“Tofiq Quliyev mənə ev vermişdi, Firəngiz Əlizadə nə yola saldı, nə də zəng edir”-FOTO+ÖZƏL
Ekskluziv
1618
11:58, Bu gün

“Tofiq Quliyev mənə ev vermişdi, Firəngiz Əlizadə nə yola saldı, nə də zəng edir”-FOTO+ÖZƏL

“Bəstəkarlar İttifaqındakı katiblikdən çıxmışam. Çox adamlar zəng edib mənə bu sualı verirlər ki, sizi görmürük, yaxşısız? Bizdə hər 5 ildən bir katiblikdə seçkilər keçirilir. Mən 12 ildir katib idim. Düşünürəm ki, bəs edir, öz missiyamı yerinə yetirdim. İttifaqda iki katib var idi-Cəlal Abbasov və mən. Cəlalın yerinə Elnarə Dadaşova, mənim də yerimə Leyla Zöhrabova seçildi. Əlbəttə ki, nəsil dəyişilməlidir. Özüm də istəyirdim ki, nə vaxtsa gedim. Mən o illərdə konservatoriyadan öz ərizəmi yazaraq işdən çıxmışam. Bunu heç kəs etməz. 1992-ci ildə vəziyyət çox ciddi idi. Rektorumuz məni çağırırdı ki, sizin tələbələr meydanlara gedir, belə edirlər, elə edirlər. Ona dedim ki, mən də onlarla birgə meydanlara gedirəm, onların valideynləri də. Həm də deyirdilər ki, yükün azdır. Ərizəmi yazdım ki, belə şəraitdə işləyə bilmərəm. Düz 1 il məni buraxmadılar. İnanmadılar ki, insan öz xoşuna vəzifədən gedə bilər? Vaxtında getmək hamısından yaxşıdır. Deməsinlər ki, Zemfira xanım bu yaşda nə qədər işləyir, nə vaxt gedəcək?”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, musiqişünas Zemfira Qafarova deyib.
 
“İttifaqın sədri, xalq artisti Firəngiz xanım Əlizadə gedərkən sizi təntənəli sürətdə yola saldımı?” sualına isə musiqişünas belə cavab verib:
 
“Xeyr, bunu nə o illərdə konservatoriya etdi, nə də ki, Bəstəkarlar İttifaqı. Amma mənim yubileylərimi qeyd ediblər. Mən konservatoriyada 60 il işləmişəm. Çıxanda bir kağız parçası da vermədilər. Həmçinin də ittifaq. Mən heç kimdən heç nə gözləmirəm. Mənə bu kifayətdir ki, bir çox insan mənə zəng edib soruşur ki, sizi görmürük? Bunun özü bilirsiniz nədir? Mən musiqimizin parlaq dövründə fəaliyyətə başlamışam. Əlbəttə ki, musiqimizi bu dövrlə müqayisə edəndə fikirləşirəm ki, nə yaxşı ki, o dövrdə oxumuşam, çalışmağa başlamışam. Bəstəkarlar İttifaqında o vaxt sədr Tofiq Quliyev idi. Mən də 1983-cü ildən ittifaqın üzvüyəm. Orada necə qaynar musiqi həyatı var idisə onu mən bilirəm. Bir də sənətkarlara diqqət var idi. Təsəvvür edin ki, mən gənc musiqişünas bir xanım idim. Ailəmlə, iki övladımla birgə birotaqlı evdə yaşayırdım. Mövcud vəziyyəti Tofiq müəllimə dedim. Məni o vaxt Moskva konservatoriyasına təcrübə keçməyə göndərmişdilər. Bir də gördüm ki, Tofiq Quliyev məni axtarır. Özü zəng edib dedi ki, sənə ev verilir, hardasan?! Mənim heç yadımda deyil ki, ərizə yazmışdım ya yox? Rauf Hacıyevin dövründə maşın məsələsi çox çətin idi. Hər kəs ala bilmirdi. O mənə növbədənkənar maşın verdi. Belə bir dövrdə fəaliyyətə başlamışam. İndi siz soruşursunuz ki, səni yola saldılar ya yox? O dövr olsaydı bəlkə də yola salardılar. Yola salmaq bir yana qalsın, Firəngiz xanım heç olmasa telefonu götürüb bir zəng də etmir” deyə o bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər