"ABŞ-ın dəstəyi ilə Avropa ordularını gücləndirir, Rusiya ilə mümkün toqquşmaya qarşı müdafiə planlarını genişləndirir..."
NATO son illər intensiv təlimlər keçirir, xüsusilə də çoxmillətli kontingentlərin qarşılıqlı döyüş hazırlığına diqqət yetirir. Alyans hesab edir ki, Rusiya hibrid müharibə aparır və real toqquşmaya da hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
BBC-nin Rus xidməti Avropada hərbi hazırlığın artması fonunda yaranan sualları toplayıb və onlara cavab axtarıb.
1. Niyə Qərbdə düşünürlər ki, Rusiya NATO-ya hücum edə bilər?
Cavab: Ukraynada müharibə, Rusiyanın NATO-ya düşmən münasibəti və silahlanmanın sürətli artması bu ehtimalı gücləndirir. Aydın işarələr yoxdur, amma ekspertlər hesab edir ki, Moskva bir neçə ilə genişmiqyaslı müharibəyə hazır ola bilər.
2014-cü ildə Krımın ilhaqı və Donbasdakı hibrid müharibə münasibətləri gərginləşdirib. 2022-ci ildə Belarusdakı təlimlər Ukraynaya hücumun başlanğıcına çevrilib. Bundan sonra Finlandiya və İsveç NATO-ya qoşulub, Rusiya isə Alyansın genişlənməsini hər zaman təhlükə kimi qəbul edib.
2. Niyə Baltik ölkələri ehtimal olunan döyüş meydanı hesab olunur?
Cavab: Çünki Rusiya ilə ən uzun quru sərhəd burada yerləşir. Baltikyanı ölkələr NATO-nun müdafiə sistemində coğrafi cəhətdən zəif həlqədir: onların Avropanın qalan hissəsi ilə bağlantısı yalnız dar "Suvalk dəhlizi" vasitəsilə mümkündür. Əgər bu dəhliz kəsilərsə, Litva, Latviya və Estoniya yalnız dəniz və hava yolu ilə təmin edilə bilər.
3. Avropada artıq hibrid müharibə gedirmi?
Cavab: NATO-ya görə - bəli. Hibrid müharibəyə kiberhücumlar, diversiyalar, hava məkanının pozulması daxildir. 2023-2025-ci illərdə Baltik dənizində kabellərin zədələnməsi, Polşaya dronların düşməsi, Estoniya üzərində rus qırıcılarının uçuşu buna nümunədir. NATO "Baltik keşikçisi" və "Şərq keşikçisi" əməliyyatlarını başladaraq cavab tədbirləri görür.
4. Əgər real müharibə olsa, NATO necə döyüşəcək?
Cavab: Alyans Rusiya kimi "dron müharibəsinə" girməyi planlaşdırmır. Onların üstünlüyü yüksək dəqiqlikli raketlər, artilleriya, güclü aviasiya və donanmadır. Dronlar əsasən kəşfiyyat və müşahidə üçün istifadə olunacaq. NATO-nun strategiyası - hücumun ilk mərhələsində vaxt udmaq və tez bir zamanda əsas qüvvələri cəbhəyə çıxarmaqdır.
5. NATO-nun real ordusu varmı?
Cavab: Bir vahid ordu yoxdur, amma ümumi say 3,5 milyon hərbçiyə yaxındır. Avropa ölkələrinin resursu Rusiyanınkı ilə təxminən eynidir, amma onların ümumi əhali və potensial ehtiyat qüvvələri daha çoxdur. Finlandiya və Polşa kimi ölkələr sürətli səfərbərlik sistemi qurur, Baltikyanı ölkələr də hərbi hazırlığı gücləndirir.
6. Tibbi hazırlıq necədir?
Cavab: Müharibənin təcrübəsi göstərir ki, dron hücumları və partlayıcı sursatlar çoxlu ağır yaralı yaradır. Almaniya və digər ölkələr xəstəxanaları kütləvi yaralı qəbulu üçün uyğunlaşdırır, mobil hospital və təxliyə sistemlərini genişləndirir.
7. Nüvə silahı məsələsi
Avropada nüvə arsenalı yalnız Rusiyada deyil, həm də Britaniya və Fransada mövcuddur. ABŞ-ın taktiki nüvə başlıqları bir neçə NATO ölkəsində yerləşdirilib. Ən böyük risk - taktiki nüvə silahının istifadəsinin daha asan görünməsidir. Amma qarşılıqlı çəkindirmə hələ də işləyir.
8. ABŞ-a arxayın olmaq olarmı?
Cavab: Tramp administrasiyası Avropanı öz müdafiəsinə daha çox məsuliyyət daşımağa çağırır. Rəsmi olaraq ABŞ NATO öhdəliklərini saxlayır, amma Avropada skeptisizm artır. Avropa dövlətləri həm NATO, həm də Avropa İttifaqı çərçivəsində müstəqil müdafiə siyasəti qurmağa çalışır.
9. Avropa iqtisadiyyatı müharibəyə hazırdırmı?
Cavab: Hələ yox. Avropa iqtisadiyyatı uzun illər "sülh rejimində" olub və silah sənayesi zəif investisiyalarla işləyib. İndi hərbi xərclər artır: 2025-ci ildə 381 milyard avroya çatacaq, amma NATO-nun 2035 hədəfi olan ÜDM-in 5 faizindən hələ uzaqdır.
10. Avropa müdafiə sənayesi hazırdırmı?
Cavab: Tam deyil. Lakin vəziyyət dəyişir: yeni zavodlar açılır, istehsal artırılır, ABŞ və Asiyadan asılılıq azaldılır. Almaniyanın "Rheinmetall" şirkəti Baltik ölkələrində və özündə iri istehsal müəssisələri tikir, Polşa və Skandinaviya ölkələri də arsenalı genişləndirir.
Beləliklə, Avropa hələ müharibəyə tam hazır deyil, amma sürətlə hərbi, iqtisadi və siyasi baxımdan yenidən silahlanmaya gedir. Hibrid toqquşmalar artıq reallıqdır, böyük müharibə isə ehtimal olaraq yaxın illərin ən böyük sınağına çevrilə bilər.