“Həmin gün Rusiyanın Ukraynaya atdığı raket və dronların 95 faizi məhv edildi...”- Elxan Nuriyev
Ekskluziv
773
12:02, Bu gün

“Həmin gün Rusiyanın Ukraynaya atdığı raket və dronların 95 faizi məhv edildi...”- Elxan Nuriyev

“Putin ordusunun bu cür hücumları müharibənin ümumi gedişatına, strateguyasına təsir etmir. Çünki bu tip hücumlar yalnız Rusiya ictimaiyyətinə müharibəyə davam etdirildiyini göstərmək məqsədi daşıyır...”
 
“Hazırda Rusiya-Ukrayna cəbhəsində vəziyyət Birinci Dünya müharibəsində olduğu kimidir. Səngər döyüşləri gedir. Dobropolye istiqamətində ağır döyüşlər aparılır. Rusiya Silahlı Qüvvələri Trampa “söz verdikləri” kimi, Donbas vilayətini tam şəkildə işğal etməyə çalışırlar. Ancaq heç nə alınmır. Rusiya telegram-kanallarının yazdıqlarına görə,  Baş Qərargahdan gələn son məlumatlar bundan ibarətdir ki, rus taktikası özünü doğrultmur, heç bir operativ və əhəmiyyətli uğur yoxdur”. 
 
Bunu Moderator.az-a açıqlamasında Kiyevdə yaşayıb fəaliyyət göstərən hərbi-siyasi ekspert, polkovnik Elxan Nuriyev söyləyib.
 
“Ukrayna Silahlı Qüvvələrinin  Baş komandanı general Aleksandr Sırskinin dünən verdiyi məlumatlara görə, Dabropolye yaxınlığında mindən çox rus əsgəri mühasirəyə düşüb. Üstəlik, məlumatlar göstərir ki, orada üçqat mühasirə əməliyyatı həyata keçirilir. Üç qat mühasirə dedikdə, bir ərazinin üç hissəyə bölünməsi nəzərdə tutulur. Rusiya ordusunun burada itkiləri çox böyükdür. Son əməliyyatlar nəticəsində 3 minə yaxın rus əsgəri itirilib. Prezident Zelenski də öz çıxışında isə geriyə dönüşü olmayan itkilərdən bəhs edib.  Yəni düşmən əsgərlər öldürülüblər. Təxminən 1000 nəfəri əsir düşüb, minə yaxını isə mühasirə vəziyyətində çabalaya-çabalaya qalıblar. 
 
Rusiya mənbələri Xarkov istiqamətində rusların guya şəhərə 20 km yaxınlıqdakı kəndlərə girmək üzrə olduğu bildirilir. Amma döyüşdə “girmək üzrə” anlayışı uğur sayılmır. Gərək hansısa məntəqəyə daxil olub nəzarəti tam ələ götürəsən. Rus ordusu da ora-bura vurnuxur, ancaq döyüşlərin gedişatına təsir edən ciddi uğurlar əldə edə bilmirlər. Ukrayna ordusu buna imkan vermir.  Sadəcə, Putinin təzyiqləri altında rus komandirlər zorla da olsa, böyük itkilər hesabına olsa da, bir qarış da olsun, irəliləməyə çalışırlar. Çünki Putin də Rusiya xalqına nəsə nümayiş etdirməlidir”, -deyə davamında ekspert diqqətə çatdırıb. 
 
Həmsöhbətimiz Rusiyanın birbaşa, üzbəüz quru əməliyyatlarında hansısa ciddi strateji uğur əldə etmək istiqamətindəki bütün cəhdlərinin boşa çıxdığını izah edib. 
 
“Həmçinin, daxili məsələlər də Rusiya ordusunun və Putinin özünün əleyhinə işləyir. Həm ərzaq qıtlığı, həm də yanacaq çatışmazlığı, maliyyə qıtlığı mövcuddur. Bütün bu biabırçılıqlar fonunda nəsə göstərməlidir. Və son vaxtlar Dnepropetrovsk, Zaporojye, Xarkov istiqamətlərinə də ağız atır ki, hər tərəfdən bir şey qamarlayıb özünü guya qalib kimi aparsın. Bu cəhdləri də uğurlu alınmır. Bu səbəbdən də Kreml Ukraynanın daxilinə, döyüş getməyən dinc yaşayış məntəqələrinə ağır raket və dron zərbələri endirir. Düzdür, Rusiya tərəfindən edilən raket və dron hücumları nəticəsində ciddi dağıntılar baş verir. Əhali arasında da itkilər olur. Lakin bütün bunlar da Ukrayna xalqının və ordusunun ümumi əhval-ruhiyyəsinə ciddi təsir gəstərərək hərbi əməliyyatların istiqamətini rusların xeyrinə dəyişə bilmir. Məsələn,  sentyabrın 29-da Ukraynaya qarşı 643 müxtəlif raket və dron zərbələri həyata keçirildi, bunların 600-ü dron idi, qalanları isə raketlər idi. Onlardan 611-i, yəni 95 faizi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edildi.  Və bir daha deyirəm ki, Putin ordusunun bu cür hücumları müharibənin ümumi gedişatına, strateguyasına təsir etmir. Çünki bu tip hücumlar yalnız Rusiya ictimaiyyətinə müharibəyə davam etdirildiyini göstərmək məqsədi daşıyır”, - Elxan Nuriyev vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər