Ekskluziv
303
04 Oct 2025 | 23:00

"Putinin "ölüm mələyi" ilə savaşı: ölümsüzlük arzusu nə qədər realdır? - "Ynet" (İsrail)

"Orqanları dəyişmək mümkündür, amma yaddaş və şüurun qorunması hələ də açıq sualdır..."
 
Rusiya hakimi Vladimir Putin uzun illərdir ömrün uzadılması yollarına xüsusi diqqət ayırır. Onun təşəbbüsü ilə Rusiyada milli tədqiqat mərkəzi yaradılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" nəşri yazıb.
 
Putinin ölümsüzlük marağı
 
Nəşr yazır ki, bu mərkəzdə hüceyrələrin qocalmasının ləngidilməsi, regenerativ tibbin imkanları və neyrotexnologiyaların inkişafı araşdırılır. Hətta Putinin yaxın çevrəsi də bu layihələrin rəhbərliyindədir.
 
Belə ki, dostu Mixail Kovalçuk ölümsüzlük texnologiyalarına sərmayə yatırır, qızı Mariya Vorontsova isə regenerativ tibb və genetik araşdırmalar üçün dövlət qrantları alır. Son çıxışında Putin bir qədər fantastik görünən ideyanı - insan orqanlarının dəfələrlə dəyişdirilməsi və beləliklə əbədi gəncliyin əldə olunması ideyasını gündəmə gətirib.
 
Elm nə deyir?
 
Tanınmış israilli alim, professor Binjamin Dekel bildirir ki, nəzəri baxımdan bu ideyanın əsası var. Orqanlar yaşlandıqca funksiyasını itirir, onların yenisi ilə əvəz olunması ömrü uzada bilər. Amma reallıqda iki böyük maneə mövcuddur - donor çatışmazlığı və immunosu pressiya dərmanları. Bunlar ömür boyu qəbul edilməlidir, amma ağır fəsadlar yaradır.
 
Hazırda elm iki istiqamətdə çıxış yolu axtarır: genetik dəyişdirilmiş donuz orqanlarının insana köçürülməsi (ksenotransplantasiya) və laboratoriyada kök hüceyrələrdən orqan yetişdirilməsi. Hər iki metodda irəliləyiş var, amma tam funksional və təhlükəsiz orqanların istifadəsi hələ uzaq perspektivdir.
 
Ən böyük sual: beyin və yaddaş
 
Hətta bütün orqanların "kataloqdan sifariş edildiyi" gələcək reallaşsa belə, bir sual açıq qalır: beyin necə dəyişiləcək? Alimlər xəbərdarlıq edir ki, bədənin gəncliyi yaddaşı, düşüncəni və şəxsiyyəti xilas etmir. Demensiya və digər neyrodegenerativ xəstəliklər ölümsüzlüyün qarşısında əsas maneə olaraq qalır.
 
Daha real alternativ orqanların qorunmasıdır
 
Elm hələlik daha praqmatik - orqanların köçürülməsi yox, mövcud orqanların degenerasiyasının qarşısını almaq yolu ilə gedir. Kök hüceyrələrin ifraz etdiyi molekullar üzərində aparılan araşdırmalar on il ərzində böyük nəticələr verə bilər.
 
Ömrü uzatmaq, yoxsa həyatı dərk etmək?
 
Putin ölümsüzlüyü texniki məsələ kimi görsə də, elm xatırladır: həyat yalnız ürək, qaraciyər və böyrəklərdən ibarət deyil. Orqanların dəyişdirilməsi "ölüm mələyi" ilə görüşü təxirə sala bilər, amma əsas sual açıq qalır - biz necə yaşamaq istəyirik və əlavə illər bizdən insanlığımızı alacaq, yoxsa zənginləşdirəcək?.
Link kopyalandı!
Son xəbərlər