Ekskluziv
1184
13:54, Bu gün

"Bizim qapımız açıqdır, hər addımında Moldovanın yanındayıq" - fon der Lyayen

 
"Moldovada seçkilərdə Sandunun partiyası qalib gəlib, Moskva tərəfdarları uduzub..."
 
Moldovada keçirilən parlament seçkilərində prezident Maya Sandunun rəhbərlik etdiyi "Fəaliyyət və Həmrəylik Partiyası" (PAS) qələbə qazanaraq Avropa İttifaqına inteqrasiya kursunu davam etdirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Məlumada deyilir ki, ilkin nəticələrə görə, PAS yeni parlamentdə 101 yerdən 54-nü əldə edib. Bu, əvvəlki çağırışdakı 61 deputatdan az olsa da, yenə də mütləq çoxluq hesab olunur. Digər Avropayönümlü "Alternativ" bloku səkkiz mandat qazanıb. 
 
Ən böyük məğlubiyyətə isə rusiyayönümlü qüvvələrinə məxsus "Vətənpərvər blok" düçar olub. Onlar 24,19 faiz səs toplayaraq 27 mandat əldə etsələr də, Sandunun partiyasına qarşı üstünlük qazana bilməyib. Bu blokun tərkibinə sabiq prezidentlər İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər, Vladimir Voroninin Kommunistlər partiyası və keçmiş baş nazir Vasili Tarlevin "Moldovanın gələcəyi" partiyası daxildir.
 
Parlamentə, həmçinin milli-mühafizəkar Vasile Kostyukun rəhbərlik etdiyi və Moldova ilə Rumıniyanın birləşməsini müdafiə edən "Evdə demokratiya" partiyası və populist Renato Usatının "Bizim oartiya"sı da daxil olub. Usatı seçkilərdən sonra "Biz nə ruslarla, nə də PAS-la evlənəcəyik", -  deyə bildirib.
 
Seçkilər və qalmaqallar
 
Kampaniya gedişində tərəflər bir-birini saxtakarlıq hazırlığında ittiham edib. Səsvermədən əvvəl onlarla adam kütləvi iğtişaşlar planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb. Uzun müddətdir ölkədə Rusiyada gizlənən iş adamı İlan Şorun təsirindən də danışılır. İddialara görə, onun qurduğu şəbəkə Moskvanın vəsaitləri ilə seçiciləri pulla ələ alaraq seçkilərə təsir göstərməyə çalışıb. BBC jurnalistləri apardıqları araşdırmada bu "Şor şəbəkəsinin" Rusiyadan gələn pullarla dezinformasiya yaymaqla seçkilərə müdaxilə etdiyini təsdiqləyib.
 
Rusiya təsiri və etiraz çağırışları
 
Səsvermənin nəticələri elan olunmamışdan əvvəl belə, Dodon PAS-ın "səslərin mütləq çoxluğunu əldə etmədiyini" əsas gətirərək qələbə iddiası edib. Lakin nəticələr PAS-ın mütləq çoxluq qazandığını göstərib. Dodon və Tarlev tərəfdarlarını bazar günü seçki komissiyasının binası önündə etiraza çıxarıb. Ertəsi gün isə "Vətənpərvər blok" nümayəndələri parlament qarşısında mitinq çağırışı edib.
 
Avropanın reaksiyası
 
Seçkilərin nəticələri Avropa liderləri tərəfindən alqışlanıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Moldova, yenə bacardın!" deyərək ölkənin Avropa, demokratiya və azadlıq yolunu seçdiyini vurğulayıb. O, "Bizim qapımız açıqdır, hər addımında sənin yanındayıq" sözləri ilə dəstəyini ifadə edib. Avropa Şurasının sədri Antoniu Koxta Moldovanın "Rusiya təzyiqi və müdaxiləsi qarşısında demokratiya, islahatlar və Avropa gələcəyini seçdiyini" bildirib.
 
Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas isə Rusiyanı açıq şəkildə tənqid edərək yazıb: "Moskvanın dezinformasiya və səsalma cəhdlərinə baxmayaraq, azadlığa can atan xalqı heç bir güc dayandıra bilməz". Fransa prezidenti Emmanuel Makron isə Rusiyanın adını çəkməsə də, Moldovanın "təzyiqlərə rəğmən azadlıq və suverenlik yolunu təsdiqlədiyini" bildirib.
 
Unioni̇stlərin yüksəlişi
 
BBC-nin müxbiri Svyatoslav Xomenkonun qeyd etdiyi kimi, seçkilərin ən böyük sürprizi Kostyukun "Evdə demokratiya" partiyası olub. Favorit sayılmayan bu təşkilat 5 faizlik baryeri aşaraq altı mandat qazanıb və parlamentdə mühüm gücə çevrilib.
 
Partiya Rumıniyada son illərin sensasiyası sayılan AUR ilə tərəfdaşlıq edir. Onun lideri, populist Corce Simion sosial şəbəkələrdə Moldova vətəndaşlarına bu partiyaya səs verməyi tövsiyə edib. Kostyukun partiyası da AUR kimi "TikTok" alqoritmlərindən uğurla yararlanır, təxribatçı videoları ilə diqqət çəkir.
 
İdeoloji baxımdan Kostyuk həm unisionistdir, yəni Moldova ilə Rumıniyanın birləşməsini dəstəkləyir, həm də "trampçı" mövqeyə malikdir. O, Ukraynaya şərtsiz dəstəyə skeptik yanaşır və "ənənəvi dəyərlərin" müdafiəçisi kimi çıxış edir. Rumıniya mediası bir zamanlar Kostyukun Rusiyada biznes apardığını da yazıb.
 
Moldovada seçkilər Avropa ilə Moskva arasında seçim kimi qiymətləndirilib. Sandunun partiyası qələbə qazanaraq ölkəni Avropa yolunda saxlayıb, lakin Rusiyayönümlü qüvvələr də parlamentdə mühüm təmsilçilik əldə edib. Yeni siyasi səhnədə gözlənilməz güc isə unisionist və trampçı Kostyukun partiyası olub.
Link kopyalandı!
Son xəbərlər