"Qərbin maliyyə basqısı ilə Kremlin cavab hədələri qarşıdurmanı iqtisadi müstəviyə daşıyır..."
Oktyabrın 1-də "Böyük yeddilik" (G7) ölkələrinin maliyyə nazirləri görüş keçirərək Rusiyaya qarşı təzyiqləri artırmaq və Ukraynaya dəstək üçün yeni mexanizmləri müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
Dondurulmuş aktivlər Ukraynaya veriləcək
G7 bəyanatında bildirilib ki, Moskvanın dinc əhaliyə hücumları, NATO hava məkanını pozması və Ukraynadakı hökumət-diplomatik binaları vurması qəbuledilməzdir. Müzakirələrin əsas mövzusu dondurulmuş Rusiya aktivlərinin istifadəsi olub. Yalnız Avropada Rusiyanın təqribən 210 milyard avro dövlət vəsaiti bloklanıb. Bu pulların tam istifadəsi artıq açıq şəkildə gündəmə gətirilir.
Bundan başqa, Rusiya neftinə qarşı sanksiyaların gücləndirilməsi və Rusiya məhsullarının idxalının mərhələli şəkildə dayandırılması planlaşdırılır. ABŞ Senatında isə respublikaçı senator Con Kennedi Rusiyanın aktivlərindən hər ay Ukraynaya 10 milyard dollar ayrılması təşəbbüsü ilə çıxış edib.
Rusiyada əcnəbi şirkətlər milliləşdiriləcək
Eyni vaxtda Kreml Qərbin mümkün addımlarına cavab planı hazırlayır. "Bloomberg" nəşrinin məlumatına görə, Rusiya Avropanın rus aktivlərini müsadirə edəcəyi təqdirdə ölkədə qalan xarici şirkətlərin əmlakını milliləşdirib sürətlə satmağı planlaşdırır.
Sentyabrın 30-da Vladimir Putin bunun üçün xüsusi fərman imzalayıb. Sənəd dövlət əmlakının və həmçinin xarici şirkətlərə məxsus obyektlərin "sürətlə özəlləşdirilməsinə" imkan yaradır. Prosesin əsas operatoru kimi "Promsvyazbank" dövlət bankı təyin olunub. Yeni qaydalara görə, aktivlərin qiymətləndirilməsi 10 gün içində aparılır, satış isə çox qısa müddətdə reallaşdırılır.
Hazırda Rusiyada yüzlərlə Qərb şirkəti, o cümlədən "UniCredit", "Raiffeisen Bank", "PepsiCo", "Mondelez" şirkəti fəaliyyətini davam etdirir. Onların əmlakı potensial hədəf sayılır. Hüquq firmalarının hesablamasına görə, 2022-ci ildən bəri Kremlin müsadirə etdiyi aktivlərin ümumi dəyəri 48 milyard dolları ötüb.
Avropa və ABŞ-ın yeni mexanizmləri
Qərb uzun müddət dondurulmuş aktivlərin birbaşa müsadirəsi ətrafında tərəddüd edib. Hazırda əsas model bu vəsaitlərin gəlirlərindən istifadə etməkdir. Məsələn, Avropa İttifaqı artıq Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına milyardlarla avro yardım ayırıb.
Son aylar ABŞ administrasiyasının - Donald Trampın birbaşa maliyyə dəstəyini dayandırmasından sonra Avropa əsas yükü öz üzərinə götürüb. Danimarkada keçirilən Avropa İttifaqı sammitində Ukraynaya 140 milyard avro kredit paketi üçün məhz bu vəsaitlər bazis kimi nəzərdə tutulub.
Beləliklə, Qərbin dondurulmuş Rusiya pullarını Ukraynaya yönəltmək planı artıq konkret mərhələyə daxil olub. Moskva isə öz növbəsində Qərb şirkətlərini girov saxlayır, onların aktivlərini milliləşdirməklə hədələyir. Bu "aktivlər savaşı" həm Ukrayna müharibəsinin maliyyə cəbhəsini, həm də beynəlxalq iqtisadi nizamı ciddi sınağa çəkir.