Putin sadəcə Qərbə gülür, çünki dünyadan real cavab yoxdur" - Zelenski

"Ukraynaya kütləvi hücum və Çin peyklərinin sirli uçuşu..."
 
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın enerji infrastrukturuna qarşı hücumlarını "Qərbin səssizliyi ilə cəsarətlənən təcavüz" adlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "censor.net" nəşri yazıb.
 
Zelenskidən sərt xəbərdarlıq
 
Zelenski Rusiya ordusunun son kütləvi hücumunu şərh edərək bəyan edib ki, Kreml açıq şəkildə mülki infrastrukturu -  enerji şəbəkələri, qaz anbarları, dəmir yolu logistikası və yaşayış evləri hədəfə alır. Onun sözlərinə görə, hər zərbə adi insanların həyatına yönəlib.
 
Prezident Qərbin adekvat reaksiya vermədiyini vurğulayıb: "Putin sadəcə Qərbə gülür. Çünki dünyadan real cavab yoxdur. Rusiyanın məqsədi xalqımızı qışqabağı enerji böhranı ilə diz çökdürməkdir". Zelenski əlavə edib ki, hər bir raket və dronun içində Qərb ölkələrindən idxal olunmuş yüzlərlə komponent var: "Bu axının qarşısı alınmadan müharibəni dayandırmaq mümkün deyil".
 
Çin peyklərinin kölgəsi
 
Elə həmin gecə Qərbi Ukraynanın, xüsusən də Lvov vilayətinin üzərində Çin istehsalı olan "Yaogan" seriyasından ən azı üç kəşfiyyat peykinin uçuşu qeydə alınıb. Monitorinq məlumatlarına görə, ümumilikdə doqquz keçid baş verib, səhər saatlarında isə optik "Yaogan-34" peyki region üzərində manevr edib.
 
Çin rəsmi olaraq bu aparatların "elmi tədqiqat və təbii fəlakətlərin monitorinqi" üçün istifadə olunduğunu iddia etsə də, ekspertlər onların hərbi kəşfiyyat imkanlarına malik olduğunu bildirir. Bu da Moskva ilə Pekin arasında mümkün koordinasiya ehtimallarını gündəmə gətirib.
 
Hücumun miqyası
 
Oktyabrın 5-nə keçən gecə Rusiya Ukraynaya 549 hava hücum vasitəsi göndərib - 496 kamikadze dron və 53 raket. Ukrayna hava qüvvələri onların 478-ni zərərsizləşdirdiyini açıqlayıb. Hədəf yenə də əsasən enerji infrastrukturu olub.
 
Rusiyanın hücumları daha da güclənir, Qərbin cavabı isə hələ də zəif qalır. Çin peyklərinin sinxron uçuşu isə müharibənin yeni geosiyasi ölçüsünü açır: artıq söhbət yalnız Rusiya-Ukrayna qarşıdurmasından yox, qlobal güclərin səssiz əməkdaşlığından gedə bilər.
Link kopyalandı!
Son xəbərlər