Bizi sosial şəbəkələrdən izləyin:
“Və əlbəttə, Moldovada demokratik qüvvələrin qələbəsi Ukrayna üçün böyük uğurdur...”
“Əlbəttə, elədir. Moldova Ukrayna üçün çox əhəmiyyətli bir dövlətdir. Ukrayna Avropanın 5 dövləti ilə həmsərhəddir: Polşa, Slovakiya, Macarıstan, Moldova və Rumıniya... Bu mənada Moldova Ukraynanın kürəyidir... Slovakiya və Macarıstan hakimiyyətlərində isə müəyyən mənada rusbaş, yaxud ruspərəst adlandırıla biləcək qüvvələr var. Onlar Moskva ilə ilk baxışdan təbii qaz- yanacaq baxımından sıx əlaqədədirlər. Ancaq bilirik ki, bu əlaqələr həm də daha genişmiqyaslı, qeyri-rəsmi cinayətkar şəbəkələr vasitəsilə qurulur. Məsələn, narkotrafikin inkişafı ilə əlaqədar məlumatlar da ortaya çıxıb. Çünki 90-cı illərin ikinci yarısında müharibə başlayandan sonra Balkanlarda və bu bölgələrdə narkotik ticarəti artıb. Və bu xüsusilə Rusiya ilə bağlıdır. Həmin narkotrafiklər əsasən Macarıstan və Slovakiyadan keçir. Hətta Macarıstan baş naziri Viktor Orbanın ailəsinin üzvlərinin- qızının və kürəkəninin də bu işlərlə məşğul olması haqda Ukraynada çox ciddi məlumatlar mövcuddur. Bu mövzu ölkə mediası tərəfindən geniş şəkildə işıqlandırıldıqdan sonra Orban hökuməti Ukraynanın bəzi nəşr və qəzetlərinin yayımını dayandırdı. Ukrayna da ölkə ərazisində macarların böyük icmasının olmasından yararlanaraq separatçı çağırışlar edən bir sıra macar saytlarını bağladı.”
Kiyevdə yaşayıb fəaliyyət göstərən hərbi‑siyasi ekspert Elxan Nuriyev bu fikirləri Moderator.az əməkdaşının “Moldovada hazırkı prezident xanım Maya Sandunun komandasının növbəti dəfə parlament seçkilərində qalib gəlməsi Kremlin Moldova kimi Ukraynada da hakimiyyəti daxildən dəyişmə planlarının uğursuzluqla nəticələnəcəyinə inamı gücləndirirmi?” sualını cavablandırarkən dilə gətirib.
“Onu da deyim ki, xanım Sandunun qələbəsi özü üçün də bir qədər gözlənilməz idi. Çünki heç özü də belə bir nəticəyə - partiyasının 50, 2 faiz səs yığacağına və təkbaşına parlamentə sahib olacağına inanmırdı. Amma xanımın qalib gələcəyini hamı gözləyirdi. Və əlbəttə, Moldovada demokratik qüvvələrin qələbəsi Ukrayna üçün böyük uğurdur. Bu ölkə həm də Rusiyanın zəbt etməyə çalışdığı Odessa vilayəti ilə qonşudur. Dnestryanı bölgə amili var və s. Amma Putinin cəhdləri baş tutmadı və bir zəif cüssəli xanım bir daha onun Moldovada demokratik hakimiyyəti devirmək üçün xərclədiyi milyardları batırdı”, - deyə Elxan Nuriyev vurğulayıb.
Sultan Laçın