Ekskluziv
286
04 Oct 2025 | 22:13

"Çin dünyanın yeni enerji supergücünə çevrilib: Bu, Rusiya ilə Qərbə nə vəd edir?" - BBC

"Yaxın illərdə qlobal elektrik enerjisi istehsalında yeni güclərin yarısı Çinə aid olacaq..."
 
ABŞ və Avropa hələ tərəddüd edərkən, Pekin "yaşıl texnologiyalar" üzərində qlobal üstünlüyünü möhkəmləndirir. Çin son on ildə qlobal energetikanın aparıcı gücünə çevrilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Yaşıl inqilab"ın lideri
 
Günəş və külək enerjisi, batareyalar və elektromobillərdə əldə etdiyi sürətli inkişaf Pekini həm daxili bazarda enerji müstəqilliyinə, həm də dünyada "təmiz texnologiyalar"ın əsas ixracatçısına çevirib. Artıq qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə də liderlik Qərbdən Çinə keçib.
 
Sürpriz sürət
 
Çinin yaşıl enerji proqramı misilsiz miqyas alıb. Ölkə təkbaşına bütün dünyanın qalan hissəsindən iki dəfə çox günəş paneli quraşdırır. 2024-cü ildə "yaşıl texnologiyalara" yatırılan investisiyalar 600 milyard dollardan çox olub. Hazırda qlobal günəş panellərinin 90 faizi, külək turbinlərinin 80 faizi Çində istehsal olunur. Elektromobil bazarında isə BYD şirkəti artıq "Tesla"-nı geridə qoyub.
 
Britaniyanın BP şirkətinin baş iqtisadçısı Spenser Deyl etiraf edib: onu ən çox təəccübləndirən Çindəki dəyişikliklərin inanılmaz sürəti olub. Bu gün Çində satılan elektromobillərin payı dünyada 60 faizə, quraşdırılan günəş panelləri və turbinlərin payı isə 65 faizə çatır.
 
"Ekoloji sivilizasiya" konsepsiyası
 
Ekspertlərin fikrincə, Çin rəhbərliyi köhnə inkişaf modelinin - kömür və neft üzərində qurulan iqtisadiyyatın tükəndiyini anlayıb. Nəticədə, Kommunist Partiyası "ekoloji sivilizasiya" ideyası ilə həm iqtisadiyyatı, həm də sosial və ekoloji sahələri eyni vaxtda inkişaf etdirməyi hədəfə alıb. Bu strategiya nəticəsində "təmiz texnologiyalar" Çinin yeni iqtisadi mühərrikinə çevrilib.
 
"S&P Global"-ın məlumatına görə, son 10 ildə Çin günəş panelləri, külək turbinləri və batareyalar üçün istehsal güclərinə yüzmilyardlarla dollar sərmayə qoyub, kritik xammal bazasına nəzarəti ələ alıb və daxildə sərt rəqabət yaradaraq innovasiyaları sürətləndirib. Bu gün bütün dünyada "yaşıl enerji" üzrə patentlərin 75 faizi Çinə məxsusdur.
 
Qərbin qaçırdığı fürsət
 
Əslində "yaşıl inqilab" iqlim dəyişikliyi ilə mübarizə, enerji asılılığının azaldılması və texnoloji liderliyi qorumaq məqsədilə Qərbdə başlayıb. Lakin maliyyə böhranından sonra ABŞ və Avropa subsidiyaları kəsib, siyasi dəyişikliklər isə planların gerçəkləşməsinə mane olub. Xüsusən də Donald Tramp dövründə ABŞ "yaşıl iqtisadiyyata keçid" proqramını ləğv edib.
 
Çin isə boş qalan bu yeri doldurub. Siyasi lider Si Tszinpin BMT tribunasından ilk dəfə olaraq ölkənin emissiyaları azaltmaq öhdəliyini elan edib. Ekspertlər qeyd edir ki, Pekin iqlim məsələsinə ideoloji yox, sənaye və iqtisadiyyat prizmasından yanaşır.
 
Rusiya və ABŞ üçün təhlükə
 
Çinin enerji xəritəsi dəyişdikcə, ən çox itirənlər neft-qaz dövlətləri - Rusiya və ABŞ ola bilər. İndiyədək Çin onların ən iri alıcısı olub. Lakin 2025-ci ilin ilk yarısında ilk dəfə olaraq bərpaolunan enerji mənbələrinin artımı elektrik enerjisinə tələbi üstələyib. Bu isə neft, qaz və kömür istehlakının azalmasına gətirib çıxarıb. Əgər bu meyl davam etsə, dünya miqyasında fosil yanacaqlara tələbatın zirvəsi gözləniləndən daha tez reallaşa bilər.
 
Qərbin dilemması
 
Avropa və ABŞ Çini izləməkdə çətinlik çəkir. Səbəb sadədir: Çində ucuz işçi qüvvəsi, sürətli layihələndirmə və dövlət dəstəyi var. Qərb isə daha bahalı texnologiyalara - hidrogen, karbon tutma layihələrinə üstünlük verir və qısa seçki dövrləri uzunmüddətli planlaşdırmaya mane olur.
 
Ekspertlərin proqnozuna görə, yaxın illərdə qlobal elektrik enerjisi istehsalında yeni güclərin yarısı Çinə aid olacaq. Artıq inkişaf etməkdə olan ölkələrin çoxu Çin texnologiyalarına keçid edir. Bununla birlikdə, Çin təkcə panellər və batareyalar yox, həm də siyasi təsir ixrac edir.
 
Çin çoxdan gələcəyin energetikasına qədəm qoyub. ABŞ və Avropa hələ tərəddüd edərkən, Pekin "yaşıl texnologiyalar" üzərində qlobal üstünlüyünü möhkəmləndirir. Bu, yalnız enerji bazarında deyil, həm də beynəlxalq siyasətdə qüvvələr balansını dəyişmək gücünə malikdir.
Link kopyalandı!
Son xəbərlər