“Döyüşdüyüm ərazilərdə filmə çəkildim, medallarımı tamaşalarda istifadə edirəm”-Teatrdan cəbhəyə gedən yol-FOTO+ÖZƏL
Ekskluziv
499
19:35, Bu gün

“Döyüşdüyüm ərazilərdə filmə çəkildim, medallarımı tamaşalarda istifadə edirəm”-Teatrdan cəbhəyə gedən yol-FOTO+ÖZƏL

“3 il idi ki, teatrda çalışırdım. Tovuz döyüşlərindən sonra teatrımızın oğlanları könüllü olaraq cəbhəyə yola düşmək üçün ordu sıralarına yazılmışdılar. Qismət elə gətirdi ki, yalnız məni cəbhəyə apardılar. Sentyabrın 27-də Qusardan yola çıxdıq. Kürdəmirə çatanda artıq təmas xətti yarılmışdı. Biz sentyabr ayının 28-də Ağdam istiqamətindən döyüşə girmək istəyirdik. 2 gün orada əməliyyatlar keçirdik, çatan kimi erməni pilotçusunu məhv etdik. Mən Hərbi Hava Qüvvələrinin Əlahiddə birqadasında olmuşam. Elə oldu ki, orada bəxtimiz gətirmədi. Horadiz istiqamətindən döyüşə girmək istəyəndə yerimiz bəlli oldu, minaatanlardan atəşə tutulduq.

Həmin gün həyat bizim üçün bitə bilərdi. Haramı düzündə “Tülkü dərəsi” adlanan yer var. Ora döyüş üçün əlverişli idi, amma nədənsə yenə də yerimiz bəlli oldu. Ordan da köçəsi olduq. Həmin gecə Füzulinin Alxanlı kəndindən döyüşlərə girdik. Hansı ki, “Ohanyan səddi” həmin vaxt yarılıb, Füzulidəki bunkerlər həmin vaxt zəbt olunub. Bir ay müddətində biz Füzulidə olduq. Orada istər minalar, istərsə də təhlükəli ərazilər çox idi. Daha sonra biz Xocavənddə, Qırmızı Bazarda olduq. Dövlət tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. Vətənpərvər tamaşalarımda bu medalları böyük fəxr və qürurla istifadə edirəm”

Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının aktyoru Qurban Əhmədov deyib. O daha sonra döyüşdüyü ərazilərdə filmə çəkildiyini bildirib:


“Ötən il döyüşdüyüm ərazilərdə filmə çəkildim. Bu çox qarışıq duyğudur. Təsəvvür edin, 4 il bundan əvvəl həmin yerlərdə çətin şəraitdə xidmət keçmisən və üstündən 4 il keçir, səni aktyor kimi filmə dəvət edirlər. Bu “Baku Media Center”-in ərsəyə gətirdiyi “Borc” filmidir. İnşallah ki, gələn il kinoteatrlarda olacaq. Müharibə vaxtı hər hansısa şəhərin mərkəzindən keçəndə polis işçilərinin, yanacaqdoldurma məntəqəsi işçilərinin, tibb işçilərinin, sadə insanların bizi hərbi salamla qarşılamaları möhtəşəm hisslər idi. Mən nə vaxtsa yaddaşımı itirə bilərəm, amma o anlar heç vaxt yadımdan çıxmaz. Həmin illər hamı bir yumruq altında birləşmişdi. İnsanların əqidəsi də, fikirləri də bir idi. Biz birləşəndə demək ki, hər şey edə bilirik. Yanımda olmasalar da bir çox dostumu həmin ərazilərdə şəhid vermişəm. Allah onların hər birinə rəhmət etsin” deyə aktyor bildirib.


Qurban Əhmədov bildirib ki, teatr onun üçün bütün sənətlərdən öndədir:


“Teatr, teatrı sevən adamın evidir. Biz evimizdən çox teatrda oluruq. Ya tamaşalarda oynayırıq, ya da məşqlərdə oluruq. Teatrımızın direktoru İntiqam müəllimin bir gözəl sözü var. O deyir ki, “gələcəyin teatr tamaşaçısını biz uşaqlara xidmət etməklə indidən yaradırıq, gələcək üçün tamaşaçı formalaşdırırıq”. Bu çox məsuliyyətli işdir. Teatrda işləyə-işləyə uşaq psixologiyasını da artıq öyrənmişəm. Uşağı aldatmaq çox çətindir. Biz tamaşa hazırlayanda da düşünürük ki, uşağın beynində suallar yaranmasın. Teatr aktyoru yeganə sənətçidir ki, əməkhaqqı onun üçün bir o qədər də önəm kəsb etmir. Onlar səhnəyə vurğun insanlardır. Teatrda qayıdandan sonra “Cənnətə bilet” tamaşasında rol aldım və bütün şəhidlərimizə ithaf olaraq bu səhnə əsərində şəhid obrazını canlandırdım. Tamaşanın rejissoru və ssenari müəllifi İlhamə Əhmədovadır. Könül Şahbazova-Qasımovanın quruluşunda isə “Son nəfəsə qədər” tamaşasında rol almmışam. “Vətən”tamaşası da oynadığım bu cür səhnə əsərlərindəndir. Bundan əlavə AZTV-nin “Göz bəbəyim” adlı bədii filmində özümü, teatrın aktyoru Qurban Əhmədov rolunu canlandırmışam. Burada bir çox şəhidlərin rollarını əks etdiriblər. Qarabağ şəhidlərinin xatirəsinə həsr olunan “Atamın kölgəsində” filmində də rol almışam. Yenə AZTV-nin istehsalı olan “28 may” filmində çəkilmişəm. Çəkildiyim “Ölü Həsən” filmi hələ montaj mərhələsindədir. İlk qadın dənizçi kapitanı Şövkət xanım haqda eyniadlı filmdə çəkilmişəm. Hazırda teatrda Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” əsəri Ağalar İdrisoğlunun quruluşunda səhnələşdirilir. Orada Samir obrazını məşq edirəm. Aygün Həsənoğlunun “Gözlə məni, məktəb”, “Qara sandıq” əsərləri də səhnəyə hazırlanır”. Bu tamaşalarda da maraqlı rollarım var” deyə aktyor bildirib.

Link kopyalandı!
Son xəbərlər