Ermənistan ölkə ərazisində yeni Atom Elektrik Stansiyası (AES) inşa etmək niyyətindədir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Paşinyan qeyd edib ki, bununla bağl beş ölkə ilə danışıqlar aparılır. Habelə, işçi qrupu AES inşası üçün müvafiq yer seçmək üçün Ermənistanın müxtəlif bölgələrinə səfərlər edir.
Xatırladaq ki, Ermənistan uzun müddətdir ki ,enerji çatışmazlığından əziyyət çəkir. Ölkədəki demək olar ki, bütün elektrik stansiyaları, eləcə də Metsamor AES köhnə texnologiya əsasında fəaliyyət göstərdiyi üçün mövcud tələbatı ödəyə bilmir. Buna görə də Ermənistan yeni AES inşa etməklə enerji böhranından xilas olmağa çalışır. Lakin Ermənistanın enerji böhranını həll etmək istəyi region üçün fəlakətə səbəb ola bilər.
Hər şeydən öncə qeyd edək ki, AES-in xüsusiyəti onun fəaliyyətinə ikiqat həssaslıqla yanaşmağı, onu hər cür təhdid və təhlükələrdən sığortalamağı tələb edir. Bura bir bütün təhlüklərlə yanaşı, həm də seysmik aktivlik təhlükəsi daxildir.
Sirr deyil ki, Ermənistan seysmik baxımdan aktiv zonada yerləşir və burada demək olar ki, hər il ciddi təkanlar qeydə alınır. Belə olan halda Ermənistanda yeni AES-in inşası sadəcə bu ölkənin deyil, bütün regionun həyatını riskə atmaq deməkdir.
İkincisi, Ermənistanda inşa ediləcək yeni AES-in tullantılarının harda basdırılacağı məsələsi öz həllini tapmayıb və tapması ehtimalı da kifayət qədər müşküldür.
Metsamor AES-nin tullantıları ilə bağlı da kifayət qədər narahatverici məqamlar mövcuddur və bu problem də öz həllini tapmayıb. Belə olan halda balaca Ermənistanda ikinci AES-in fəaliyyətə başlaması Cənubi Qafqazda ekoloji gərginliyi artıracaq ki, bu da bütün insanlığın təhlükəsizliyi baxımından arzuedilməzdir.
Üçüncüsü, müasir AES-lərin fəaliyyəti son dərəcə təcrübəli kadrlar tələb edir ki, Ermənistanda bu cür kadrlar mövcud deyil. Bu isə böhran anlarında AES-in fəaliyyətinin tənzimlənməsi, onun regiona verəcəyi zərərlərin qarşısının alınmasını çətinləşdirir.
Xatırladaq ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda AES-in inşasına qarşı çıxmış, Ermənistandakı Metsamor AES-nin fəaliyyətinin dayandırılması üçün beynəlxalq ictimaiyyətə müraciətlər ünvanlamışdı. Ulu öndər hesab edirdi ki, Cənubi Qafqaz regionunda AES-in insanlara vuracağı ziyan verəcəyi xeyirdən çox olacaq. Bu səbəbdən də Ümummilli lider regionda AES-lərin inşasını təqdir etməmişdir. Belə olan halda Ermənistanın enerji çatışmazlığını qısa yoldan – yeni AES hesabına həll etmək istəyi Cənubi Qafqaz üçün yeni təhdid deməkdir və bu təhlükənin aradan qalxması üçün bütün region dövlətlərinin, eləcə də İran və Türkiyənin həmrəylik sərgiləməsi, bu təhlükəli layihəyə birlikdə “yox” deməsi vacibdir.
Seymur ƏLİYEV