“Görürük, Tramp Putini bunkerdən necə çıxardı. Çoxları buna mənfi bucaqdan yanaşır. Əslində isə bununla ABŞ lideri dünya ictimaiyyətinə göstərdi ki, “biz – amerikalılar sülhsevərik, qanın, müharibənin əleyhinəyik, Qərb müharibə istəmir, NATO müdafiə blokudur...”
“Ukraynada müharibənin necə davam edəcəyi haqda proqnozumuz dəyişməyib – birdir: biz bu müharibəni 1991-ci il sərhədlərini bərpa edənədək aparacağıq. Buna heç kəsin şübhəsi olmasın...”
“Əlbəttə, bizim ürəyimizdən keçərdi ki, HATO ərazisinə Rusiya dronlarının və qırıcılarının uçmasına cavab olaraq Kreml vurulsun, Moskva, Peterburqdakı və s. bütün hərbi müəssisələr və komanda mərkəzləri yer üzündən silinsin... Amma onu deyim ki, qərblilər çox “hiyləgər” deməzdim, ağıllı və təmkinlidirlər. Görürük, Tramp Putini bunkerdən necə çıxardı. Çoxları buna mənfi bucaqdan yanaşır. Əslində isə bununla ABŞ lideri dünya ictimaiyyətinə göstərdi ki, “biz – amerikalılar sülhsevərik, qanın, müharibənin əleyhinəyik, Qərb müharibə istəmir, NATO müdafiə blokudur”. Və s. və i.a. Bu minvalla Putini çıxardılar meydana ki, sözünü de. O da nə desin artıq? Müharibəni necə dayandırsın? Xalqı önündə qarşıya qoyduğu məqsədlərin hansına nail olub? Heç nəyə nail olmayıb. Əksinə, 1 miyon 100 min nəfərdən çox canlı itki verib. Və 100 mindən də çox Rusiya vətəndaşı itkin düşüb. Demək istəyirəm ki, bütün bunların hamısı ABŞ-ın, NATO-nun hərəkətsizlik kimi görünən davranışları Rusiyanın şirnikləndirilməsinə xidmət edir. Bununla Putin özü də, Rusiya ictimaiyyəti də yellənir, qızışır: “biz nəhəng imperiyayıq, Amerika da, NATO da qabağımızdan qaçır və s.”
Bu fikirləri Moderator.az-a açıqlamasında Kiyevdə yaşayıb fəaliyyət göstərən hərbi-siyasi ekspert Elxan Nuriyev "NATO-nun və ümumiyyətlə, Avropa ölkələrinin özünün Rusiya qırıcı və PUA-larının Alyans ərazisinə daxil olmasına ilkin reaksiyasını necə dəyərləndirirsiz? Başqa cür ola bilərdimi?” sualını cavablandırarkən ifadə edib.
“Və o da maraqlıdır ki, artıq sentyabrın 28-dən Kremldən “Z” patriotlara, təbliğat kanallarına xüsusi təlimat verilib ki, bundan sonra Trampı tərifləmək olmaz və bu günlərdə kim onu tərifləyibsə, silməlidir. Yəni artıq bir həftədir ki, Rusiyada Tramp düşmən obrazına çevrilib. Əvvəl onu tərifləyirdilər, indi isə artıq düşmən sayırlar…
Əlqərəz, bilirsiz, Rusiya matritsası pozulmuş qoca, xroniki xəstə bir imperiyadır. İmperiyalar da canlı orqanizmlər kimidir: müəyyən dövrü olur — 300–500 il, lap 1000 il, bəzən daha çox. Amma nə vaxtsa onların da sonu gəlir. O vaxtdan sonra metropoliya koloniyalara heç nə verə bilmir və nəticədə koloniyalar metropoliyadan, yəni bu halda Kremldən, Moskvadan ayrılmağa başlayır… Rusiyanı bu tip proseslər gözləyir…”
“Ukraynada müharibənin bitməsi haqda hansı proqnozlara üstünlük verirsiz” sualına isə ekspert belə cavab verib:
“Ukraynada müharibənin necə davam edəcəyi haqda proqnozumuz dəyişməyib – birdir: biz bu müharibəni 1991-ci il sərhədlərini bərpa edənədək aparacağıq. Buna heç kəsin şübhəsi olmasın. Guya 2022-ci ildə Amerika bizə silah, yaxud maliyyə verirdi ki?.. Əgər düşmən Kiyev yaxınlığına gəlib çıxanda- onun ən güclü vaxtında müqavimət göstərə bildiksə, indi niyə göstərməyək ki? Allaha şükür, Ukraynanın silahı da var, ordusu da var. Hazırda NATO standartlarına uyğunlaşdırılan 18 korpus səviyyəsində hərbi struktur mövcuddur. Bu, zarafat deyil. Bu, kiçik rəqəm deyil. Korpusların birində 50 min civarında hərbçi olur. Düzdü, hazırda hamısı komplektləşdirilməyib. Yəni orta hesabla hər korpusda, azı 30-35 min nəfər var. Hər korpusa da 10-15 briqada daxildir… Bu mənada Ukrayna artıq müharibəni udub. Sadəcə onu fizikiləşdirmək lazımdır. Və dediyim kimi, tükəndirmə müharibəsi gedir və o hələ davam edəcək…”
Sultan Laçın