Bizi sosial şəbəkələrdən izləyin:
“Hazırda iTayvan problemi Çin ilə ABŞ üçün bir-birlərinə təzyiq vasitəsidir...”
Çin lideri Si Cinpin iki ölkə arasında ticarət razılaşmasının şərti kimi ABŞ prezidenti Donald Trampdan Tayvanın müstəqilliyinə qarşı açıq mövqe ortaya qoymasını istəyib. Co Baydenin prezidentliyi dövründə ABŞ Tayvanın müstəqilliyini dəstəkləməsə də, bu mövqe artıq Si üçün kifayət etmir. Mənbələrin bildirdiyinə görə, Çin lideri Trampdan Tayvanın müstəqilliyinə qarşı olduğunu rəsmi bəyan etməyi tələb edir. Si Cinpin həmçinin ticarət razılaşması üzrə danışıqlardan Amerika prezidentinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırır.
Görəsən, bunu necə şərh etmək olar?..
Siyasi analitik Teymur Qasımlı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
“Əvvəla, Tayvan probleminin kökü dərindir. Oraya ilk dəfə avropalılar gəlib, sonra Çin oranı işğal edib. Tayvanın uzun müddət sahibi Çin olub. Sonra bir müddət Yaponiya, daha sonra yenidən Çin... Tayvan problemi əsasən Çində vətəndaş müharibəsi(1925-1949) bitəndən sonra aktivləşməyə başlayıb. 1949-cu ildə Çan Kayşi tərəfdarları məğlub olandan sonra o, məhz Tayvana qaçdı və orada ABŞ-ın dəstəyi ilə Çin Respublikası adlı dövlət yaratdı. O dövrkü ABŞ milli təhlükəsizlik doktrinasına əsasən Çindəki vətəndaş savaşında sosialistlər qalib gəldiyinə görə Tayvana dəstək verilməli idi ki, orada sosializm qurulmasın...
Hazırda isə Tayvan problemi Çin ilə ABŞ üçün bir-birlərinə təzyiq vasitəsidir. Bu gün əsasən Afrika və Latın Amerikası ölkələri olmaqla Tayvanın müstəqilliyini bir çox dövlətlər tanıyır. Lakin bu o qədər də önəmli görünmür. Əlbəttə, Birləşmiş Ştatlar Tayvanı dövlət kimi tanımasa da, ona dəstək verir. Hazırda Tayvanın Vaşinqtonda nümayəndəliyi fəaliyyət göstərir. Bayden kimi Tramp administrasiyası da Tayvanın müstəqilliyini tanımadığını bəyan edib. Fəqət bu da heç bir şeyi dəyişmir. Yəni Tayvan problemi ABŞ və Çin arasında təzyiq və siyasi alver vasitəsi kimi qalmaqda davam edir. Ona görə də Tramp və Si Cinpin bu amildən ticarət razılaşmaları üçün də yararlanır. Və dediyim kimi, ABŞ Tayvanı dövlət kimi tanımasa da, ona siyasi, iqtisadi və hərbi dəstək verir. Yəni Amerika bu dəstəyini çəkərsə, Çin asanlıqla müxtəlif vasitələr tətbiq edərək Tayvanı öz ərazisinə qata bilər. Onsuz da Pekin mütəmadi olaraq bu arzusunu ifadə edir. Siyasi, iqtisadi planlar, hərbi əməliyyatlar hazırlayır, amma onu həyata keçirə bilmir, çünki ortada Birləşmiş Ştatların Tayvana yetərli dəstəyi var. Tayvan probleminin həlli Çinin ABŞ-la razılaşmalarından keçir. Ona görə də hələlik Tramp və Si Cinpinin son qarşılıqlı bəyanatlarının elə bir önəmi yoxdur...