Ekskluziv
431
03 Oct 2025 | 22:47

"Valideynlərin qocalar evinə verilməsi: xəyanət, yoxsa qayğı?" - "Литературная Газета"

"Qocalar evləri nə "kimsəsizlərin sürgünü", nə də ailə borcundan imtina deməkdir..."
 
Avropada qocalara qulluq dövlətin sosial siyasətinin ayrılmaz hissəsidir, postsovet məkanında isə məsələ hələ də ailə borcu və şəxsi faciə kimi qəbul olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə "lzg.ru" nəşri yazıb.
 
Avropa təcrübəsi: dövlət və cəmiyyətin ortaq məsuliyyəti
 
Nəşr yazır ki, qoca əhalinin sürətlə artdığı Avropa ölkələri problemi hələ illər öncə dövlət siyasətinə çevirib. Burada əsas prinsip budur: yaşlı insanın ləyaqəti və rifahı ailə üzvlərinin imkanlarına yox, dövlətin və peşəkar xidmətlərin sisteminə söykənməlidir.
 
- Evə yönəlik xidmətlər. Almaniya, Fransa və Skandinaviya ölkələrində dövlət proqramları vasitəsilə sosial işçilər və tibb bacıları evlərə göndərilir. Bu, yaşlılara tanış mühitdə qalaraq lazımi qayğı almağa imkan yaradır.
 
- Qocalar evlərinin müxtəlifliyi. Avropada panisonatlar yalnız xəstələr üçün deyil. Sağlam, amma tənha qalan insanlar da bu müəssisələrə üz tuturlar - məqsəd ünsiyyət və sosiallaşmadır.
 
- Normallaşmış yanaşma. Burada valideyni qocalar evinə vermək xəyanət yox, məsuliyyətli seçim hesab olunur. ABŞ-da 1,7 milyon insan peşəkar müəssisələrdə yaşayır və bu, adi sosial praktika sayılır.
 
Postsovet məkanı: ailə borcu və psixoloji yük
 
Rusiya və digər postsovet ölkələrində ənənəvi təsəvvür fərqlidir: valideyni qocalar evinə aparmaq çox vaxt "ailə borcuna xəyanət" hesab edilir.
 
- Cəmiyyətin basqısı. Belə qərarı verənlər çox vaxt yaxın çevrənin ittihamı və qınağı ilə üzləşir.
 
- Real çətinliklər. Demensiya, iflic və ağır xəstəliklər ailələrə təkbaşına öhdəsindən gələ bilmədikləri yük qoyur. Gecə-gündüz nəzarət, tibbi yardım və xüsusi avadanlıq olmadan bu mümkün deyil.
 
- Zəif infrastruktur. Bir sıra yeni təşəbbüslərə baxmayaraq, dövlət dəstəyi hələ sistemli deyil. Xüsusi panisonatlar isə ya çox bahalıdır, ya da keyfiyyəti aşağıdır.
 
Etik dilemma: xəyanət, yoxsa qayğı forması?
 
Əsas psixoloji baryer budur: valideyni qocalar evinə yerləşdirmək ailədən imtina kimi qəbul olunur. Halbuki Avropa modelində bu addım insanın sağlamlığına və həyat keyfiyyətinə hörmətin ifadəsidir.
 
Ekspertlər bildirir ki, ideal həll ailənin emosional bağlılığını qorumaq, gündəlik qayğını isə peşəkar mütəxəssislərə həvalə etməkdir. Yəni övlad valideynin yanında olur, amma tibbi və fiziki yardımın məsuliyyətini dövlət və ixtisaslı personal daşıyır.
 
Gələcək perspektiv: sosial dövlətin rolu
 
Avropa təcrübəsi göstərir ki, yaşlanan əhali ilə bağlı siyasət ailələrin üzərinə buraxıla bilməz. Dövlətin, bələdiyyələrin və icmaların ortaq məsuliyyəti vacibdir. Əks halda yaşlı insanların rifahı pisləşəcək, gənc nəsil isə psixoloji və iqtisadi yüklə üz-üzə qalacaq.
 
Postsovet məkanında da bu istiqamətdə dəyişikliklər qaçılmazdır. Əhalinin qocalması artıq sosial faktdır və ənənəvi "ailə qayğısı" modeli təkbaşına kifayət etməyəcək.
 
Qocalar evləri nə "kimsəsizlərin sürgünü", nə də ailə borcundan imtina deməkdir. Onlar müasir sosial dövlətin vacib alətlərindən biridir. Əsas odur ki, bu müəssisələr insanın ləyaqətini qoruyan, ona həm tibbi, həm də mənəvi dəstək verən mərkəzlərə çevrilsin.
Link kopyalandı!
Son xəbərlər