Ekskluziv
644
03 Oct 2025 | 20:50

"Gürcü arzusu" seçkidə qələbəyə, müxalifət isə etirazlara hazırlaşır" - BBC

"Gürcüstanda bələdiyyə seçkiləri siyasi gərginlik fonunda keçiriləcək..."
 
Oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkiləri ölkənin son illərdə üzləşdiyi ən böyük siyasi böhranlardan biri fonunda baş tutur.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb 
 
Nəşr qeyd edir ki, hakim "Gürcü arzusu" partiyasının qələbəsinə ciddi təhlükə görünmür: müxalifətin bir hissəsi seçkilərə qatılmaqdan imtina edib, bir çox lider həbs olunub, QHT-lərin isə hesabları dondurulub. Bunun əvəzinə radikal müxalif qüvvələr küçə etirazlarına hazırlaşır.
 
Tbilisinin seçki meydanı
 
Ən böyük mübarizə hər zamankı kimi paytaxt Tbilisidədir. Şəhərin küçələri "Gürcü arzusu"nun namizədi, 47 yaşlı keçmiş futbolçu Kaxa Kaladzenin plakatları ilə doludur. 2017-ci ildən mer postunu tutan Kaladze artıq üçüncü dəfə namizəd olur.
 
Ona qarşı səkkiz namizəd mübarizə aparsa da, analitiklər Kaladzenin qələbəsini qaçılmaz hesab edir. Halbuki 2024-cü ilin parlament seçkilərində "Gürcü arzusu" paytaxtda 50 faizdən az səs toplaya bilib.
 
Ölkə üzrə partiya 53,9 faiz səs qazanıb, lakin müxalifət nəticələri tanımayıb. Seçkidən sonra Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının təxirə salınması barədə qərar kütləvi etirazlara səbəb olub.
 
Müxalifət parçalanmış vəziyyətdə
 
Bülletenlərdə "Gürcü arzusu"ndan başqa daha 11 partiya olacaq. Amma səkkiz liberal və qərbyönlü qüvvə, o cümlədən "Dəyişikliklər uğrunda Koalisiya" seçkiləri boykot edib. Onlar bu prosesi "hoqqabazlıq"  və "Rusiyanın ssenarisi" adlandırıb.
 
Siyasi ekspert Korneli Kakaçia bildirir: "Əgər müxalifət tam şəkildə seçkilərə qatılmış olsaydı, Tbilisidə real rəqabət mümkün idi. İndiki halda isə bu, İvanişvili üçün ən böyük hədiyyədir". Müxalifətin parçalanması və liderlərin həbsdə olması seçkiləri hakim partiya üçün daha da asanlaşdırır.
 
"Kollektiv müxalifət"ə qarşı repressiyalar
 
Son aylar Gürcüstanda görünməmiş sayda müxalif lider həbs olunub. Onların arasında "Dəyişikliklər uğrunda Koalisiya"nın üç lideri, eləcə də ENM (Vahid Milli Hərəkat) sədri Levan Xabeişvili var.
 
Hakimiyyət xüsusi parlament komissiyasının materiallarını əsas götürərək müxalifət partiyalarını "kollektiv ENM" kimi təqdim edir və onları qadağan etməyə hazırlaşır. Müxalifət isə bu komissiyanı qeyri-legitim sayır.
 
Sentyabrda siyasətçi Elene Xoştariya Kaladzenin seçki plakatını dəyişdiyinə - üzərinə "Rusiya arzusu" yazdığına görə həbs olunub. Bütün bunlar müxalifətdə "hakimiyyətin avtoritar kursa keçidi" ilə bağlı narahatlıqları gücləndirib.
 
Seçkilər nəzarətsiz qalır
 
Bu dəfə Gürcüstanda seçkiləri nə ATƏT, nə də ənənəvi yerli QHT-lər müşahidə edəcək. Beynəlxalq müşahidəçilərə dəvət çox gec göndərilib, QHT-lərin hesabları isə dondurulub. "Azad və ədalətli seçki üçün minimal şərtlər belə təmin olunmayıb",  - ISFED təşkilatının rəhbəri Levon Natroşvili vurğulayıb. Avropa İttifaqı Tbilisinin hərəkətlərini "əsas hüquqlara təcavüz" adlandırıb, amma hələlik beynəlxalq reaksiyanın təsiri hiss olunmur.
 
Etiraz dalğası
 
Müxalifətin əsas planı seçkilərdən sonra küçə etirazlarıdır. "Rustaveli prospekti hərəkatı" oktyabrın 4-də yüz minlərlə insanın "xalq məclisi:nə toplanacağını və hakimiyyətin xalqa qaytarılacağını iddia edir. Amma siyasi müşahidəçilər qeyd edir ki, müxalifətin təşkilati hazırlığı zəifdir. "İnqilabı planlaşdırmaq mümkün deyil. Gürcü cəmiyyəti hələ buna hazır deyil", - Kakaçia bildirir.
 
Hakimiyyətin sərtləşən ritorikası
 
Hakim "Gürcü arzusu" müxalifəti “dövlət çevrilişinə hazırlaşmaqda" ittiham edir. Partiyanın qurucusu Bidzina İvanişvili isə ölkəni "sülh və sabitlik" naminə seçkilərdə fəal iştirak etməyə çağırır. Rəsmi Tbilisi hətta Avropa diplomatlarını da tənqid atəşinə tutub, Almaniya və Britaniya səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq onları "radikal qüvvələri dəstəkləməkdə" günahlandırıb.
 
Bu isə Gürcüstanın Avropa İttifaqına inteqrasiyası yolunda yeni maneələr yaradır. Avropa İttifaqı hökumətin "antidemokratik və antiAvropa kursu" tutduğunu bildirir. Gürcüstanda 4 oktyabr seçkiləri formal olaraq keçiriləcək, çünki qanunvericilik seçici iştirakına minimum tələb qoymur. 
 
Amma müxalifətə qarşı repressiyalar, beynəlxalq müşahidəçilərin yoxluğu və parçalanmış siyasi səhnə fonunda bu seçkilər ölkənin demokratiya sınağını daha da çətinləşdirir. Ən böyük sual isə budur: Gürcüstan Avropa yolunda qalacaqmı, yoxsa hakimiyyətin sərtləşən siyasəti onu beynəlxalq təcridə sürükləyəcək?..
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər