Ekskluziv
868
19:28, Bu gün

"Avropa səmasında naməlum dronlar: hərbi bazalardan hava limanlarınadək" - "Bild"

"Hadisələrin ardıcıllığı qitənin təhlükəsizlik sistemində boşluqların olduğunu göstərir..."

Son günlər Avropa ölkələri üzərində peyda olan naməlum dronlar ciddi narahatlıq doğurur. Həm hərbi bazalar, həm də iri hava limanları bu "görünməz hücumların" hədəfinə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

Məlumatda deyilir ki, hadisələrin ardıcıllığı qitənin təhlükəsizlik sistemində boşluqların olduğunu göstərir.

Belçika: hərbi bazanın üzərində 15 dron

İlk həyəcan siqnalı Belçikadan gəlib. Müdafiə Nazirliyi bəyan edib ki, oktyabrın 3-nə keçən gecə saat 01:45 radələrində Lyej vilayətində, Almaniya sərhədinə yaxın yerləşən Elzenborn hərbi poliqonunun üzərində 15 naməlum dron qeydə alınıb. Ərazi təsadüfən izlənilib - həmin vaxt bazada pilotsuz aparatların aşkarlanması üçün yeni sistem sınaqdan keçirilib. Dronların daha sonra Almaniya ərazisinə keçdiyi və Düren şəhərində polis tərəfindən də görüldüyü bildirilir. Hadisənin arxasında kimin durduğu hələ də məlum deyil.

Almaniya: Münhen və Erdinqdə hava təhlükəsi

Oktyabrın 2-də naməlum dronlar Almaniyanın Münhen yaxınlığında iki strateji obyekt üzərində görünüb. Əvvəlcə axşam saat 19:30-da Erdinqdakı Bundesverin innovasiya mərkəzi və aviabazası üzərində qeydə alınan uçuş cəmi bir saat sonra Münhen hava limanına qədər davam edib.

Bu səbəbdən Almaniyanın ikinci ən böyük hava limanı təxminən yeddi saat ərzində fəaliyyətini dayandırmalı olub. Nəticədə 17 reys ləğv edilib, 15 təyyarə başqa şəhərlərə yönləndirilib. Təxminən 3 min sərnişin isə gecəni hava limanında keçirməyə məcbur qalıb.

Skandinaviya və Baltikyanı ölkələrdə oxşar hallar

Son həftələrdə oxşar hadisələr Danimarka, Norveç və İsveçdə də baş verib. Danimarkanın Olborq hava limanı cəmi bir neçə gün ərzində üç dəfə bağlanıb. Baş nazir Mette Frederiksen bunun sadəcə təsadüfi hadisə olmadığını, daha çox diversiya, kiberhücum və enerji infrastrukturuna zərər vurmaq planının tərkib hissəsi ola biləcəyini bildirib.

Ukraynalı mütəxəssis Sergey "Fleş" Beskrestnovun sözlərinə görə, bu dronlar havada birdən-birə peyda olmur - ya uzaq məsafədən NATO radarlarının izlədiyi marşrutla göndərilir, ya da birbaşa Avropa daxilində gizli qruplar tərəfindən buraxılır. Onun ehtimalına görə, bəzi uçuşlar Baltik dənizində üzən Rusiya gəmilərindən həyata keçirilə bilər.

Fransa və Putinin istehzası

Fransa dəniz qüvvələri sentyabrın sonunda Rusiya ilə əlaqəli olduğu deyilən "Boracay" adlı tankeri saxlayıb. Onun ekipajının dron uçuşlarına aidiyyəti araşdırılır. Bu gəmi Danimarka sahillərində peyda olanda region üzərində dəfələrlə naməlum dron müşahidə olunub. Rusiya prezidenti Vladimir Putin isə "Valday" forumunda məsələni istehzalı şəkildə şərh edib: "Artıq uçurmuram, nə Fransaya, nə Danimarkaya... Hətta Lissabona da. Bizim elə dronlarımız yoxdur ki, ora qədər çatsın".

NATO cavabsız qalır

Avropanın bir neçə ölkəsində müşahidə olunan bu "naməlum uçuşlar" təhlükəsizlik orqanlarını çaşqın vəziyyətdə qoyub. Almaniya hələlik dronları vurmaq imkanına malik deyil - 2010-cu ildən ləğv olunmuş hava hücumundan müdafiə sistemini indi yenidən qurmaq məcburiyyətindədir. Hadisələr isə göstərir ki, naməlum dronların Avropa səmasının "yeni silahı"na çevrilməsi çox da uzaqda deyil.

Link kopyalandı!
Son xəbərlər