"ABŞ liderinin çox gec olsa da, Qəzzada Sülh planı ilə bağlı yeni bir addım atması müəyyən qədər ümid yaradır ki, bəlkə artıq Qəzzada 70 minə yaxın insan qətlə yetirildikdən, bəlkə də 200 minə yaxın insan şikəst olduqdan, itkin düşdükdən sonra, on minlərlə uşaq ata-anasız qaldıqdan sonra bunları gözü qandan doyub və nəhayət, bölgədə sülh yaranacaq…”
Moderator.az-a verdiyi açıqlamada Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu İsrailin Qəzzaya qarşı apardığı təcavüzkar siyasəti və bunun dünya dövlətlərinin, xüsusilə güclü dövlətlərin maraqlarına necə xidmət etdiyini və BMT Baş Assambleyasının son sessiyasında Türkiyə başda olmaqla bir sıra dövlət liderlərinin Netanyahu hakimiyyətini sərt tənqid etməsindən sonra onun dinc Fələstin xalqına qarşı apardığı artıq 66 mindən çox insanın qətli ilə nəticələnmiş qırğını durdura biləcəyi ehtimalını şərh edib.
Mirəlioğlu bildirib ki, Qəzzada baş verənlər və bu münaqişənin davam etməsi, faktiki olaraq, dünya dövlətlərinin, xüsusilə də hegemon dövlətlərin nəzarətindədir:
“Bu məsələlər, əslində, onların birbaşa layihələridir, hər birinin əlinə verilən idarəetmə mexanizmləridir. İstər Qəzza, istərsə də Ukrayna ilə bağlı o müdhiş layihələrin, projelərin sahibləri özləri “dur” demədikcə, onları dayandırmaq mümkün deyil, bu qırğınlar bitməyəcək. Bu gün dünyada bu məsələlərdə böyük bir parçalanma var.”
KXCP sədri həmçinin müharibələrin və digər qlobal problemlərin bu layihələrin bir parçası olaraq baş verdiyini vurğulayıb:
“Görünən odur ki, müharibələr dünyanın resurslarını bölüşdürmək və əhalinin sayını tənzimləmək məqsədilə həyata keçirilir. Həmçinin, “COVID-19” pandemiyası kimi sağlamlıq məsələləri də bu strateji planların tərkib hissəsidir. Bu müharibələrin, xüsusilə Rusiyanın Ukrayna, postsovet, hətta Avropa məkanına qarşı işğalçı siyasətinin və İsrailin bütün etirazlara rəğmən regionda meydan sulayaraq Qəzzadakı soyqırımını davam etdirməsinin ardında hər bir dövlətin öz maraqları və məqsədləri durur.”
Partiya sədri Türkiyə Cumhuriyyəti və prezident Rəcəp Tayyib Ərdoğanın bu məsələləri daim gündəmdə saxladığını qeyd edib, amma maraqlı bir detalın da olduğunu söyləyib:
“Türkiyənin ən aparıcı mövzusu Qəzza olsa da, heç vaxt görmürük ki, Ərdoğan və ya digər türk rəsmləri, Fələstin prezidenti Mahmud Abbasdan danışsın. Axı o da bu məsələlərdə iştirak edən bir liderdir. Lakin dünya siyasi arenasında ikili standartlar açıq-aydın görünür. Bir tərəfdən hər kəs sülh istəyir, amma digər tərəfdən konkret addımlar atmırlar.”
BMT Baş Assambleyasının son sessiyasında Qəzza və Ukrayna ilə bağlı edilən etirazları da şərh edən Mirəlioğlu, bu etirazların təsirini şübhə altına alıb: “BMT-də edilən etirazlar əlbəttə ki, diqqətəlayiqdir, amma bunlar baş verənlərə nə qədər real təsir göstərir? Bizim və dünya ictimaiyyətinin bu məsələyə münasibət bildirməsi nə qədər əhəmiyyətlidir? Sanksiyalar gündəmə gəlir, amma bu sanksiyalar praktiki olaraq həyata keçirilmir.”
Mirəlioğlu son üç ayda baş verən diplomatik görüşlər və Putinin Tramp ilə görüşü kimi hadisələri də misal göstərərək, bunların artıq əvvəlcədən məlum olan nəticələri olduğunu vurğulayıb:
“Uşaq da bilirdi ki, Putin ilə hər hansı bir razılaşma mümkün olmayacaq. Amma dünya liderləri bu məsələləri həll etməyə çalışarkən, heç bir konkret nəticə əldə etmir. Bu, sanki bir yol xəritəsidir, amma hər mərhələdə irəliləyiş olmur.”
Siyasətçi Tehran rejiminin son proseslərdə, xüsusən də Qəzzadakı insan faciələri ilə paralel İsrailin Qətər dövlətinə hücumu zamanı özünü necə təqdim etdiyini də gündəmə gətirib:
“Haradadır bəs özünü duyan və hər gün Amerikaya, İsrailə ölüm deyən Tehran rejimi? Bu günə qədər İslam İnqilabının idealları ilə çıxış edən bu rejimin reaksiyaları haradadır? Suallar çoxdur və cavablar bəllidir. Lakin dünya gücləri bu məsələyə müdaxilə etməyə, real addımlar atmağa nə qədər hazırdır? Dünyanın imkanları geniş olsa da, məsələyə münasibət bildirmək və bunun ardında konkret əməliyyatlar həyata keçirmək, görünən odur ki, hələ mümkün olmur.”
Mirəlioğlu dünya dövlətlərinin bu məsələyə yanaşmasında əsas problemin simvolik etirazlarla kifayətlənməsi olduğunu söyləyib:
“Dünyada güc sahibləri məsələyə yalnız sözlə yanaşır, amma real dəyişiklik yaratmaq üçün heç bir ciddi addım atmaq istəmir. Diplomatik görüşlər keçirilir, amma hər kəsin maraqları fərqlidir və hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmur.”
Ərəb ölkələrinin bu məsələyə münasibətini tənqid edən Mirmahmud Mirəlioğli Qətərə edilən hücumlara qarşı belə, reaksiya göstərməyən ərəb ölkələrini də tənqid edib:
“Haradadır bu ölkələr? Niyə onların reaksiyaları çox zəifdir? Hətta Qətərə edilən hücum zamanı belə, heç bir ciddi addım atılmadı. Bunun özü də məsələnin nə qədər mürəkkəb olduğunu göstərir.”
Siyasətçi son olaraq, ABŞ prezidenti Donald Trampın İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Qəzza ilə bağlı yeni Sülh planı irəli sürməsindən danışıb:
“ABŞ liderinin çox gec olsa da, belə bir addım atması müəyyən qədər ümid yaradır ki, bəlkə artıq Qəzzada 70 minə yaxın insan qətlə yetirildikdən, bəlkə də 200 minə yaxın insan şikəst olduqdan, itkin düşdükdən sonra, on minlərlə uşaq ata-anasız qaldıqdan sonra bunları gözü qandan doyub və nəhayət, bölgədə sülh yaranacaq. Ancaq dediyim kimi, Qəzza ilə, Fələstinlə bağlı projenin sahibləri “dur” deməyincə, bu soyqırım durmayacaq. Onun sahibi Tramp və Netanyahudurmu? Onu deyə bilmərik…”
Sultan Laçın