“Etiraz aksiyalarının inqilabla nəticələnəcəyi inandırıcı görünmür. Yenə də deyirəm, ona görə inandırıcı görünmür ki, birincisi, ortada lider faktoru yoxdur. İkincisi, müxalifət birləşməyib, bütöv deyil daxili ziddiyyətlər mövcuddur. Və üçüncüsü...”
Xəbər verildiyi kimi, bu gün- oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçirilir. Hazırda həbsdə olan eks-prezident Saakaşvili və onun “Vahid milli hərəkat” partiyasının da dəstəklədiyi müxalif qüvvələrdən bir qismi seçkiləri boykot edib və paytaxt Tiflisdə genişmiqyaslı aksiyalara çıxmağı planlaşdırır. Bəzi ictimai fəallar hətta bəyan edib ki, 4 oktyabrda Rustaveli prospektinə yüz minlərlə Avropayönümlü gürcü yığılacaq və sülh yolu ilə hakimiyyət dəyişikliyi baş verəcək.
Bəs görəsən, deyilənlər Gürcüstandakı bugünkü gerşəkliyə nə dərəcədə uyğundur və bu gün qonşu ölkə də baş verəcəklərdən nə gözləmək olar?..
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
“Gürcüstanda müxalifət uzun müddətdir ki, davamlı və inadkar mübarizə aparır, əlbəttə. Lakin hələlik ortada ciddi bir nəticə yoxdur. Bəs hansı mənada və niyə nəticə yoxdur? Gürcüstan hökumətinə beynəlxalq basqıları, həmçinin müxalifətin aksiyalarının ciddi daxili dəstək qazandığını nəzərə alsaq, demək mümkündür ki, Gürcistanda həqiqətən güclü bir müqavimət hərəkatı mövcuddur. Amma eyni zamanda bu müqavimət hərəkətinin ortada lideri yoxdur. Keçmiş prezident Salome Zurabişvili bir zamanlar, hələ vəzifədə ikən bu hərəkata qoşulmuşdu və lider kimi görünməyə, hətta bu hərəkata rəhbərlik etməyə çalışırdı. Belə rəhbərliyi edirdi də... Ancaq Salome Zurabişvili uğurlu lider ola bilmədi. Və məhz lider faktorunun ortada olmaması bu hərəkatın indiyədək uğur qazana bilməməsinə gətirib çıxardı...
Şübhəsiz ki, bütün bu məsələlərdə lider ola biləcək şəxs hazırda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili idi. Amma təəssüf ki, məhz həmin xanım Zurabişvili hələ prezident olarkən özünün keçmiş şəxsi incikliyini bir tərəfə qoyub Saakaşvilinin əfv edilərək həbsdən azad olunması haqda qərar vermədi. Yəni fakt budur ki, o həmin qərarı vermədi. O başqa məsələdir ki, Zurabişvili Saakaşvilinin həbsdən azad edilməsi haqda qərarı imzalayardı, amma hökumət onu icra etməzdi. Lakin o heç buna cəhd də etmədi. Təbii ki, bunun arxasında şəxsi inciklik, şəxsi kin və qisas faktoru dayanırdı. Bildiyiniz kimi, vaxtilə Saakaşvili prezident olarkən Zurabişvilini Fransadan dəvət edərək xarici işlər naziri təyin etmiş, lakin bir müddət sonra işdən azad etmişdi. Bir sözlə, Zurabişvilinin bu davranışı müxalifətin sıralarında stabil birliyin yaranmasına mane oldu...
Və bu gün də Gürcüstanda seçkiləri bütövlükdə müxalifət boykot etmir. Əlbəttə, müxalifət güclü aksiyalar təşkil edəcək, etiraz mitinqləri baş tutacaq. Amma unutmayaq ki, hakimiyyət də artıq bu cür aksiyalara qarşı mübarizə aparmaqda kifayət qədər təcrübə qazanıb. Belə səbəblərdən bu gün – oktyabrın 4-də müxalifətin bələdiyyə seçkilərini boykot və hakimiyyətə etiraz aksiyasının baş tutacağına şübhə etmirəm. Lakin onun inqilabla nəticələnəcəyi inandırıcı görünmür. Yenə də deyirəm, ona görə inandırıcı görünmür ki, birincisi, ortada lider faktoru yoxdur. İkincisi, müxalifət birləşməyib, bütöv deyil daxili ziddiyyətlər mövcuddur. Və üçüncüsü, hakimiyyət artıq bu məsələdə müəyyən təcrübə toplayıb, bu cür aksiyalara qarşı kifayət qədər özgüvən qazanıb və effektiv mübarizə aparır. Bu səbəblərdən, şəxsən mən gözləmirəm ki, Gürcüstanda hakimiyyət dəyişikliyi olacaq. Əlbəttə, müəyyən ehtimal var, amma bu ehtimal çox azdır. Hər halda yaşayaq- görək...”
Sultan Laçın